PUTİN SOÇİDƏ RUS QOŞUNLARINI QARABAĞA YERLƏŞDİRMƏYƏ ÇALIŞIB - “New York Times”dan sensasion İDDİA

"Əliyev ölkədə olmayanda ermənilər üç tərəfdən hücum etdi- Rusiyanın razılığı olmadan onların belə hücum həyata keçirmə ehtimalı azdır"

"Açıq müharibənin yenidən başlaması Rusiyaya sülhməramlılar adı altında regiona yeni qüvvələr yeritmək üçün bəhanə verəcək"

“The New York Times” qəzetinin bu günkü sayında bir müddət əvvəl Dağlıq Qarabağda baş verən gərginliyin səbəbləri və bunda Rusiyanın roluna dair sensasion məqalə dərc edilib. Məqalənin müəllifi İsrailin Hayfa Universitetinin professoru və ABŞ-ın Corctaun Universtetinin araşdırmaçısı Brenda Şafferdir. Məqalənin tərcüməsini oxuculara təqdim edirik:

***

Ukrayna Rusiyanın suyu bulandırdığı yeganə yer deyil. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Moskva qonşu ölkələrdə ənənəvi olaraq separatçıları dəstəkləyir və həmin ölkələri onun diqtəsi altında yaşamağa məcbur etməyə çalışır. Rusiyanın sonuncu belə səyləri Cənubi Qafqazda müşahidə edilməkdədir.

Son həftələrdə Moskva Ermənistanla Azərbaycan arasındakı çoxdankı münaqişəni qızışdıraraq hər iki tərəf üçün sülhməramlı rol oynamağa çalışdı. Avqustun əvvəlində, məhz Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə çağırdığı sammit ərəfəsində təmas xəttində baş verən şiddətli döyüşlərdə 40-a yaxın azərbaycanlı və erməni əsgər həlak oldu.

Cənubi Qafqaz uzaq görünə bilər, lakin region Rusiya, İran və Türkiyə ilə sərhəddir. Rusiyadan yan ötən və Mərkəzi Asiya ilə Avropanı birləşdirən neft-qaz kəmərləri bu regiondan keçir. Qərb məmurlarının Rusiyanın 2008-ci ildə qısamüddətli müharibə zamanı Cənubi Osetiya və Abxaziyanı Gürcüstandan qopardığı kimi indi də Ukraynanın Krım bölgəsini ələ keçirməsinin ardınca regionun daha bir hissəsini zəbt etməsinə imkan verə verməyə haqları yoxdur.

Azərbaycanla Ermənistan arasında münaqişə yeni deyil. 1992-1994-cü illər ərzində gedən müharibədə Ermənistan etnik ermənilərin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətinə nəzarəti ələ keçirib. Müharibə rus ordusu ilə yüksək dərəcədə inteqrasiyada olan erməni qüvvələrinin qələbəsi ilə başa çatıb.

Bu müharibə 30 min insanın ölümünə, 1 milyona yaxın insanın qaçqın düşməsinə səbəb olub.

Hələ indiyə qədər Ermənistan Dağlıq Qarabağ və ona bitişik bir neçə rayon da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinə nəzarət edir. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq hərbi toqquşmalar tez-tez baş verir və Rusiya qoşunları Ermənistandakı Hava Hücumundan Müdafiə sistemlərini işə salır.

Moskva həmçinin Ermənistan iqtisadiyyatının və infrastrukturunun mühüm elementlərinə nəzarət edir.

Əgər daha konkret danışsaq, Rusiya bu münaqişəni həmişə canlı saxlamağın yollarını tapıb. 1990-cı illərdə Ermənistan və Azərbaycan üç dəfə atəşkəs razılaşması əldə ediblər, ancaq hər dəfə Rusiya Ermənistanın bu razılaşmadan çıxmasının yolunu tapıb (məsələn, 1999-cu ildə Ermənistan parlamentində baş nazir, spiker və digər hökumət məmurları güllələndi-virtualaz.org).

Həll edilməmiş münaqişə - Rusiya onu “dondurulmuş münaqişə” də adlandırır - rus qoşunlarının regiona yeridilməsinə və hər iki tərəfi buna məcbur etməyə imkan yaradır. Rus qoşunları regiona yeridiləndən sonra tərəflərdən heç biri Moskvanın qisasından qorxaraq Qərblə sıx əməkdaşlıq etməyəcək.

Təmas xəttində son toqquşmalar Vladimir Putinin Soçidə yüksək səviyyəli görüş təşkil etməsi ərəfəsində baş verdi. Bu görüşdə Putin Ermənistanla Azərbaycan arasında rus “sülhməramlılarının” yerləşdirilməsinə dair razılaşma əldə edilməsinə çalışıb. İyulun 31-də ermənilər gözlənilmədən və koordinasiya olunmuş şəkildə üç istiqamətdən hücum etdilər. Bu hücum zamanı prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənov ölkə xaricində idilər və cənab Əliyev hələ Soçidəki yüksək səviyyəli görüşə getməyə razılıq verməmişdi.

Lakin Ermənistan prezidenti Serj Sərkisyan razılıq vermişdi. Onun hərbçilərinin Rusiyanın razılığı olmadan belə hücum həyata keçirməsi ehtimalı azdır (görüş baş tutdu, ancaq heç bir razılaşma əldə olunmadı).

Toplantı başlamazdan əvvəl Moskva Cənubi Qafqaza dair mövqeyini sərtləşdirdi və Ermənistana sükutla dəstək verdi. Ötən payız Ermənistan Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalamaq ambisiyalarından əl çəkdi və elan etdi ki, Moskva ilə birlikdə Gömrük İttifaqına daxil olur.

Açıq müharibənin yenidən başlaması Rusiyaya sülhməramlılar adı altında regiona yeni qüvvələr yeritmək üçün bəhanə verəcək. Cənubi Qafqazda destablizasiya həmçinin Avropanın Rusiya qazından asılılığını azaltmağa yönələn nəhəng qaz layihəsini də poza bilər.

Lakin təəccüblüdür ki, Amerika rəsmiləri son döyüşlərə reaksiya verərək Rusiyanın eqidası altında keçirilən görüşü “alqışladıqlarını” bildirdilər.

Bəs Vaşinqton Gürcüstan və Ukrayna təcrübəsindən heç nə öyrənməyibmi?

Qafqazda münaqişənin eskalasiyasının qarşısını almaq və Putinə yeni ərazilər zəbt etmək bəhanəsi verməmək üçün prezident Obama Azərbaycan və Ermənistan liderlərini Vaşinqtona dəvət etməli və göstərməlidir ki, Amerika Cənubi Qafqazdan imtina etməyib. Bu, liderləri Rusiyanın təzyiqlərinə qarşı müqavimət göstərməyə həvəsləndirəcək. BMT Baş Assambleyasının gələn həftə işə başlayacaq sessiyası bu dəstək nümayişi üçün əla məqamdır.

Vaşinqton bu münaqişənin həll edilməməsinə görə Rusiyanı açıq şəkildə günahlandırmalıdır və onun münaqişənin həll edilməməsindən istifadə edərək regionda əlavə hərbi qüvvələr yerləşdirmək planlarına müqavimət göstərməlidir.

Nəhayət, Qərbin Moskvaya digər sərhədyanı regionu ələ keçirməyə imkan verməmək üçün strategiyaya ehtiyacı var. Dağlıq Qarabağ uzaq olsa da o, Rusiyanın itirilmiş imperiyanı bərpa etmək səylərində növbəti cəbhədir. Cənubi Qafqaz ölkələrinin öz suverenliklərini itirməsi Amerikanın keçmiş Sovet İttifaqı ərazisində və onun hüdudları xaricində onsuz da zəifləyən imkanlarına öldürücü zərbə vuracaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar