ZELENSKİNİN DÜŞMƏNLƏRİ... - “Hər ikisi onun ilk büdrəməsini gözləyir”

Parlament seçkisindəki parlaq qələbəsinə və hakimiyyətə nəzarəti tamamilə öz əlinə keçirməsinə baxmayaraq, Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin kifayət qədər ciddi və təhlükəli rəqibləri var.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, tanınmış politoloq Viktor Nebojenko bu barədə özünün “facebook” səhifəsində yazıb.

V.Nebojenko qeyd edib ki, yeni prezidentin iki əsas rəqibi, hətta demək olar ki, düşməni var. Bunlardan biri sabiq prezident Pyotr Poroşenko, digəri isə son seçkidə 13 faizdən çox səs toplayaraq ikinci yeri tutan rusiyayönümlü müxalif qüvvənin lideri və Vladimir Putinin yaxın adamı kimi tanınan Viktor Medvedçukdur.

Politoloq hesab edir ki P.Poroşenkonun aktivində böyük maddi resurslar və millətçi kəsimin dəstəyi var. Medvedçuku isə Ukraynanın şərqindəki rusiyameylli, yarısovet düşüncəli auditoriya və Kreml dəstəkləyir. Bu qüvvələr tamamilə əks düşərgələrə aid olsalar da, ayrı-ayrılıqda kifayət qədər böyük və ciddi təhlükə mənbələridir. Politoloq hesab edir ki, onların hər ikisi Zelenskinin ilk səhv addımını, büdrəməsini gözləyirlər.

Zelenskiyə gəldikdə isə, V.Nebojenko qeyd edib ki, prezident hələ onun özünü və bütövlükdə Ukraynanı gözləyən təhlükələrin səviyyəsini tam anlaya bilmir: “O, hələ ona uğur gətirəcək öz siyasi xəttini tapa bilməyib – nə Qərblə, nə ictimai rəylə, nə KİV ilə, nə də oliqarxlarla münasibətdə...”

Politoloqun fikrincə, Zelenski yubandıqca, onun düşmənləri güclənəcəklər və uyğun məqam yaranan kimi zərbə endirəcəklər.

Xatırladaq ki, hələ bu ilin aprelində Zelenski Rusiya prezidentinə olan münasibətini açıqlamışdı və Putini düşmən hesab etdiyini demişdi.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar