Vasitəçilər Dağlıq Qarabağa hansı statuslar təklif edib?

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ-ın dövlət katibi sentyabrın 4-də Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdə böyük sülh sazişi layihəsinin hazırlanması təklifi verib.

Hazırda Dağlıq Qarabağ danışıqları yenilənmiş Madrid prinsipləri üzrə aparılır. Madrid sənədi Dağlıq Qarabağın yekun statusunu həmin bölgədə keçiriləcək referendumda müəyyən etməyi də nəzərdə tutur. Əvvəlki sülh sazişi layihələrinin ikisində isə Dağlıq Qarabağın statusu bəri başdan nəzərdə tutulub.

“Media forum” saytı bildirir ki, Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) indiyədək tərəflərə təqdim etdiyi, amma reallaşmamış sülh sazişi variantlarından üçü ictimaiyyətə bəllidir : ”Paket həll” , ”Mərhələli həll” variantları və ”Ümumi dövlət” variantı.

Bu variantların ikisində Dağlıq Qarabağın statusu məsələsi də yer alıb. 1997-ci ilin iyulunda təklif olunmuş ”Paket həll” variantında Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət və ərazi qurumu kimi göstərilib. 1998-ci ilin noyabrında təklif olunmuş “Ümumi dövlət” variantında isə Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində respublika formasında təqdim olunub.

“Paket həll” variantındakı statusdan:

- Dağlıq Qarabağın referendumda Dağlıq Qarabağ sakinləri tərəfindən qəbul edilmiş öz konstitusiyası olacaq. Bu sənəd əsasında Dağlıq Qarabağ hakimiyyəti ilə Azərbaycan arasında öz müqəddəratını həll etmə forması haqqında bağlanacaq rəsmi saziş bu konstitusiyaya inkorporasiya ediləcək. Azərbaycan müvafiq qaydada bu sazişlərin inkorporasiyası üçün öz konstitusiyasına dəyişikliklər edəcək. Dağlıq Qarabağın öz bayrağı, gerbi və himni olacaq.

Dağlıq Qarabağ ərazisində Dağlıq Qarabağın Konstitusiyası və qanunları qüvvədədir. Azərbaycanın qanunları, qaydaları və icra qərarları Dağlıq Qarabağın Konstitusiyası və qanunlarına zidd olmadığı halda Dağlıq Qarabağ ərazisində qüvvədədir.

Dağlıq Qarabağ sərbəst şəkildə öz qanunverici, icraedici və məhkəmə orqanlarını yaradır.

Dağlıq Qarabağ sakinləri Azərbaycan parlamentinə deputatları seçmək və Azərbaycan prezidenti seçkilərində iştirak etmək hüququna malikdir.

Dağlıq Qarabağ iqtisadiyyat, elm, mədəniyyət, idman və humanitar sahələrdə xarici dövlətlər və beynəlxalq təşkilatlarla xaricdə müvafiq nümayəndələri olmaqla birbaşa xarici əlaqələr yaratmaq hüququna malik olacaq. Dağlıq Qarabağın siyasi partiyaları və ictimai təşkilatları xarici ölkələrin siyasi partiyaları və ictimai təşkilatları ilə əlaqə yaratmaq hüququna malik olacaqlar.

Dağlıq Qarabağ vətəndaşları xüsusi “Dağlıq Qarabağ” möhürlü Azərbaycan pasportuna malik olacaqlar. Dağlıq Qarabağ vətəndaşları Ermənistan qanunlarına əsasən xarici vətəndaş sayılmayacaqlar, istənilən zaman Ermənistana emiqrasiya edə bilərlər, Ermənistan Respublikasına daimi emiqrasiya etmiş vətəndaşlar Ermənistan vətəndaşlığını qəbul edə bilərlər.

Dağlıq Qarabağ sərbəst valyuta dövriyyəli sərbəst iqtisadi bölgə olacaq.

Dağlıq Qarabağ milli qvardiyaya və polis qüvvələrinə malik olacaq. Dağlıq Qarabağ vətəndaşları Dağlıq Qarabağ ərazisində hərbi qulluq keçmək hüququna malik olacaqlar.

Dağlıq Qarabağ hökumətinin icazəsi olmadan Azərbaycan ordusunun, təhlükəsizlik qüvvələrinin və polisinin Dağlıq Qarabağ ərazisinə daxil olmaq hüququ olmayacaq.

Dağlıq Qarabağın büdcəsi öz resursları hesabına gələn vəsaitdən təşkil olunur.

“Ümumi dövlət “ variantındakı statusdan:

- Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi qurumudur və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində onunla ümumi dövlət yaradır.

Azərbaycan və Dağlıq Qarabağ vəzifələr bölgüsü və müvafiq dövlət orqanları arasında səlahiyyətlərin qarşılıqlı təhvili haqqında konstitusiya qanununa bərabər olacaq saziş imzalayırlar.

Azərbaycan və Dağlıq Qarabağ ümumi məsələlərə aid siyasət və fəaliyyətin müəyyən edilməsi üçün prezidentlərin, baş nazirlərin və parlament sədrlərinin təmsilçilərinin daxil olduğu Müştərək Komitə yaradırlar.

Müştərək fəaliyyəti koordinasiya etmək və əlaqə saxlamaq üçün Bakı və Stepanakertdə müvafiq olaraq Dağlıq Qarabağın və Azərbaycanın nümayəndəlikləri yaradılır.

Dağlıq Qarabağ iqtisadiyyat, elm, mədəniyyət, idman və humanitar sahələrdə xarici dövlətlər və əlaqəli regional və beynəlxalq təşkilatlarla, xaricdə müvafiq nümayəndələri olmaqla, birbaşa xarici əlaqələr yaratmaq hüququna malik olacaq.

Dağlıq Qarabağ onun maraqlarına toxunan məsələlər üzrə Azərbaycanın xarici siyasətində iştirak edir. Bu cür məsələlərə dair qərarlar hər iki tərəfin razılığı olmadan qəbul edilə bilməz.

Dağlıq Qarabağ hökumətinin xüsusi mənafeləri olan xarici ölkələrdəki Azərbaycan səfirliklərində və ya konsulluqlarında öz nümayəndələri ola bilər, həmçinin Dağlıq Qarabağın maraqlarına toxunan beynəlxalq danışıqlarda iştirak üçün Azərbaycan nümayəndə heyətinin tərkibində öz mütəxəssislərini öndərə bilər.

Dağlıq Qarabağın referendumda Dağlıq Qarabağ sakinləri tərəfindən qəbul edilmiş öz konstitusiyası olacaq. Dağlıq Qarabağın statusu haqqında sazişin müddəaları bu konstitusiyaya daxil ediləcək. Bu sazişin qanunvericiliyə daxil edilməsi üçün Azərbaycan həmçinin öz konstitusiyasına dəyişikliklər edəcək. Bu sazişin müddəaları və ya onu daxil edən Dağlıq Qarabağ və Azərbaycan konstitusiyalarının müvafiq hissəsi hər üç tərəfin razılığı olmadan dəyişdirilə bilməz.

Dağlıq Qarabağ ərazisində Dağlıq Qarabağın Konstitusiyası və qanunları qüvvədədir. Azərbaycanın qanunları, qaydaları və icra qərarları Dağlıq Qarabağın Konstitusiyası və qanunlarına zidd olmadığı halda Dağlıq Qarabağ ərazisində qüvvədədir.

Dağlıq Qarabağın öz bayrağı, gerbi və himni olacaq.

Dağlıq Qarabağ öz konstitusiyasına uyğun olaraq sərbəst formada öz qanunverici, icraedici və məhkəmə orqanlarını yaradır.

Dağlıq Qarabağ vətəndaşları şəxsiyyət vəsiqəsi kimi xüsusi “Dağlıq Qarabağ” möhürlü Azərbaycan pasportlarına malik olacaqlar. Yalnız Dağlıq Qarabağ hökuməti və onun səlahiyyət verdiyi idarə bu cür pasport vermək hüququna malik olacaqlar. Erməni mənşəli Dağlıq Qarabağ vətəndaşları Ermənistana emiqrasiya edə bilərlər və ora daimi yaşayış məqsədilə köçdükləri halda bu ölkənin qanunlarına uyğun olaraq Ermənistan vətəndaşlığını ala bilərlər.

Dağlıq Qarabağ əhalisi Azərbaycan parlamentinə deputatları seçmək və Azərbaycan prezidenti seçkilərində iştirak etmək hüququna malikdir.

Dağlıq Qarabağ sərbəst iqtisadi bölgə olacaq, Azərbaycanın pul əsginazları ilə bərabər dövriyyəsi olan öz pul əsginazlarını emissiya etmək və həmçinin öz markalarını nəşr etmək hüququna malik olacaq.

Dağlıq Qarabağın Ermənistan və Azərbaycanla sərbəst və maneəsiz nəqliyyat və rabitə əlaqələrinə hüququ olacaq.

Dağlıq Qarabağ könüllü əsaslarla formalaşan milli qvardiyaya (təhlükəsizlik qüvvələrinə) və polis qüvvələrinə malik olacaq. Bu qüvvələr Azərbaycan hökumətinin razılığı olmadan Dağlıq Qarabağdan kənarda fəaliyyət göstərə bilməzlər.

Dağlıq Qarabağ hökumətinin icazəsi olmadan Azərbaycan ordusunun, təhlükəsizlik qüvvələrinin və polisinin Dağlıq Qarabağ ərazisinə daxil olmaq hüququ olmayacaq.

Erməni dili Dağlıq Qarabağda əsas rəsmi dildir, ikinci rəsmi dil Azərbaycan dilidir. Dağlıq Qarabağ vətəndaşları həmçinin bütün rəsmi və qeyri-rəsmi hallarda digər doğma dillərdən istifadə edə bilərlər.

Dağlıq Qarabağın büdcəsi öz mənbələrindən gələn vəsaitdən təşkil olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar