PUTİN ƏRDOĞANIN “SƏHVİNİ” TƏKRARLAMIR - “Rus çarı” Moskvanı müxalifətə verməyəcək

Payızda Rusiyanın paytaxtı və ən böyük şəhəri olan Moskvanın idarə edilməsində mühüm rol oynayan şəhər Dumasına seçkilər keçiriləcək. Vladimir Putinin reytinqinin bütünlükdə ölkə üzrə kəskin şəkildə düşdüyü bir dönəmdə belə əhəmiyyətli seçkini keçirmək və onu istədiyi kimi saxtalaşdırmaq hazırkı Rusiya hakimiyyəti üçün kifayət qədər ciddi çətinliklər yaratmaqdadır.

Belə ki, Aleksey Navalnı başda olmaqla, müxalif qüvvələrin bu seçkiyə ciddi şəkildə hazırlaşması və onların əhalinin əhəmiyyətli kəsimi tərəfindən dəstəklənməsi hakimiyyəti repressiv addımlar atmağa vadar edib. Kreml çıxış yolu kimi müxalif namizədlərin ümumiyyətlə seçkiyə buraxılmaması taktikasını seçib. Nəticədə, insanların seçkidə səs verməyə hazırlaşdıqları namizədlərin böyük əksəriyyətinin topladığı imzalar guya saxtalaşdırıldığından qanunsuz hesab edilib. Bunu əsas gətirərək, onların seçkidə iştirakı qadağan olunub. Saxta adı qoyulan böyük sayda imzaların sahibləri seçki komissiyalarına müraciət edərək, öz imzalarını təsdiqləməyə çalışsalar da, buna məhəl qoyan yoxdur.

Bu açıq özbaşınalığa və saxtakarlığa etiraz edən seçicilər isə bu gün Moskva meriyası qarşısında artıq üçüncü etiraz aksiyasını keçiriblər. Bundan əvvəl - iyulun 14-də icazəsiz, 20-də isə icazəli aksiya keçirilib. Son aksiyaya isə icazə verilməyib. Buna baxmayaraq, bu gün keçirilən aksiya əvvəlkilərdən daha kütləvi alınıb. Artıq Moskva vaxtı ilə saat 14.35-ə olan məlumatda 200-dən çox etirazçının həbs olunduğu bildirilib.

Etirazların çoxalmasını şərtləndirən məsələlərdən biri də müxalif liderlərin hələ mitinqdən əvvəl həbs olunmasıdır. A.Navalnı və bir neçə aparıcı müxalifətçilər 30 sutka, digərləri isə 10-15 sutkalıq həbs cəzası alıblar. Maraqlıdır ki, namizədliyi qeydə alınmayan müxalifətçilərə və onların nümayəndələrinə qarşı Rusiyada çox nadir hallarda istifadə olunan 141-ci maddə tətbiq olunmaqla, cinayət işi açılıb. Bu maddə “seçki məntəqələrinin işinə müdaxilə etmə” əməlinə görə cəzanı nəzərdə tutur. Artıq əksər müxalif namizədlərin evlərində və seçki ofislərində axtarışlar aparılıb.

Hakimiyyətin bu mitinqlərdən təşvişə düşdüyünü Moskva meri Sergey Sobyanin də dolayısı ilə etiraf edib. Mitinqdən əvvəl açıqlama verən paytaxt meri deyib ki, bu cür aksiyaların keçirilməsi və ultimatumlar yaxşı heç nə ilə nəticələnməyəcək. O, bütün məslələrin hüquqi müstəvidə və ardıcıllıqla həllinə dair çağırışlar edib.

Müstəqil müşahidəçilər isə hesab edirlər ki, Kremlin Moskva meriyasına seçkini istənilən yolla saxtalaşdırmaqdan başqa çıxış yolu yoxdur. Çünki demokratik seçki keçiriləcəyi təqdirdə həddindən artıq korrupsiyalaşmış və xalqın böyük kəsiminin inamını itirmiş hakim qüvvənin Moskva meriyasında lazımi sayda deputat yeri qazanması şansı olduqca azdır. Həm də bu seçki şəffaf keçiriləcəyi təqdirdə xalqın hakimiyyətə münasibətinin bariz nümunəsinə çevrilə və etiraz dalğası bütün ölkəyə yayıla bilər.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyədə İstanbul bələdiyyəsinə keçirilən seçkilər ölkə üçün çox mühüm bir hadisəyə çevrilmiş, şəhərə rəhbərlik müxalif CHP-nin namizədi Əkrəm İmamoğluna keçmişdi. Bu da öz növbəsində hakim AKP-nin nüfuzuna ciddi zərbə vurmuş, partiyanın bütün ölkə boyu mövqelərinə mənfi təsir göstərmişdi. Sonda bu məğlubiyyətin nə qədər ciddi hadisə olduğunu Rəcəb Tayyip Ərdoğan da dolayısı ilə etiraf edərək, “növbəti seçkidə millətimizin qarşısına 22 illik təcrübəyə malik tamamilə başqa bir Ədalət və İnkişaf Partiyası ilə çıxacağıq”, deyə bildirib.

Görünür, getdikcə bir-birinə daha çox yaxınlaşan və idarəetməsində bəzi oxşarlıqlar yaranan Rusiya və Türkiyə arasında müəyyən paralellər əmələ gəlməkdədir. Və Putin Ərdoğanın İstanbulda buraxdığı “səhvi” Moskvada təkrarlamaq istəmir. Doğrudur, Türkiyədən fərqli olaraq, Rusiyada seçkini saxtalaşdırmaq artıq tarixi ənənə halına çevrilib və sonuncu dəfə bu ölkədə nə zaman demokratik seçki keçirildiyini xatırlamaq belə olduqca çətindir. Əlbəttə ki, əgər ümumiyyətlə belə bir seçki olubsa...

Digər tərəfdən, başqa xalqlara, xüsusilə də keçmiş SSRİ respublikalarında yaşayanlara yuxarıdan aşağı baxan rusiyalıların özləri də Türkiyə seçicisindən fərqli olaraq, əsas etibarilə müti və kölə psixologiyalıdırlar. Ona görə də, böyük ehtimalla Putin bu dəfə də yeni etiraz dalğasının qarşısını ala biləcək və seçkini saxtalaşdıracaq.

Lakin saxtakarlıq və yalan üzərində qurulan bu korrupsiyalaşmış idarəçilik nə vaxta qədər davam edəcək? Bunu demək çətindir.

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Mehman 2019-07-27 20:12:25

Xalqın seçiminə hörmətlə yanaşmaq səhv deyil ,müdriklikdir.

vətəndaş 2019-07-27 20:12:25

Ərdoğan səhv etməyib, əksinə özü bilərəkdən iki böyük şəhəri müxlifətə verdi ki, qulağı dinc olsun, məndən heç nə istəməyin.

Əhməd 2019-07-27 20:12:25

Ərdoğan seçimlə hakimyyətə gəlib (hərkənd indi çalışır ki seçki ilə hakimiyyəti verməsin bu səbəbdən rusdan S-400 nə bilim nə alır, rusiya doğru yön almasının əsas məqsədi budur keşmiş ssrbi ölkələrinin diktatorlar klubuna üzv olsun), putin təyinatla gəlib fərq burdadır, komunist ziyniyyəti həmişə belə çalışıb seçilərdə iştirak edən amma qutudan biz namizədimizi çıxaracayıq (seçki saxtaçarlığı) yəni saxtaçarlıq bunların mayasında var,

yalçın 2019-07-27 20:12:25

onlar-keçmiş soysuz qamsamolçu və qamunistlər sosializm-qamunizm qururdular deyəsən azçox soylu çarlardan fərqli olaraq,..alınmadı..bəs indi bu soysuzlar nəyi dağıdıb nə qururlar guya?

Son yazılar