“Odlar Yurdu” Universitetində “payız yığımı”

Dərc olunub: 24/10/2013 - 12:11

img1327458Rektor Əhməd Vəliyev ən adi şeylər üçün də cərimələr tətbiq edib

“Odlar Yurdu” Universitetində oxuyan bir qrup tələbə universitetin rəhbərliyindən olduqca narazıdır. Tələbələr bildirirlər ki, onların ən təbii haqqları belə pozulur, universitet cərimə qaydaları ilə idarə olunur, rektor Əhməd Vəliyev ən adi şeylər üçün də cərimələr tətbiq edib:“Bizə rektorluqdan deyirlər ki, hər universitetin öz daxili qaydaları var və bu cərimələr də bizim qaydalarımızdır. Təsəvvür edin ki, tələbə biletini itirən tələbə ödədiyi təhsil haqqının 2 mislini ödəyəndən sonra ona yeni tələbə bileti verilir. Təhsil haqqı 1500-2000 manatdan yuxarıdır. Elə ixtisas var ki, 2500 manat təhsil haqqı ödəyir. Bir tələbə bileti nədir ki, onu itirən zaman 4-5 min manat pul ödəyək?”

“Odlar Yurdu” universitetinin tələbəsi cərimlərin təkcə tələbə biletinin itməsinə görə deyil, başqa şeylərə də tətbiq edilməsini deyir:

“Təkcə tələbə bileti deyil. Məsələn, bizə imkan vermirlər ki, normal saç saxlayaq. Mən istəyirəm ki, saçımı uzadım, digər universitet tələbələri kimi sərbəst geyinim. Ən bəsit haqqlarımız belə pozulur. Bayaq dediyim cərimələr saqqal saxlayan tələbələrə də şamil edilir. Əvvəl hündür daban ayaqqabı geyən qızlara da cərimələr tətbiq edirdilər. Sonra o cəriməni deyəsən ləğv etdilər”.

“Odlar Yurdu” universitetinin rəhbərliyindən gileylənən tələbə bildirdi ki, bu qaydalara görə universitetdən qovulan tələbələr də olub:

“Keçən il bir tələbə dostumuz imtahana dizləri cırıq cinslə gəlmişdi. Universitet rəhbərliyi onu təhqir edərək imtahan otağından çıxardı. Tələbə nə qədər mübahisə etdisə, heç bi faydası olmadı. Belə universitetdə hansı təhsildən söz gedə bilər? Tələbəyə pul kimi baxırlar. Ən adi şeylərə cərimə tətbiq edib minlərlə manat pul qazanırlar”.

Məsələ ilə bağlı “Axar.az”a da danışan rektor Əhməd Vəliyev universitetdə tətbiq edilən bütün qaydaların universitetdə nizam-intizam qaydalarını gücləndirmək üçünd olduğunu deyib və tələbə biletinin itməsinə görə cərimə tətbiq edilməsini gizətməyib:

“Hansısa tələbə universitet əmlakını korlayırsa, bunun cəriməsi var. Əgər tələbə biletini itiribsə, onun da cəriməsi var. Ancaq bu, xırda bir rəqəmdir. Təhsil haqqının 2 misli bilirsiniz nə qədər edir? 6 min manat”.

“Bəs əslində cərimələr nə qədərdir?” sualına isə rektor belə cavab verib:

“100 manat. Bu cərimələr tələbənin məsuliyyətini artırmaq üçündür. Tələbə öz biletini necə itirə bilər? Tələbənin atributlarından biri onun vəsiqəsidir. Bakı Dövlət Universitində oxuduğum zaman verilən tələbə bileti bu dəqiqə də mənim özümdədir”.

Universitet rektoru musavat.com-a saç-saqqal qadağasına və cərimələrinə də aydınlıq gətirdi:

“Hər bir tələbə səliqəli olmalıdır. Saç-saqqal saxlamağa görə cərimə yoxdur, ancaq bu bizim onlardan tələbimizdir. Biz onlarla söhbət aparırıq ki, olmaz. Hər bir tələbənin geyimi qaydasında olmalıdır, səliqəli olmalıdır, yuxudan tezdən durmalı və üzünü qırxmalıdır”.

Əhməd Vəliyev söhbət zamanı təhsil haqqının 2 misli qədər cərimənin yalan olmasını dəfələrlə qeyd edib:

“Yalan söhbətdir. Bunlar heç təhsil haqqını düz-əməlli ödəyirlər ki, 2 mislini də ödəsinlər? Elə olsa universitet kef eləyər, vallah. Təhsil haqqını ödəmək zamanı çatanda gəlirlər ki, Əhməd müəllim, kömək elə bizə. Mən yenə deyirəm, təhsil haqqının 2 misli qədər cərimələrin olması söhbəti boş söhbətdir”.










loading...


Fikrinizi bildirin