HENRİ FORDUN BİR ƏSRLİK ÖNCƏGÖRMƏSİ…

Məhəmməd Talıblı

Azərbaycan oxucularının kitabxanasına maraqlı bir qonaq gəlib. Bir əsrlik salamın sanbalını və sözün qüdrətini özündə saxlayaraq qapımızı döyüb. Yüksək lüksü ilə seçilən, avtomobil sənayesində öz yeri və rolu olan “Ford” markalı avtomobillərinin ərsəyə gəlmə zəhməti haqqında bilgilisinizmi? Bu əfsanəvi avtomobil markasının sahibi öz biznesini dünya miqyasında necə genişləndirə və ya adını tarixə necə yaza bilib? Çoxlu sayda bu tipli sualların cavablarını və onun sirlərini yenicə çapdan çıxmış kitabdan oxuya bilərsiniz. Əvvəla onu söyləməliyəm ki, Henri Fordun “Həyatım və İşim” kitabı (470 səh.) özündə çoxlu sayda olan qaranlıqlara işıq salan kitabdır. Xüsusilə biznes dünyasının qaranlıq döngələrində tərəddüdlü vəziyyətdə ilişib qalanlar üçün uzağa işıq salan fənərdir. Biznes gəmisinin kapitanları üçün çox dəyərli kompasdır. Oxuduqca, biznes okeanının sahillərinə yan almayacaqsınız, dərinliklərinə enəcəksiniz. Çoxdan axtardığınız, lakin hələ tapmadığınız çoxlu sayda biznes resepetlərini bu mənbədən əldə edəcəksiniz. Buna görə “Parlaq İmzalar” Nəşriyyatına xüsusi təşəkkürlər…

Oxucu zövqü və müəllif məsuliyyəti

Bir kitabı oxuyarkən oxucunu düşündürən əsas məsələ onun oradan götürməli olduğu ideya, onun sistemliliyi (interpretasiyası) və müəllifin yanaşma tərzi kimi çoxsaylı elementləri düşünürsən. Həmin tarladan didə bildiklərini dogma dilində tərcüməçisiz anlamaq istəyirsən. Təbii ki, bu “məhsul yığımının” özü də zövqə bağlı məsələdir.

Mənim bu kitabla bağlı başqa bir məsuliyyətim onun qarşısında götürdüyün öhdəliklərlə bağlı olur. Əgər bir kitabın ərsəyə gəlməsindəki çoxsaylı - tərcümə işi, redaktorluq, elmi məsləhətçi və s. kimi fəaliyyətlər varsa, demək məsuliyyət payı da olmamış deyil. Bu yükü öz üzərinə götürən istənilən yaradıcı şəxsin 2 subyekt qarşısında məsuliyyəti yaranmış olur: müəllif və oxucu. Kitabın elmi məsləhətçisi, ixtisas redaktoru kimi hər cümlənin məsuliyyətini və oxucuya çatma mesajının kompitentliyi sanki “demokl qılıncı” kimi başımın üzərindən asılmışdı. Bir neçə səbəbdən… Ən əsası ona görə ki, Henri Fordun biznes ideyalarının daha anlaşıqlı izahına nail olmaq lazım idi. Sözlərin seçilməsindəki belə kiçicik yalnışlıq biznes ideyalarının qeyri-düzgün interpretasiyasına və doğru anlaşılmamasına səbəb ola bilərdi. Ona görə xüsusi diqqət etdiyim məqam biznes proseslərinin epizod və mahiyyətin hormonizasiyasını biri-birindən ayırmamağa çalışmağım idi.

Gerçəkdən Henri Fordun “Həyatım və İşim” kitabının hər səhifəsin oxuduqca təkcə bir oxucu olaraq zövqü yaşamadım. Eyni zamanda onun iqtisadi mülahizələri və biznes düşüncəsi ilə yaxından tanış olduqca, müəlliifn yaşadığı dövrlə bizi ayıran bir əsrlik dövrün fərqini göz önümdə yenidən canlanırdım. Bir neçə fəsildə söylənən fikirlərlə tanış olduqca hər dəfə onun zamanını necə qabaqladığını düşünürdüm.

Mən Azərbaycanın özəl sektorunda iki problemin xüsusi əhəmiyyətli problem olması düşüncəsindəyəm.

Biri milli burjuaziyanın yetişməməsi, zəngin sahibkarların meydana çıxmaması və sivil biznes elitasının formalaşmamasıdır.

Digər problem isə ortada olan sahibkarların isə biznes təfəkkürlərinin yetərli olmaması və özləri üçün formalaşdırmaq istəmədikləri obrazla bağlıdır. “Həyatım və İşim” kitabı biznesmenlərin öz obrazları haqqında düşünə bilməyin vacibliyini onlara çatdıracaq. Eyni zaman da işgüzar insanlarda çoxçeşidli biznes ideyalarının əxz olunmasına yardım edəcək. Bir milli istehsalçının hansı düşüncə kateqoriyası ilə düşünməsinin mesajını onlara verəcək. Və bununla işgüzar insanlarda ambisioz biznes hədəflərinin olmasının nə qədər vacib olduğunu göstərəcək.

Biznes obrazınızı necə yaratmalı?

Gəncliyimin 15 ilindən çoxunu müxtəlif ali təhsil müəssislərində iqtisadiyyatın çeşidli sahələrinin tədrisi ilə bağlı olub. Bu illər ərzində biznesin nəzəri tərəflərini öyrənməyə çalışmışam. Tədris etdiyim dərslərin bir çoxu biznesin idarəedilməsi və strategiyalarının qurulmasına aid olub. Elmi işimin tədqiqat obyektini də biznesin inkişafına investisiya qərarlarına təsiri təşkil edirdi. Bu illər ərzində biznesin dair çoxlu araşdırmalarla tanış olmuşam. Ona görə, ölkədəki biznes subyektlərinin strategiyaları, bazar payı uğrunda apardıqları mübarizə, marketinq planlamaları və s. kimi davranışlarına xüsusi diqqət etmişəm. Lakin sonda boşluq kimi gördüyüm nüanslardan biri kimi ölkəmizdə barmaqla sayılacaq iş adamlarının özlərinin biznes obrazını yaratmağa çalışmaması olub. Hər halda buna can atanları az gördüm. (Yeri düşmüşkən, bir haşiyə çıxım… Bu sırada Türkiyədə çalışan azərbaycanlı iş adamı Mübariz Məsimovun cəhdlərini görə bilirəm. Bilikli və hazırlıqlı komanda yaratması ilə bu obrazı formalaşdırmağa çox yaxındır.) Deməli, biznesdə uğursuzluğa düçar olanları bir kənara qoyaq. Onlar uğursuz biznes hekayələri ilə öyünəsi deyillər ki?! Onları anladıq. Dərd orasıdır ki, uğur qazananlar belə kölgədə qalmağa xeyli üstünlük verirlər. Gəlirlərinin artmasına və bunun ictimailəşdirməsinə sanki qəbahət kimi baxırlar. Kommersiya sirri kateqoriyasına nələrin daxil edildiyini müəyyənləşdirə bilmirlər. Biznes uğurlarını ictimailəşməsindən çəkinirlər. Bizneslərinin genişlənməsi və coğrafiyasının daha uzaqlara yayılması kimi ambisioz hədəfləri sevmədiklərini danışıqlarından anlamışam. Bu mənada Henri Fordun “Həyatım və İşim” kitabını oxuyan hər bir biznesmen özünün obrazının mütləq mənada yaradılmasının nə qədər vacib olduğunu dərk etmiş olacaq.

Bizim iş adamlarımız nəinki tarixə, hətta sabaha işləyə bilmirlər. Sabaha proyeksiyalanmış ideyaları nəinki yaşatmaq, hətta onlara sahib çıxmaq və bölüşmək məsuliyyətlərini yaxına belə buraxmırlar. Biznesin məqsədlərinin dar mənada mənimsənilməsindən (istehlakçıların tələbatını ödəmək üçün istehsal proseslərinin yaradılması və yalnız gəlir əldə etməyə hesablanmış fəaliyyət sahəsi) başqa digər məsuliyyətlərini, xüsusilə korporativ sosial məsuliyyət anlayışlarını dərk edə bilmirlər.

Bizim zəngin insanlar kiçicik bir biznes hekayələrini nəinki yaza, hətta danışa bilmirlər. Henri Forddan öyrənməli olunan nüasnlardan biri də ondan ibarətdir ki, o, həvəslə və yüksək diqqətlə biznes proseslərini izah edə bilib. Şəxsi həyatının maraqlı epizodlarına istanadən oxunaqlı bir avtobioqrafik roman belə kitab yazmağı bacarıb.

Şəxsi yaşantılarını və biznes çətinliklərini özünəməxsus formada təsvir etməklə oxucunu bir əsrlik keçmişə çox asanlıqla qaytara bilib. Yaxşı kitab insanları bu gündən alıb uzaq keçmişə kitabın təkərləri ilə qaytarmaq deyilmi? Bunu bir sosioloq və ya tarixçi etmir, bir biznes dünyasının nümayəndəsi edir. Sanki, avtobioqrafik roman yazırmış kimi yerli-yataqlı epitetlərdən, təəcüb yaradan təşbehlərdən istifadə edə bilib. Sanballı biznes obrazına malik işgüzar insanın hansı kateqoriyalarla düşündüyünü çağdaş iş adamlarına görsədə bilib.

Müəllifin kitabda bir neçə mövzu ilə bağlı müfəssəl fikirləri təqdirəlayiqdir. Burada təkcə biznes mülahizələri yox, həm də iqtisadçı baxışı var.

Forddan Baffetə qədərki borc mövzusu

Sahibkarların borclanmaya münasibətinə fərqli baxışlar hələ də dartışılmaqdadır. Sərvətinin zənginliyinə görə dünyanın ilk üçlükdə olan və 82 mlrd. dollarlıq likvid sərvətə sahib olan İoffer Baffet yazır: “İstehlak krediti kasıblar üçün yox, zənginlər üçündür.” Zənginlərin isə adətən istehlak kreditinə ehtiyacı olmaz. Deməli, zəngin kredit götürmürsə, kasıb dünəndən istehlak kreditindən imtina etməlidir.

Henri Fordun borc alınması ilə bağlı söylədiyi bir fikir özündə maraqlı bir təşbehi ifadə edir. Ford yazırdı: “Müəyyən şərtlər altında borca pul almaq əvvəlki içkinin təsirini azaltmaq üçün yenidən içən sərxoşun əməlinə bənzəyir. Bu, gözlənilən nəticəni vermir. Sadəcə olaraq çətinliyi daha da artırır.”

Sərt qərarlar, imtinalar və biznes uğurları

Dünyada bir çox uğurlar bəzən verilən qəti qərarlardan, atılan radikal addımlardan yaranır. Bəzən kiçicik imtinalar böyük məqsədlərə insanı daha tez yaxınlaşdırır, nəinki inersiya ilə pilləli imtinasız yaşamaq. Dünyada nəhəng avtomobil sənayesində fövqəladə uğurlara imza atmış Henri Ford öz kariyerasında bütün uğurlarının başlanğıcı kimi buna borclu olub: “Mühəndislik vəzifəmin mənə verdiyi səlahiyyətdən başqa heç bir xüsusi üstünlük olmadığını anladım. Şirkətin mənim öz ideyalarımın həyata keçirəcək bir vasitə olmadığını, yalnız və yalnız pul qazanmaq marağı güddüyünün fərqində idim. Buna görə, 1902-ci ilin martında ərizə yazaraq işdən çıxdım və bir də heç vaxt kiminsə göstərişi ilə işləməyəcəyimə qərar verdim.” Bu mənada Henri Fordun biznes davranışları və düşüncələri olduqca ibrətamizdir.

“Doymuş” bazar və xəstənin hərarəti

Çağdaş dövrümüzdə belə bəzən sadəlövh vətəndaşlar bazarlardakı bolluğu və supermarketlərin çoxluğunu iqtisadiyyatda hər şeyin qaydasında olması kimi başa düşürlər. Əgər qiymətlər təklifin rəqsinə (düşməsinə) təsir göstərmirsə, demək bu "doymuş" bazardır. Henri Ford isə belə hesab edir: “Nədir “doymuş bazar”? Yəni mal var, amma qiymətlər alıcılıq qabiliyyətindən yüksəkdir. İfrat dərəcədə yüksək qiymətlər qeyri-sağlam biznesin göstəricisidir. Çünki, bunlar qeyri-normal şərtlər ucbatından yaranır. Həkim yanına gəlmiş sağlam adamın normal hərarəti olar”. Bu fikirlə həkimsiz bizim hərarətimizin neçə olması aydın görsənə bilər…

Yekun söz: Kitabda biznesin başlanğıcı üçün lazım olan resurslar, biznes barədə müəllifin öyrəndikləri, istehsalın və xidmətin sirrləri, dəzgahlar və insanlar, əməkhaqqı siyasəti, pullar və məhsullar, kasıblığın səbəbləri, xeyriyyəçiliyin vacibliyi, demokratiya və sənaye kimi mövzular kitabda yer alıb. Hər biri haqqında müəllifin fikirlərin oxuduqca onu bizdən bir əsrlik zaman ayırdığına təəcüblənirsən. Kitabı həm də ona görə oxumalısan ki, zamanı qabaqlayan bir folosofu, fikir adamını yox, bir biznesmen təfəkkürünü tanıya biləsən. Bir əsrlik zaman kəsiyindəki biznes həqiqətlərinin öncəgörənliklə ifadəsi bu tip təfəkkürün olmasına sübut deyilmi?

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar