Dubayda dünyanın ən hündürdə yerləşən zalı istifadəyə verilib

Dərc olunub: 31/07/2019 - 23:57

293606_res_01Dünyanın ən böyük göydələni olan məşhur Bürc Xəlifədə 585 metr yüksəklikdə yerləşən və üç mərtəbədən ibarət istirahət məkanı açılıb.

The Lounge Burj Khalifa adlanan bu istirahət məkanında qonaqlara nəfis yeməklər təklif olunur və onların qarşısında şəhərin gözəl mənzərəsi açılır. Bu yerin dostları ilə, yaxud ailəvi dincəlmək istəyənlərin ən çox axın edəcəyi istirahət məkanına çevriləcəyi gözlənilir.

Göydələnin üç mərtəbəsi tamamilə dəyişdirilib və burada qonaqlara bir neçə mərtəbə aşağıda yerləşən Armani Hotel Dubai restoranının mətbəxindən müxtəlif içkilər və yeməklər təklif edilir. Açıq terrasın da olduğu yeni məkanın Dubayın ən çox yerli sakini və əcnəbi turisti qəbul edəcək yerlərinin siyahısına əlavə olunacağı ehtimal olunur. Mərtəbələrin hər birində şəhərin ecazkar mənzərəsini tamamilə yeni perspektivdən görmək mümkündür. Burada zalların tərtibatında cüzi fərqlər var. Belə ki, 154-cü mərtəbədə qonaqları furşet gözləyirsə, digərlərində qəhvə masalarının arxasında və ənənəvi ərəb məclisləri üslubunda olan divanda istirahət etmək olar.

Yeni məkana gələn turistlər üçün müxtəlif tədbirlər də nəzərdə tutulub. Məsələn, saat 12:30-la 16:00 arasında “buludlarda” gündüz çay süfrəsi təklif olunur. Siz ləzzətli isti içkilər və desertlərdən zövq almaqla yanaşı, şəhərin qeyri-adi mənzərəsini də seyr edə bilərsiniz. Gündüz çay süfrələrinə biletin qiyməti adambaşına 550 dirhəmdir (150 dollar). Biletə un məmulatları, nəfis desertlər, yüksəkkeyfiyyətli çay və müəssisənin hazırladığı xüsusi içki daxildir. (AzərTAc)








loading...


Fikrinizi bildirin