Pərviz Həşimliyə qarşı MTN-nin mövqeyi qanunsuzdur

Mətləb Mütəllimli: «Hüquq müdafiəçiləri jurnalistin müdafiəsi yönündə bir araya gəlməlidir»

Xəbər verildiyi kimi, vəkil Bəhruz Bayramov MTN-nin istintaq təcridxanasında saxlanılan tanınmış jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Həbsdə olduğu müddətdə ailə üzvləri ilə telefonda belə danışmağa imkan verilməyən jurnalistin pisixoloci sarsıntı keçirdiyi də bildirilib.

P.Həşimlinin müraciətlərini Milli Təhlükəsizlik Nazirliyindən (MTN) kənara çıxmağa qoymurlar. Onun əsirlikdə olan insan sayağı hər şeydən təcrid olunması da başadüşülən deyil. MTN-nin istintaq təcridxanasında saxlanılan jurnalistdən təzyiq vasitəsilə AXCP sədri Əli Kərimlinin əleyhinə ifadə almağa çalışırlar. Onun atası Kamran Həşimov bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, Pərvizə yalnız bu şərt çərçivəsində azadlığa çıxa biləcəyi barədə xəbərdarlıq olunub: “Pərvizin başından qara torbanı çıxarandan sonra onu bir generalın otağına gətiriblər. General ona deyib ki, sənin azadlığın öz əlindədir. Pərviz də soruşub ki,ÿazadlığım öz əlimdədirsə, bəs məni niyə bura gətirmisiz? Deyib ki, sən Əli Kərimliyə pul aparmısan, ona görə bura gətirilmisən. Biz dediyimiz adamlar vasitəsilə ona pul çatdırdığını yazmalısan. Onu da bildiriblər ki, bu məsələ mətbuata çıxmayacaq, prezidentin stolunun üstünə gedəcək, sən də azad olunacaqsan”.

Bir hüquq müdafiəçisi, jurnalistin MTN-də girov saxlanması, eləcə də ondan siyasi partiya rəhbərinin əleyhinə ifadə alınması hansı hüquq normalarına uyğundurmu?

Hüquqşünas Mətləb Mütəllimlinin fikrincə, son vaxtlar baş verən hadisələrə diqqət edəndə MTN-nin mövqeyini anlamaq olmur. Onun azadlıq.info-ya dediyinə görə, əslində, bu qurum qanunun tələblərini qorumalıdır: “Amma mətbuatda yazılan məlumatlara istinadən deyə bilərəm ki, qurumun Pərviz Həşimli barədə mövqeyi qanuni deyil. Mətbuatda Pərvizin vəkillərinin açıqlamalarıyla da tanışlıqda onların öz peşə fəailyyətini sərbəst aparmasına olan təzyiqləri, ciddi yoxlamalardan keçirildiklərini oxudum. Bu, analoqu olmayan haldır. Vəkillər toxunulmazdır, onlar istədiyi vaxt müdafiə etdiyi şəxslə görüşərək onunla danışa bilər. MTN isə bu yöndə ciddi qanun pozuntularına yol verir. Bu, yeganə hal deyil. Bəzən həbs olunan şəxslərdən ictimai-siyasi partiya rəhbərləri barədə ifadə almaq istəyirlər. Bu da normalara sığan hərəkət deyil. Pərvizi tanıyan şəxs kimi onun hansısa silah satışı və qanunsuz fəaliyyətlə məşğul olmasına inanmıram. Onun müdafiəsiylə bağlı hüquq müdafiəçiləri bir araya gələrək mövqe nümayiş etdirməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar