Sərxoş polis roluna görə həbs - VİDEO

Rusiyada qısa müddətdə xeyli populyarlıq qazanan kiçik videoçarxın qəhrəmanı həbs olunub.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Kremlin yaxınlığında çəkilən və sərxoş halda olan yol polisi serjantının hərəkətlərini əks etdirən kiçik videoçarx böyük qalmaqala səbəb olub.

Çoxları sosial şəbəkələrdə rekord sayda izlənilən videoçarxın qəhrəmanının həqiqətən polis işçisi olduğuna inanıblar. Lakin Rusiya DİN-in araşdırmasından sonra məlum olub ki, çəkiliş əvvəldən hazırlanıb və görüntülərdəki polis işçisi yox, peşəkar aktyordur. Məşhur “Sovremennik” teatrının aktyoru olan Dmitri Smolev bu “roluna” görə, məhkəmə tərəfindən 8 sutkalıq həbs cəzasına məhkum olunub. Aktyor xırda xuliqanlıqda və qanunsuz olaraq polis forması daşımaqda ittiham olunub.

D.Smolev özü açıqlamasında bunun adi zarafat olduğunu və həmin rola bir bloqerin xahişilə çəkildiyini deyib. Lakin onun söylədikləri məhkəmə qərarını dəyişməyib. Xüsusilə də DİN rəhbərliyi həmin videoçarxın polis orqanlarının nüfuzuna xələl gətirdiyi qənaətindədir və aktyorun həbsi də məhz bununla əlaqələndirilir.

Aktyorun həbsi Rusiya ictimaiyyətində kəskin etirazlara səbəb olub. “Novaya Qazeta”da məşhur yazarlardan olan Dmitri Bıkovun bu hadisə ilə bağlı yazısı dərc olunub. Daha sonra mətbuatda məşhur rusiyalı aktyor Mixail Yefremovun daxili işlər naziri Vladimir Kolokoltsevə açıq məktubu dərc olunub. Bir qədər ironik şəkildə və şer formasında yazılan məktubda aktyorun işinin kimlərinsə rolunu oynamaq olduğu xatırladılır və nazirdən artistləri həbs etməməsi xahiş olunur.

Qeyd edək ki, son zamanlar Rusiya cəmiyyətində hakimiyyətə qarşı narazılıqlar xeyli kəskinləşib. Moskva Dumasına seçkilərlə bağlı iyulun 28-də keçirilən aksiyada çoxlu sayda insanın həbsi və bu həbslərin hələ də davam etdirilməsi ciddi siyasdi gərginliyə səbəb olub.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar