BAHALI NEFT PİSDİR, UCUZ NEFT İSƏ DAHA PİSDİR! – Dünyanı yenə Tramp qarışdırır?

Dünyadakı bütün şər işlərin məsuliyyətini Donald Trampın üzərinə yıxmağa çalışırlar. Ona görə də neftin qiymətinin aşağı düşməsi çox pis xəbər kimi qəbul edilir. Deyirlər ki, Tramp neftin qiymətinin yüksək olmasını istəmir. Amma iqtisadiyyat üçün ucuz yanacaqdan yaxşı heç nə yoxdur.

Neft qiymətləri bir neçə aydan sanra ilk dəfədir ki, gözlənilməz sürətlə aşağı doğru gedir. Maraqlıdır ki, həmişə bu cür xəbərlərin ardından iqtisadiyyatın canlanması barəsində məlumatlar verilirdi. Lakin indi əhval-ruhiyyə qətiyyən yaxşı deyil. Hamı ABŞ-ı dünyanın müxtəlif yerlərindəki münaqişlərə cəlb etməklə, xaos yayan prezident Donald Trampın məsuliyyətsizliyini müzakirə edir.

Ancaq burada nələrsə uzlaşmır. Əgər Ağ Ev sahibinin ağılsızlığı doğrudan da dünya nizamına dağıdıcı təsir edibsə, onda neft ucuzlaşmamalı, əksinə bahalaşmalıydı. Çünki həmişə belə olub. Nə vaxt Amerika qlobal nəticələrlə yekunlaşan hansısa ciddi münaqişələrə giribsə, neft bahalaşıb.

Məntiqlə yanaşılsa, onda gərək nüvə sövdələşməsi ilə bağlı Trampın İranla yaşadığı diplomatik münaqişə qiymətləri göylərə qaldıraydı, çünki İrandakı dindarlar neft üstündə ayaqda durublar. Bundan başqa son dövrlər Fars körfəzindən yanacaq daşıyan tankerlərə hücum edirlər. Ancaq qiymətlərin yüksəlməsi baş vermir.

ABŞ və Çin arasındakı ticarət müharibəsi, guya ki, dünya iqtisadiyyatını dağıdır. Bu məsələ ilə bağlı qarşıdurma çoxdandır ki, davam edir və həm də onun sonu görünmür. Pekinlə aparılan danışıqlar dalana dirənib. Bu müharibədə kimin qalib, kiminsə məğlub duruma düşəcəyini çətin ki, söyləyə bilən olsun. Bu mövzuyla bağlı biz, praktik olaraq, yalnız bu və digər tərəfin iqtisadi təbliğatını eşidirik.

Öncəki dövrlərin məntiqi deyir ki, qeyri-müəyyənlik və xaos zamanlarında strateji xammal məhsulunun qiymətinin yüksəlməsi baş verirdi, lakin indi bunu görmürük. Deməli, belə çıxır ki, dünya eqosentrik və ağılsız naşının zərbələri altında dağılır, neft isə ucuzlaşır.

Bu fenomenin iki izahı ola bilər: Həqiqətən də, deyəsən bizə tanış olan dünyanın sonunu müşahidə edirik və bütün qanunauyğunluq məşhər günü qarşısında baş ayaq dönüb. Və ya Trampın dəliliyində hansısa bir metod var. Yox, əgər heç bir metod yoxdursa, onda deməli neftin ucuzlaşması bizi həyəcanlandırmamalı, əksinə sevindirməlidir. Heç olmasa ona görə ki, enerji daşıyıcıları hesabına üstünlük əldə edən Rusiya kimi aqressiv ölkələr zərbə alacaq.

Əgər neftin qiyməti ilə əlaqədar narahat olacaq bir kimsə varsa, bu, digər dünya ölkələriylə birlikdə ABŞ-a qarşı mücadilə aparan Vladimir Putin olmalıdır. Rusiya Amerikanlarla Avropa Birliyində, Ukraynada, Suriyada qarşıdurma üçün pulu məhz neft satışından əldə edir.

İndi Trampın xaotik və guya ki, düşüncəsiz siyasəti hesabına olsa da, amma hər halda Rusiyanın vəsait əldə etmə imkanı azalacaq. Bu isə onu güzəştə getməyə daha meyilli edəcək. (“Wprost”-Polşa)

“AzPolitika”nın əlavəsi: ABŞ prezidenti Trampın seçki qabağı şüarını yada salaq. Tramp deyirdi: “İlk öncə Amerika”. Bu şüarı geniş mənada belə izah etmək olar: Amerika hamıya deyir ki, siz artıq məni maraqlandırmırsınız. Ona görə ki, bundan sonra Amerika öz ölkəsinin problemləri ilə daha çox maraqlanacaq. Yəni dünya ilə bağlı bir çox məsələlərdə əvvəlki siyasəti yürütməyəcək.

Siyasi məsələlərdən fərqi olaraq, hal-hazırda Tramp seçkiqabağı iqtisadi vədlərini yerinə yetirir. İndi o, deyir ki, bizim ölkə üçün nə yaxşıdırsa, onu da edəcəyik. Məsələn, Çin Amerika hesabına varlanır. Tramp isə bildirir ki, aramızdakı ticarət balansındakı nizamsızlığı düzəldəcəm. Digər yandan isə Tramp bunu başqa ölkələrə də tətbiq edəcəyini söyləyir. Əslində görünənlərin hamısı illər ərzində yığılmış problemlərdir, sadəcə keçmiş ABŞ prezidentləri onlara toxunmaq istəməyiblər. Lakin Tramp bunları həll etməyə çalışdığından, öncəki dövrlərin sükutu pozulub.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar