Dünya çempionatında iştirak edəcək güləşçilərin adları açıqlanıb

Avqustun 12-dən 18-dək Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı keçiriləcək.

APA-nın məlumatına görə, bu gün Olimpiya Güləş Mərkəzində mundialda iştirak edəcək heyət açıqlanıb.

Tədbirdə Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Orxan Məmmədov, vitse-prezidentlər Elçin Cəfərov, Firdovsi Umudov və Namiq Abdullayev, eləcə də Gənclər və İdman Nazirliyinin aparıcı mütəxəssis Yaşar Rzayev iştirak ediblər.

E.Cəfərov çıxış edərək güləşçilərə uğurlar arzulayıb, onların rəqiblərdən geri qalmadığını, sona kimi mübarizə aparmalı olduqlarını, uğur qazanacaqları halda hətta Tokio Olimpiadasında iştirak etmək şanslarının olduğunu söyləyib.

F.Umudov dünya çempionatına iştirak xətrinə yox, yaddaqalan nəticə üçün yollanmağın vacibliyini dilə gətirərək, gənc güləşçilərə bundan öncəki yarışlarda qazanılan uğurların davamını gətirməyi arzulayıb.

N.Abdullayev federasiya tərəfindən güləşçilərə hər cür şəraitin yaradıldığını və bu yarışın özlərini göstərmək üçün əla fürsət olduğunu söyləyib.

Daha sonra E.Cəfərov dünya çempionatında iştirak edəcək heyəti açıqlayıb.

Mundialın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Əli Əliyev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında xalça üzərinə Mahir Məmmədzadə (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Əşrəf Aşırov (70 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq), Məhəmməd Asiyatilov (86 kq), Asxab Həmzətov (92 kq), Temraz İsmayılov (97 kq) və İslam Abuyev (125 kq) çıxacaq.

Qadınların yarışında məşqçi Rövşən Umudovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Jalə Əliyeva (62 kq) və Ceyla Nağızadə (65 kq) mübarizə aparacaq.

Yarışın son günlərində böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında yunan-Roma güləşçiləri uğur qazanmağa çalışacaq. Heyətdə Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Zaur Nuriyev (63 kq), Adəm Hacızadə (67 kq), Ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Laçın Vəliyev (87 kq), Xəyal Mehdiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.

Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Abdul Nuriyev ədaləti qoruyacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar