Putin Moskvadakı mitinqləri izləyir, amma danışmaq istəmir – Peskov belə deyib

Dərc olunub: 13/08/2019 - 15:36

moskva07KİV nümayəndələri son iki ay ərzində ardıcıl olaraq, Moskvada keçirilən etiraz aksiyaları ilə bağlı prezident Vladimir Putinin mövqeyini öyrənmək üçün onun mətbuat katibi Dmitri Peskova müraciət ediblər.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, xeyli vaxtdır Rusiyanın siyasi gündəmini zəbt edən etirazlarla bağlı, nəhayət, açıqlama verən Peskov, ölkə başçısının bu aksiyalarda qeyri-adi heç nə görmədiyini bildirib.

Kremlin sözçüsünün dediyinə görə, Putin Moskvada baş verənlərə diqqət yetirir, lakin bununla bağlı hansısa açıqlama verməyə lüzum görmür: “Prezident təbii ki, baş verənlərə diqqət yetirir… Ancaq bilirsiniz, Rusiyada hər gün prezidentin diqqətini cəlb edən böyük sayda hadisə baş verir. Ancaq hər hadisəyə görə fikrini bildirməsi gərək deyil…” Bununla yanaşı Peskov qeyd edib ki, Moskva şəhərinin rəhbərliyi, həmçinin Kreml “insanlarda yaranan suallarla bağlı məqamları izləyir”. Rusiyanın müstəqil KİV-lərində və sosial şəbəkələrdə isə Putinin mövqeyi ciddi tənqid olunub.

Xatırladaq ki, Moskva Dumasına seçki kampaniyası zamanı hökumətin yol verdiyi qanunsuzluqlara, müxalif namizədlərin seçkiyə buraxılmamasına etiraz məqsədilə paytaxtda keçirilən aksiyalar son illərin ən izdihamlı mitinqlərinə çevrilib. Təkcə sonuncu – avqustun 10-da keçirilən mitinqdə 100 minədək rusiyalının iştirak etdiyi bildirilir. Həmin mitinqdən sonra 100-dən çox aksiya iştirakçısı həbs edilib. Bundan əvvəl keçirilən aksiyalarda da çoxlu sayda vətəndaşın həbs olunduğu bildirilir. Məsələn, avqustun 3-də keçirilən aksiyada 600 nəfər saxlanılıb.

Lakin Kremlin vətəndaşların haqlı narazılıqlarına bu cür etinasız və saymaz münasibəti istər müxalif düşərgədə, istərsə də sosial şəbəkələrdə sərt tənqid olunub. Etirazlara guya ciddi yanaşmadığını göstərməyə çalışan V.Putin özü isə son aksiya günü Krımda motosikletçilərin aksiyasına qoşularaq, sükan arxasına keçmişdi.

“AzPolitika”






loading...


Fikrinizi bildirin