RUSİYA “OVÇU”NU HAVAYA BURAXDI – Bu pilotsuz uçuş aparatı 8 ton bomba daşıyır!

Dərc olunub: 14/08/2019 - 00:05

ovcu

Çinin “Sohu” nəşri Rusiya Müdafiə Nazirliyinə istinadla məlumat verib ki, “Suxoy” konstruktor bürosunun “uçan qanad” sxemi üzrə hazırladığı ağır zərbə pilotsuz “Ovçu” uçuş aparatı 20 dəqiqə müddətində uğurlu uçuş həyata keçirib.

“Suxoy” şirkətinin mühəndislərinin sözlərinə görə, indiki modelin bomba yükü səkkiz ton təşkil edir və bu göstərici “J-10” və “F-16” yüngül qırıcı təyyarələrininkindən daha çoxdur. Bu aparat “uçan qanad” sxemi üzrə hazırlanıb və nisbətən böyük olmayan həcmə malikdir. Onun stels xüsusiyyəti Çinin “J-20” qırıcısından üstündür.

Müşahidə və hücum əməliyyatları keçirən “MQ-9 Reaper” pilotsuz uçuş aparatlarının Amerika silahlı qüvvələrinin döyüş cərgəsinə qəbul olunmasından sonra digər ölkələrin orduları bu sahəyə böyük insani və material resurslar qoyublar.

Beləliklə, “MQ-9 Reaper”, ”Wing Long” və “Chayhun” kimi müasir pilotsuz uçuş aparatları meydana çıxıb. Son dövrlər ərzində Rusiyada yeni pilotsuz uçuş aparatları istehsal edilməyib. Bunun səbəbi elektron sənayesindəki gerilik və bu sfera üzrə kifayət qədər biliklərin olmamasıdır. Bu, dolayı yolla onu sübut edir ki, sovet texnologiyası olmadan Rusiya hərbi sənayesi heç nəyə qadir deyil.

Amma hər halda “Ovçu” pilotsuz uçuş aparatının meydana çıxması göstərdi ki, Rusiya hələ də güclü hərbi sənayesi olan ölkələrdən biridir. Vertikal quyruq dayağına malik “Su-57” təyyarəsinin istehsalı sübut etdi ki, Rusiya artıq çoxdandır pilotsuz uçuş aparatlarıyla, qırıcı təyyarələrin müştərək şəkildə döyüş həyata keçirməsi qaydasını öyrənməyə başlayıb.

Pilotlar üçün təhlükəli sayıla biləcək bir çox tapşırıqlar var ki, onlar pilotsuz aparatlara həvalə oluna bilər. Və beləliklə də, insan itkisi problemi ortadan qalxar. Lakin tapşırıqları yerinə yetirən zaman pilotsuz uçuş aparatlarında ortaya çıxan problemlər, məhz pilotun olmaması ilə izah olunur.

Qeyd etmək lazımdır ki, müasir döyüş təyyarələri tapşırıqların yerinə yetirilməsi zamanı uzaq radiolakasiya qurğularınadan xeyli sayda məlumatalar alsalar da, bu, real döyüş şəraitində hər hansı xoşagəlməz vəziyyətlərin yaranmasını istisna etmir. Pilotsuz uçuş aparatlarını idarə edənlər isə döyüş meydanından uzaqda olurlar və yaranmış problemləri vaxtında aradan qaldıra bilmirlər.

Pilotsuz uçuş apartları və təyyarələrdən müştərək istifadə edəndə, pilotsuz aparatın idarə olunması təyyarə pilotunun üzərində düşür ki, bu da döyüş şəraitində manevr qabiliyyətini artırmağa imkan verir. Belə tip döyüşün aparılması üçün Rusiyanın ixtiyarında bir-birinə uyğun gələn stels texnologiyalı “Su-57” və “Ovçu” stels-pilotsuz uçuş aparatı var.
Onu da bildirmək lazımdır ki, “Su-57” təyyarəsinin stels xüsusiyyəti digər qırıcıları o qədər də üstələmir. Ona görə də “Su-57”-nin “Ovçu” ilə birlikdə fəaliyyət göstərməsi lazımdır. Bu, digər stels-qırıcılara qarşı mübarizə aparıb, onların öhdəsindən gəlməyə imkan verər.

Rusiya mühəndislərinin gördükləri tədbirlər Amerikanların “F-35” təyyarələrinin köməyi ilə pilotsuz uçuş aparatlarının necə idarə edilməsi texnologiyasını xatırladır. Həmin məqsədlər üçün hər iki ölkə stels qırıcılardan istifadə edir.

Pilotsuz uçuş aparatları ilə bağlı texnoloji araşıdrmalar sferasında, Rusiya, çöküşdə olmasına baxmayaraq, hələ ki, digər ölkələrdən geri qalmır. ”Ovçu” pilotsuz uçuş aparatının meydana çıxması isə, ondan xəbər verir ki, Rusiya pilotsuz aparatlar və stels texnlogiya sahəsində birinci eşalonda yer tutur.

Rusiya texnoloji cəhətdən geridə qalmadığını sübut etmək üçün müasir hərbi sistemlər istehsalında fəaliyyət sferasını genişləndirir. Amma məsələ ondadır ki, real döyüşlər olmadığı üçün Rusiya silahlarının keyfiyyət göstəricisi barəsində konkret söz demək olmur. Reklam hay-küyü real mənzərəni ört-basdır edir.

Digər yandan Rusiya mülki aviasiyanı dirçəltməyə çalışır və bu istiqamətdə xeyli xərc də çəkib. Elə “Suxoy” konstruktor bürosu hazırladığı “Suxoy Super Jet-100” kiçik füzelyajlı mülki təyyarələrini istismara verib. Bu təyyarələrin keyfiyyətsizliyi əyani şəkildə üzə çıxıb və onu alan Meksika, İrlandiya və İndoneziya aviaşirkətləri məyus olduqlarını deyirlər. Rusiyanın “Aeroflot” şirkəti isə bildirir ki, bu təyyarələrin alınması onları müflis edəcək, çünki təyyarələr yeni olsalar da, tez-tez nasazlıqılar yaranır və onları təmir üçün anqarda saxlamaq məcburiyyətində qalırlar.

Deməli elə buradan nəticə çıxarmaq olar ki, hərbi texnologiyada vəziyyətin necə olmasını real görmək olmur, lakin mülki texnologiyada bunu gizlətmək çətindir.

Məlumat üçün bildirək ki, SSRİ zamanı İlyuşin, Tupolev, Yakovlev konstruktor bürolarında hazırlanan təyyarələr “Boeing” və “Airbus” təyyarləri ilə yanaşı dünya aviasiya parkında mühüm yer tuturdu.

Vaqif NƏSİBOV
AzPolitika.info








loading...


Fikrinizi bildirin