Nazirlər ceyran qovalayır, kəndlərimizdə bayquşlar ulayır...

Seymur VERDİZADƏ

İki göz lazımdır ki, onun saxladığı göyərçinlərin gözəlliyinə tamaşa eləsin.

Əhmədin saxladığı 500 quşun hər birinin öz duruşu, öz baxışı var. Onlar havada qanad çalanda, insanın ruhu dinclik tapır.

Bayram tətilindən istifadə edib, ötən gün yenə Əhmədə baş çəkdim. Bir-birindən gözəl quşlar havada süzəndə qəlbim riqqətə gəldi, gözlərim doldu, uşaq kimi həyəcanlandım. Bu gözəl mənzərə ruhuma sığal çəkdi, illərin yorğunluğu canımdan çıxdı...

Sağollaşıb ayrılmaq istəyəndə, əlimi buraxmadı: "Bu gün mənim qonağımsan. Sənə qulluq etmək istəyirəm".

Dedim ki, narahat olma. Göyərçinlər mənə bolluca mənəvi qida veriblər...

Amma yenə dediyindən dönmədi: "Səni buraxan deyiləm. Bu gün əlim yaxşı gətirib. Dörd göyərçini Heydər Babayevə 1000 dollara satmışam. Qonağın ruzusunu Allah özündən qabaq yetirir".

Jurnalist marağı güc gəldiyi üçün ayaq saxladım: "Göyərçinlər Heydər Babayevin nəyinə lazımdır? O da quşbazdır?"

Təəccüblə üzümə baxdı: "Deyəsən, sənin dünyadan xəbərin yoxdur. Heydər müəllim Azərbaycanın bir nömrəli quşbazıdır. Hazırda 10 min göyərçin saxlayır".

Qınayıcı nəzərlərlə onu süzüb, belə dedim: "Hardan xəbərim olsun? Adam əmim oğlu deyil, dayım oğlu deyil. Bir də ki, 10 min göyərçini hardan tapıb?"

Mövzu quşlar olduğu üçün həvəslə danışmağa başladı: "Ay müəllim, Heydər Babayev 20 ildi quş saxlayır. İqtisadi inkişaf naziri olanda Şüvəlanda böyük bir ərazi ələ keçirmişdi. Hamı elə bilirdi ki, orda istehsal müəssisəsi yaradacaq. Amma böyük bir quş damı tikdi. O vaxt cəmi 3-4 min göyərçini vardı. İndi quşların sayı 10 mini keçib".

Yeni mövzu öz ayağı ilə gəlib çıxmışdı. Bircə qalırdı, bəzi məlumatları dəqiqləşdirmək. Söhbətə qaldığımız yerdən davam etdik: "Ay Əhməd, Heydər müəllimin quşlara xərci çox çıxır? Göyərçinlər nə yeyib, nə içirlər?"

Əlini nazik bığlarına çəkib, belə cavab verdi: "Kasıbın uşaqları yavan çörək yedikləri kimi, kasıb adamın quşları da quru buğda ilə dolanırlar. Amma Heydər Babayev göyərçinlərinə yaxşı baxır. O, quşlarına buğda ilə yanaşı, qarğıdalı, tum da verir. Buğdanın bir kiloqramı 50 qəpik, qarğıdalı 60, yaxşı tumun kilosu 2 manatdır. Heydər müəllim birdəfəyə 30-40 ton buğda, 20 ton qarğıdalı, 20 ton tum alır".

Əhməd dil-boğaza qoymadan danışsa da, daha onu eşitmirdim. Xəyal məni qanadlarına alıb, uzaq 90-cı illərə aparmışdı. Heydər Babayev İqtisadi inkişaf naziri olandan sonra Azərbaycan kəndləri sürətlə boşalmağa başladı. Yaxşı yadımdadı, yığdığı məhsulu bazara çıxara bilməyən bir qohumum evinin qapısına iri bir qıfıl vurub, Bakıya köçdü. Başqa bir tanışım isə ata yurdunu qonşusunun ümidinə qoyub, ailəsi ilə birlikdə Rusiyaya pənah apardı...

- Müəllim, sənə nə olub? Məni eşitmirsən?

Əhmədin səsi məni uzaq 90-cı illərdən dövrümüzə qaytardı. Əlimi onun çiyninə qoyub, belə dedim: "Ay Əhməd, bizim nazirlər quşa göstərdikləri qayğının yarısını insanlara göstərsəydilər, indi adam kimi yaşayırdıq".

Dostum razılıq əlaməti oıaraq başını tərpətdi: "Düz deyirsən. Nazirlərin əksəriyyəti çoxlu quş, heyvan saxlayır. Ziya Məmmədovun 1000-dən çox göyərçini var. Ziya müəllim həm də Novxanıdakı bağında delfin saxlayır. Adını dəqiq bilmirəm, amma bir məmur da timsah saxlayır. Onun timsahı bir quzunu birdəfəyə udur".

Ovqatım yenə təlx oldu. Əhməddən xahiş etdim ki, quşları bir dəfə də uçurtsun, bəlkə könlüm açıldı...

Qayğılı baxışlarını üzümdə gəzdirib, belə dedi: "Qanını qaraltma. Dünya belə gəlib, belə də gedəcək. Artur Rəsizadə də it həvəskarıdır. Bilgəhdəki bağında cins itlər saxlayır. Bir qohumu mənə dedi ki, Artur müəllimin itləri ayda 3-4 ton ət yeyir". Quşlar havaya qalxanda, dostum ağzını qulağıma yapışdırdı: "Bir nazir var, bağında ceyran saxlayır. Deyirlər, onun da hobbisi ceyran qovalamaqdır".

Taleyin ironiyasına bax, ha! Nazirlər ceyran qovalayır, kəndlərimizdə bayquşlar ulayır...

BAKU.WS

Şərhlər

MƏRHUM NƏSİBƏ ZEYNALOVA: 2019-08-01 12:22:11

Ədə, bəsdü-əl çəkün bu QUŞBAZDIĞDAN!

Son yazılar