KİTAB VƏ KABAB: Mədəniyyətin aldığını gödəniyyət verə bilməz!

Xalid NİYAZOV

“Hər səhər görürəm onu. Axşamdan qutuya yığdığı kitabları çıxarır, eynən ana körpəsinin boyunu oxşayırmış kimi birbəbir əlinə alıb nəsə dodaqaltı pıçıldaya-pıçıldaya tozunu silir, sonra da karton parçalarından düzəltdiyi “piştaxtanın” üstünə düzür. Bu “vitrin”də hər kitabın öz yeri var. Kimlər yoxdu burda? Azərbaycan, rus, dünya ədəbi fikrinin klassikləri, korifeyləri...”

Həqiqətən ürəkağrıdan səhnələrdir.

Müstəqilliyimizin bizə töhfələrindən biri də bu oldu.

Hər nə qədər ağrılı olsa da, bir vaxtlar taxtalı evlərin, səliqəli mağazaların bəzəyinə, mətahına, əlamətdar günlərin ən urvatlı hədiyyəsinə çevrilən kitab bu gün məmləkətdəki “analoqu olmayan inkişafı” öz taleyində yaşaya bilmir.

Zatən, kitab oxumağı xoşlamayan bir xalqın belə bir inkişafla yoldaşlığının özü onun həqiqiliyini sual altında qoyur.

Biz kitaba bu qədərmi laqeyd, dönük olduq?!

***

Sözümün “mustafa”sına keçməzdən əvvəl bir haşiyə çıxmaq istəyirəm; yəni proloq əvəzi.

Yaxınların söhbətidi. Moskvadan gəlirdim. “Domodedovo” hava limanınının gömrük əməkdaşı bir lentin üstündəki çantama baxırdı, bir əlindəki pasportla biletə, hərdən də az qala günahkar baxışlarla bəndənizə.

- Nəsə bir problemmi var? – mən soruşdum.

- Xeyr, xeyr! Amma üzr istəyirəm, çantanızdakı yəqin kitabdır da?..

- Bəli, lazımdırsa açıb göstərə bilərəm.

Cavabımdan bir qədər də təəccüblənir kimi görünən gömrükçü sənədlərə bir də nəzər salıb yazılanlara inanmırmış kimi soruşdu:

- Siz doğrudandamı Bakıdansınız?

- Sizi narahat edən yaxud maraqlandıran nədir, onu soruşun!

Səs tonumdan artıq əsəbiləşdiyimi hiss edən zabit sənədləri tez qaytarıb birnəfəsə boşaltdı:

- Heç, hər şey normaldır, gedə bilərsiniz. Sadəcə, bu neçə ildə birinci dəfədir ki, Bakıya uçan sərnişinin bir belə kitab alıb apardığını görürəm. Yaxşı yol!

***

Etibar bəy, xoş gəldiz, Facebooka! Dostluğumda olanlar yəqin bilirlər söhbət hansı Etibardan gedir – filosof, təhsil eksperti, məmləkətin ən... ən “ağır çəkili” ensiklopedisti.

Muxtar bəy, sizi də xoş gördük! Türk tarixini türkdən, Orta əsrlər Azərbaycan poeziyasını handa bir ədəbiyyatşünasdan pis bilməyən, hüquq sahəsində bir çox sinəsinə döyən “pəhlivan”la “qurşaq tutmağa” hazır hüquqşünas dostumuzu nəzərdə tuturam.

Bəli, bu gün çox adam FB-siz ötüşə bilmir. İş əsnasında bir “pəncərə” yarandımı, nəqliyyatda gedərkən, istirahətdə, evdə hamı əlində telefon sosial şəbəkələrin “küçə və dalan”larını dolaşmaqla məşğuldur. Vallah, bir də baxırsan ki, dörd-beş cavan oğlan yaxud qız toplaşıb bir yerə... ikisi söhbət eləyirsə qalanı gözdən oğurlanıb telefonla qurdalanır.

Şəxsən mən yalnız informasiya mənbəyi kimi baxıram bu sosial “poçtalyon”a. Hesab edirəm ki, gərəksiz informasiya kartof-soğanın, qarpızın, bizimkilərə daha əyan olsun deyə əlavə edim, tumun qabığı kimi bir şeydir... heç bir faydası-gərəyi yoxdur. Adamın informasiya “ekotarazlığını” pozmaqdan, məlumat güzərgahını zibilləməkdən savayı.

İnsanın beyninə “şurup” kimi işləyib biliyə çevrilən, bəzən adilikdən çıxıb düşünməyə sövq edən xəbərsə, bakılılar demiş, alayı şeydir. Bizim məhz bu cür informasiya aclığımızı öldürən üç-beş kişi var FB meydanında.

Onlardan bizə qürbətdən yazan “kadim” dostum Mayis Əlizadəni, yaddaqalan replikaları ilə “layk”ımızı və mütləq rəğbətimizi qazanan Qadir İbrahimoğlunu, bir çox statuslarını iti zəka və dərin istedadın xəlitəsi hesab etdiyim Kəramət Böyükçölü məmnuniyyətlə izləyirəm.

Ancaq FB-nin ənənəvi “müşqalat” hüdudlarından kənara çıxaraq bizi həm də maarifləndirməyə çağıran və çalışan dostlarımız da var. Yuxarıda adını çəkdiyim ensiklopedist-fenomen Etibar Əliyevi, unikal qələm və dərrakə sahibi Elçin Alıoğlunu, bir ayrı istedad və intellektə malik və son vaxtlar daha çox “travelblogger” imici ilə bizi feyziyab edən Eynulla Fətullayevi göstərə bilərəm.

Onların yazdıqları ilə hər tanış olduqca adamın əli qeyri-ixtiyari kitab rəfinə, internet-kitabxanaların namütənahi dərinliklərinə uzanır. Oxumaq istəyirsən. Oxumağın necə zövqlü, keyfli, faydalı və bir də dadlı bir məşğuliyyət olduğuna bütün varlığınla inanırsan.

***

Söhbətə nahaq yerə kitabla giriş vermədim. Bizim nəsil, eləcə də bizdən beş-altı il sonra gələnlər gecə yorğanın altında fənər işığında kitab oxuyanlar dəstəsindəndır. Bəlkə də düz eləməmişik... dünyanın və dəyərlərin bu cür dəyişəcəyini bilsəydik!...

Bizim vaxtımızda bir mütaliə ənənəsi, anturajı vardı. İdarə və təşkilatları, bəd ayaqda zibilliyi dolaşıb “makulatura” toplayar, 20 kiloya bir talona alıb həsrətində olduğumuz kitaba qovuşardıq. Məktəbdə “bulka pulu”ndan qənaət edib qonşuluqdakı kitab dükanına, universitetdə isə tələbə təqaüdünü alan kimi ilk növbədə “Kitab passajı”na enib əməlli-başlı “bazarlıq” etdiyimiz azmı olub? Mütaliə etməyin mənəvi ehtiyaca, zərurətə, kitab almağınsa ənənəyə, mədəniyyətə çevrildiyi həmin illər millətimizin mənəvi boyartımına, intellektual inkişafına barını, nəticəsini bu gün də tamsınıb hiss etdiyimiz əvəzsiz töhfələrini verdi.

Hərdən bir işimiz tərsə düşəndə, yaxud nəsə qane etməyəndə həmin günlərdən yana qəribə bir xiffət hissi keçiririk. Özü də bu nostalji duyğular gündəlik məişət qayğıları, həyatın felən çətinlikləri, ovqatla bağlı olsa idi, dərd nə idi ki!...

Teatrımız, musiqimiz, kinomuz, kitabımız, ünsiyyət mədəniyyətimiz və s. eyni depressiyanı yaşamaqdadır. Təkcə kitabla bağlı demək istərdim ki, orta statistik Bakı obıvatelinin mütaliəyə marağı əski sovet dönəmindəki Moskva, Sankt Peterburq, Kiyev kimi iri şəhərlərin oxucusunun ənənəvi marağını qabaqlamasa da, geridə də qalmırdı. Və o vaxtlar kitaba, mütaliəyə maraq bir ideologiya məsələsindən daha çox bir millətin, xalqın, insanın özünün fərdi məziyyətinə, elmi-intellektual və mənəvi-estetik keyfiyyət göstəricisinə çevrilmişdi.

Deyilənə görə, bəyənmədiyimiz sovet dövründə bir milyondan bir qədər artıq əhalisi olan Bakıda 150-yə yaxın kitab mağazası vardı. Və passionarlığı, intellektual səviyyəsi ilə tanınan paytaxt oxucusu bu mağazalarda zövqünə uyğun olaraq müasir və klassik Azərbaycan, rus, habelə dünya ədəbiyyatının incilərini, müxtəlif elmi-texniki nəşrləri əldə edə bilirdi. İndisə sayı üç milyon civarında olan paytaxt sakinlərinin kitab “təşnə”sini söndürə biləcək 10-15 dükan var ki, onların da əksəriyyəti şəhərin mərkəzi hissəsində yerləşir. Əhmədlidə, Yeni Günəşlidə, Hövsanda, Balaxanıda, Zirədə, hələ rayon mərkəzlərini demirəm ... yaşayanların kitab nəyinə lazımmış ki?!

Yaxud da başqa bir analogiya: yəqin razılaşarsınız ki, Moskva, Sankt Peterburq dünyanın ən bahalı şəhərlərindəndir. Analoji olaraq həmin şəhərlərin mərkəzi hissəsində yerləşən ticarət obyektlərinin də icarə haqqı “astronomik” rəqəmlərlə ölçülür. Lakin bakısayağı zehniyyətlə yanaşsaq, paradoksdur; Moskva və Piterdə iri kitab mağazalarının əksəriyyəti mərkəzdəki möhtəşəm tarixi binalarda yerləşir.

Əgər indi birisi durub maraqlansa ki, vaxtilə “Azərkitab”ın balansında olmuş kitab mağazalarının bəxtinə “hansı pişik (oxu: məmur - !) asqırdı”, onda ideoloji maarifçilik işinin nədən bu cür rəzil və mağmun durumda olduğuna əsla təəccüblənməyəcəksiniz. Neyçün ki, bizə kitab deyil, “Hellas” lazımmış!

Hardasa bir ilin söhbəti ola, ya olmaya. Jurnalist həmkarımız Rauf Arifoğlu FB səhifəsində, səhv etmirəmsə İsveçrədəki bir kitab mağazasının video görüntüsünü paylaşmışdı. Qədim bir sarayamı deyim, muzeyəmi deyim, oxşayırdı... zəngin interyeri, müxəlləfatı, memarlıq həlli ilə. Belə bir şərh yazdım:

- Avropa ona görə güclüdür ki, orada şadlıq evləri deyil, kitab evləri möhtəşəmdir.

Bəli, istənilən müqayisə ziyanımızadır.

Məmləkətdə heç də uzaq olmayan keçmişdə “tolkuçka”larda “sinka-soska” satmaqla pullanıb indi “novostroyka” ucaldan onlarca “milli” sahibkar var. Başımı kötüyə qoyaram ki, onlardan bircəciyi də tikdiyi binanın bir küncündə kitab dükanına 10-15 kv metr yer ayırmaz. Masaj salonuna, gecə klubuna, pivəxanaya, başqa “xana”ya ayırar, amma kitaba, kitabxanaya bilmərrə!

Maarifçilik ruhu, soydaşlarının elmin, biliyin, kitabın ziyasından faydalanmasına canyananlıq qanla, genlə, görmüşlüklə gələn bir şeydir, dədə! Yoxsa ki, gədadan heç vaxt bəy olası deyil.

***

Qürbətdə həsədlə müşahidə etdiyim mənzərələrdən biri də kitab dükanlarında kassalara olan növbələrdir... bəli-bəli, beş-altı kassa və hamısının da qarşısında növbə.

Bizdə isə ən iri kitab mağazaları nazir Kəmaləddin Heydərovun oğluna məxsus “Libraff” şəbəkəsinə aiddir. Günün istənilən vaxtında milçəyə həsrətdir ki, heç olmasa səs adına vızıltısı gəlsin.

Amma yenə sağ olsun ki, başqa məmur övladları dədələrinin korrupsiya layihələri ilə xaricdə qudurğanlıq elədikləri, yaxud Bakıda maşınla insanların həyatına yeriklədikləri bir vaxtda Tale Heydərov kimi gənclərimiz də var və onlar biznes layihəsi kimi hər nə qədər mənfəətsiz olsa belə, vəfalı bir kitabşünas, mesenat kimi mənəvi aclığın, mütaliə mədəniyyətinin qayğısına qalırlar.

O ki qaldı növbələrə, hə, bizdə restoran, kafe, gecə barlarına, kababxanalara növbə daha çoxdur, nəinki kitabxanalara.

Gödəniyyət mədəniyyətdən önə keçəndə belə olur.

***

Hərdən Azərbaycan haqqında danışanda bəzi zorən siyasi şərhçilər dərvişanə vəhylə “analoqu olmayan” epitetindən gen-bol istifadə etməyi xoşlayırlr. Başqa sahələri deyə bilmərəm, amma mərc gələrəm ki, Azərbaycan adambaşına düşən şadlıq evlərinin sayına görə dünya ölkələri sırasında liderdir. Yenə də eyni inam və qətiyyətlə iddia edə bilərəm ki, Azərbaycan kitabxanaların və kitab dükanlarının sayına görə nəinki regionda, postsovet məkanında, hətta dünyada ən axırıncılar sırasındadır.

Bir yerdə ki, kitaba hörmət kultu yoxdur, sözün də dəyəri olmayacaq. Sözün qiymətdən düşdüyü torpaqda isə yalnız nadanlıq, cahillik, savadsızlıq toxumları cücərə bilər.

Biz nə üçün oxumuruq? Nə üçün mənəvi qidanı maddi qida ilə əvəz etmişik və bu halımızla da xeyli xoşbəxt və tox görünürük?!

Nədən hansısa müğənniciyəzin yubkasının “razrezi”, sinə dekoltesi, alt paltarı ilə bağlı xəbər Qarabağnan bağlı, lap elə ölkəmizlə bağlı ixtiyari bir xəbərdən daha çox oxu sayı toplayır?

Adi obıvatel marağındanmı irəli gəlir?

Bəlkə elə mentalitetdir?!

Birincini yenmək mümkündür... ikincini dəf etmək üçünsə “sümük iliyi” səviyyəsində cərrahi müdaxilə gərəkdir.

Kitab fobiyamızı dəmirçi zindanı kimi körükləyən digər bir tutarlı amilsə milli teleməkanın miskin durumu ilə bağlıdır ki, bu da bir başqa “dastan”ın mövzusudur. İnsanlar ağıllı kitab oxuyub düşünməkdənsə, ucdantutma bütün kanallarda “uqolovnı rozısk” kimi kiminsə itiyini axtaran, yaxud “sobes” tək kiməsə pul toplayan, yenə də kiminsə evini, bağını, avtomobilini, kimininsə məşuqunu, alt paltarını və s. düşük şeyləri reklam eliyən verilişlərə baxırlar. Heç şübhəsiz, belə bir aludəçiliyin ictimai səbəbləri barədə hələlik bəhs etmək istəməzdim, zira, mütaliəli oxucu bunun da məqsədyönlü siyasət olduğunun fərqindədir.

Əlqərəz, TV adlanan “yeşik”də hər şey var, bircə kitabdan başqa. Niyə yoxdur? Çünki kitab maarifləndirir, öyrədir, aydınladır, ayıldır.

Bu isə “qorxuludur”!

***

Dünya inkişaf edib, əyyam dəyişib. Ancaq biz hələ də elmin, biliyin, əqlin, intellektin övladı deyil, Zakirin, Sabirin, Mirzə Cəlilin bədii “övlad”ı olmağı tərcih edirik.

Bu barədə düşünək!

Düşünək ki, əcnəbi yenə “göyə balonla çıxır”, əcnəbi bazara səbzə-meyvəynən deyil, ağıl, fikir, düşüncə məhsullarıynan girir, əcnəbi yuxuya tez getmək üçün deyil, tarixi zaman arasındakı əlaqəni daha mükəmməl qavramaq üçün kitab oxuyur.

Bizsə...

635x100

Şərhlər

Sahib 2019-08-15 12:53:12

O ki qaldı Azərbaycan təhsilinin ucdandutma rüşvət içində olması barədə bəyatanız da insafsız fantasikadır. Adının eybəcərcəsinə ingilisə çevrilməsinə baxmayaraq İqtisad Unv-də rüşvətin kökü təmiz qaşınıb. N.Tusidə əvvəl Yusif m. indi Cəfər müəllim tələbədən pul alan müəllim tapılanda canın alır. BDU-da da eyniyyən.Bir çox digər ali məktəblərədə də oxşar vəziyyətdir . Siz təhsildə ucdantutma rüşvət haqqında informasiya yazılmış neyronarınızı təmizləyin.

Sahib 2019-08-15 12:53:12

Ədalət bəy! Görünür sizin mütaliə təcrübəniz çox dayaz və ya mütaliə nəticəsində insanın "başəna nə gələ biləcəyi" barədə təsəvvürləriniz lap fantastikdir. Əsl bədii ədəbiyyət həmişə humanizmi, ümumbəşəri dəyərləri təbliğ etməyi ilə seçilib.Heç kəs Viktor Hüqonu, Balzakı olmaqla fransız şöviniztinə və ya köləsinə, Heyneni, Şilleri, H. Böllü oxumaqla alman, Dikkensi, Şeksperi, Uelsi oxumaqla ingili, Puşkini, Tostoyu, Çexovu oxumaqla rus köləsinə çevrilməyib.Mən hələ elmi, siyasii, texniki ədəbiyyatı demirəm!

t.ədalət 2019-08-15 12:53:12

Təəssüf edirəm ki,mənim şərhimə tamam başqa mövqedən yanaşırsınız.Mən, demək istəyirəm ki,ruslar bizi Moskvadan kitab alıb Bakıya gətirən kimi yox,işğal olunmuş ərazilərimizdə düşmənə qarşı döyüşən,erməni-rus hərbiçilərini darmadağın edən qəhrəmanlar kimi tanısınlar.Azərbaycan ali təhsilliləri ilə seçilən ölkədir.Amma nə olsun?Rus ədəbiyyatının mütaliəsi də bizi rus siyasətinin quluna çevirir.Bir də ki yurdu talanmışın kitab oxuması kimə lazımdır?Yaxşı olar ki,o kitabları Bakıya Avropadan gətirək.

Sahib 2019-08-15 12:53:12

Ay Ədələt lələ! Ay həzərat! Hərbi bilik və bacarıq üçün də kitab, mütaliə lazımdır. düzdür, vətəni kitabsız da sevmək olar. Lakin biliklə, savadla, vətənlə əlaqədar məlumatlı olmaqla sintez edilən sevgi, avam, lüt sevgidən daha mükəmməl, bitgin və faydalıdır! Biliyi, savadı, səviyyəsini itirən, mənəvi və intellektual deqradasiyaya uğrayan millət qulağının dibini görəndə itirdiyi tortpaqları da görər.

Hörmətli Ədalət bəyə! 2019-08-15 12:53:12

Hal-hazırda 10 milyonluq Azərbaycanda neçə nəfər səhərdən axşamacan durmadan itirilən torpaqlarəın azad edilməsi istiqamətində çalışır və başqa işlə məşğul olmağa və o cümlədən mütaliəyə, savadənın, biliyinin, mədəni və mənəvi səviyyənin təkmilləşdirilməsinə heç cürə vaxtı yoxdur? Deyək ki, 10 min nəfərin. Bəs qalan 9,9 milyonun mütaliəsinə nə mane olur?Millətin səviyyəsizliyinə Sizin gətirdiyiniz bəhanə lap zəngin olmaq istəyən əbləhin "varlananda salavat çəkərəm" bəhanəsinə bənzəyir.

əli 2019-08-15 12:53:12

Hörmətli Xalid bəy! Şükr ki, Azərbaycanda Siz, Etibar bəy kimi kitaba, mütaliyəyə dəyər verən, kitabın, mütaliyənin insan fəaliyyətinin bütün sahələri, mənəvi və zehni inkişaf, vəətəndaş yetkinliyi üçün necə böyük əhəmiyyət kəsb etməsini anlayan və təbliğ edən insanlar var. Sağlıq olsa vat tapın və dostlarınız ilə Yasamaldakı yeni parkla üzbəüz, Akim Abbasov küçəsində sentyabrın ortalarında açılacaq, fenoks kimi kül içindən dirçələn "Azərkitab"a təşrif buyurun.Sizin ideyalarınız bizimlə reallaşa bilər!

t.ədalət 2019-08-15 12:53:12

Yurd yerləri erməni-rus ordusu tərəfindən işğal olunmuş ölkə vətəndaşlarının yadına kitab düşməz.Biz bütün gücümüzü torpaqlarımızın xilas edilməsinə yönəltməliyik!Əgər başımızı kitab oxumaqla qatsaq,olanlarımızı da itirəsiyik.Ölkənin ali təhsil sistemi rüşvət və pulun üzərində qurulub.Yenicə diplom müdafiəsi edən məzunlar iş üçün təkrar imtahana məruz qoyulur.Yaxşı olar ki,ölkəni bürümüş xaosdan,ölkədə vəzifələri ələ keçirən "erməni uşaqlarından" yazasınız..

t.ədalət 2019-08-15 12:53:12

Hörmətli Sahib!Siz çox dayaz müşahidə sahibisiniz.Mən, BDU-nun jurnalistika fakültəsini bitirmişəm.İxtisasım çoxlu mütaliə tələb etdiyindən xeyli rus və dünya ədəbiyyatının nümunələrini oxumuşam.Lazımi qədər səviyyəm var.O ki qaldı İqtisad universitetinə.Deyim ki,bu gün tələbələrin ən çox kəsiri həmin universitetin payına düşür.Əvvəlki kimi ayrı-ayrı dəllalların deyil,rüşvət indi bir əldə cəmləşib.Təriflədiyiniz Cəfər müəllim də hansısa elmi potensialına görə deyil, naxçıvanlı olduğu üçün rektordur.

Son yazılar