Milli Şuranın sessiyası qalmaqallı keçdi - FOTOLAR- VİDEO

9 nəfər Milli Şuradan çıxarıldı

Bu gün  Milli Şuranın növbəti sessiyası keçirilib. İclas saat 16-ya nəzərdə tutulsa da gec başlayıb.

 Qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin təklifi ilə həmişə olduğu kimi, tədbir Azərbaycanın dövlət himninin oxunması ilə başlanıb.

Musavat.com-un məlumatına görə, sonra C.Həsənli gündəlikdə duran məsələlər barədə məlumat verib. O bildirib ki, toplantıda prezident seçkisinin yekunu barədə müzakirə olacaq və baş verənlərə qiymət veriləcək. Eyni zamanda, təşkilatı məsələlər müzakirə ediləcək, cari məsələlər də gündəliyin müzakirəsində var.

ACP sədri Sülhəddin Əkbər isə bildirdi ki, Milli Şuranın bundan sonrakı fəaliyyətinin formasını nəzərdə tutan bir sənəd layihəsi hazırlanmalıdır. Cəmil Həsənli bu təkliflə bağlı müzakirələrin sonra ola biləcəyini vurğuladı: “Gələcək fəaliyyətin istiqamətlərini növbəti iclaslarda müzakirə edə bilərik”.

ALP sədri Əvəz Temirxan isə təşkilati məsələlərin müzakirəyə çıxarılmamasını təklif etdi. O dedi ki, artıq ALP-nin Milli Şuradan qovulması barədə xəbərlər mətbuatın manşetlərini bəzəyir və ALP bunu arzulamır: “Təşkilati məsələlər indi gündəlikdən çıxarılsın. İstefa vermiş adamın, üzvün yenidən məsələsinin müzakirə edilməsi doğru deyil. Belə olacağı təqdirdə, biz Lalə Şövkətin istefasının da səbəblərini açıqlamalıyıq. Amma buna ehtiyac duymuruq və vaxt itirmək də istəmirik. Buna görə deyirəm ki, bununla bağlı müzakirələr olsa, biz bu müzakirədə və bu fəaliyyətdə olmayacağıq”.

Ancaq C.Həsənli bununla razılaşmayıb: “Milli Şuranı heç nə ilə hədələməyin”.

Bundan sonra mübahisə yaranıb və Ə.Temirxan Milli Şuradan getdiyini açıqlayıb və “Təəssüf edirəm”,- deyərək iclas zalını tərk edib. Milli Şura üzvləri onu alqışlarla yola salıb.

İclas davam edir.

***

Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov bildirdi ki, təşkilati məsələlər müzakirəyə çıxarılmalıdır və Milli Şuradan özü çıxmaq istəyən, istefa verənlərin adı Milli Şura üzvlərinin arasından çıxarılmalıdır. O, yeddi nəfərin istefa verdiyini diqqətə çatdırıb. Mustafa Hacıbəyli isə deyib ki, Milli Şuranın işinə mane olan, əleyhinə müntəzəm olaraq bəyanatlar verən Rəsul Quliyevin də qurumdan çıxarılması müzakirə edilməlidir. C.Həsənli isə növbəti sessiyaya qədər gözləməyi məsləhət gördü: “Rəsul Quliyev özü Milli Şuradan istefa verdiyini deməyib. Növbəti sessiyaya qədər gözləyək. Ya özü istefa üçün müraciət edər, ya da biz çıxardarıq”.

Fuad Qəhrəmanlı isə bildirdi ki, Ə.Temirxan Milli Şuranı tərk edərkən partiyanın qərarını təqdim etməyib və buna görə də onun qurumdan çıxarılması müzakirə edilməsin: “O, iki nəfərlə çıxdı. Media bunu diqqətə alsın, partiya hələ ki, qurumdan çıxmayıb. Sonradan bununla bağlı müraciət etsələr, müzakirə edərik”.

C.Həsənli isə dedi ki, Ə.Temirxanın addımı yanlış idi, amma qərar vermək lazımdır: “Hakimiyyətə qarşı mübarizə aparan qüvvələr burada olacaq, Milli Şura daha da güclənəcək. Bundan, gedənlərdən narahat olmayın”.

E.Namazov isə deyib ki, Milli Şuranın yarandığı gündən qurumun toplantılarında iştirak etməyənlər də var ki, onları da qurumdan çıxarmaq lazımdır. Bunlar da iki nəfərdir.

Bundan sonra 9 nəfər Milli Şuranın sıralarından uzalaşdırıldı. Onlardan 7-si öz bəyanatına, 2-i isə  davamlı qayıblarına görə qurumdan uzaqlaşdırılıb.

Siyahıya ALP lideri Lalə Şövkət, sabiq AXCP-çi Asəf Quliyev, “El” Hərəkatının eks-üzvü İlham Hüseyn, ACP-çilər Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova və İslam Partiyasından iki nəfər - Mövsüm Səmədov, Elçin Manafov daxildir.

Rəsul Quliyev və Əvəz Temirxan hələ ki, qurumdan çıxarılmayıb. Onlar barəsində növbəti sessiyada qərar verilməsi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar