Kənd təsərrüfatında inkişaf var, yoxsa tənəzzül? - Vahid Məhərrəmliyə cavab

Mürvət Həsənli

ADAM sədri

Məşhur bir aforizmdə deyilir: “Dünyada 3 cür yalan var:

Yalan,

Ağ yalan,

Statistika”.

Statistikanın ağ yalandan belə etibarsız olması, sözsüz ki, onun həqiqəti ifadə etməməsindən qaynaqlanmır. Bir çox hallarda statistik məlumatlarda əks olunan rəqəmlər əslində real həqiqəti ifadə edir. Amma bu quru rəqəmlərə necə və hansı aspektdən baxmaq onun ortaya qoyduğu nəticənin həqiqət və ya yalan olmasını müəyyənləşdirir.

Əvvəla, ona görə ki, statistik rəqəmlər sadəcə kəmiyyətin göstəricisi sayılır. Keyfiyyət bu rəqəmlərdə ifadə olunmadığı üçün statistikaya nəzər salmaqla bir sahənin inkişaf edib etmədiyini demək çətindir. Vəziyyəti qərəzli şərh etmək istəyənlər statistikanın bu çatışmazlığından faydalanaraq, keyfiyyəti yüksəltmək üçün göstərilən bütün səylərə rahatlıqla kölgə sala bilirlər.

İkincisi ona görə ki, statistika kəmiyyəti də olduğu kimi əks etdirmir və bəzən yetərsiz qənaətlər formalaşdırır. Məşhur bir nümunə ilə desək, yarısı su ilə dolu olan bir stəkana hansı yöndən baxmaq onun barəsində istənilən qənaəti yaratmaq üçün kifayət edir. Stəkana nikbin gözlə baxanlar onu yarısına qədər dolu görürlər. Bədbin əhval-ruhiyyəlilər üçün isə stəkan yarısına qədər boş olur. Hər iki mülahizə doğru olduğu üçün irəli sürülən fikirlərin necəliyi seyrçinin insafına və həmin an yaşadığı psixoloji durumuna qalır. Odur ki, statistik məlumatı hazırlayanlar kimi, onu birtərəfli oxuyanlar da real mənzərənin həqiqi qiymətini verə bilməzlər. Məhz buna görə də statistika yeri gələndə ağı qara, qaranı ağ göstərən böyük bir yalandan başqa bir şey deyil.

Maraqlıdır ki, hökumət dairələrinin bəzən hazırladıqları statistik məlumatlar müxaliflərin əlində ən ciddi silaha çevrilir. Stəkanı boş görmək istəyənlər onun yalnız yuxarı hissəsinə baxdıqları kimi, müxaliflər də statistikada ancaq və ancaq boşluqları axtarırlar. Bunun ən bariz nümunələrindən biri Milli Şuranın üzvü olan kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmlinin öz facebook səhifəsində ərzaq mallarının idxalı ilə bağlı paylaşdığı statusdur.

Vahid Məhərrəmli Dövlət Gömrük Komitəsinin cari ilin ilk 6 ayının idxal göstəriciləri ilə bağlı yaydığı statistik məlumatı şərh edərək yazdığı statusunda Azərbaycan hakimiyyətinin aqrar siyasətini bu cür qiymətləndirir: “Hakimiyyət kənd təsərrüfatını məhv etməkdə davam edir. Bu ilin yanvar-iyul aylarında keçən ilin eyni dövrü ilə müqayisədə yeyinti məhsulları idxalı 88 milyon dollar dəyərində artıb. Belə ki, keçən ilin 7 ayı ərzində ölkəyə 768,2 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunduğu halda, bu il idxal edilən məhsulun dəyəri 856,2 milyon dollar təşkil etmişdir. Əvvəlki ilə nisbətən ölkəyə daha çox buğda, ət, süd, kərə yağı, süddən hazırlanmış digər yağlar, meyvə-tərəvəz, düyü və sair məhsullar idxal edilmişdir”.

İlk baxışdan haqlıdır da. Həqiqətən sözügedən statistik məlumatda idxal məhsullarının artmasından söhbət gedir. Amma nədənsə Vahid Məhərrəmli bu şərhində yalnız kənd təsərrüfatı məhsulları üzərində dayanır. Halbuki, elə həmin sənədin tamamına nəzər salsaydı, aqrar məhsulların ümumi idxaldakı payının sadəcə 10% təşkil etdiyini görərdi.

Üstəlik, 6 ayın yekunlarına görə, ümumi ixdalda ən az artım da elə kənd təsərrüfatı məhsullarının payına düşür. DGK-nin dünən yaydığı məlumata görə, ümumi idxal ötən ilin müvafiq dövrü ilə müqayisədə 50.5 faiz artaraq, 7 milyard manatdan çox olub. Yeyinti məhsullarında isə bu göstərici sadəcə 12.2%-dir. Yəni ümumi göstəricidən hardasa 4 dəfə az.

Digər tərəfdən, hər hansı sektorda inkişaf göstəricilərini idxal məhsulların həcmi müəyyənləşdirmir. Əsas müəyyənləşdirici amil istehsal gücüdür. Rəsmi statistik məlumatlar isə istehsalda artım olduğunu təsdiqləyir. Bu inkişafı Vahid müəllimin nəzərinə daha əyani çatdırmaq üçün həmin məlumatları nöqtə və vergülünə toxunmadan dərc edirik:

“2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb.

Bitkiçilik məhsullarının həcmində 25,6% (1,77 mlrd.manat), heyvandarlıq məhsullarının həcmində 2,9% artım (1,9 mlrd. manat) qeydə alınıb. Aqrar sahənin Ümumi Daxili Məhsulda payı 5,6 faizə çatıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kartof istehsalı 10,3%, taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 40,7%, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 2541,7 min ton taxıl (qarğıdalı da daxil olmaqla), 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub.

2019-cu ilin ilk yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3%, süd istehsalı 2%, yumurta istehsalı 4,5%, yun istehsalı 0,8% artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 ton diri çəkidə ət, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunub.

2019-cu ilin 1 iyul tarixinə kimi 798,1 min hektar taxıl sahəsində biçin aparılıb. Ümumi taxıl sahələrinin 76,6%-i, o cümlədən, buğda sahələrinin 69,9%-i, arpa sahələrinin isə 94,5%-i biçilib. Sahələrdən 1,6 milyon ton buğda, 964,6 min ton arpa yığılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 60,0% və 18,9% çoxdur. 1 iyul tarixinə buğdanın məhsuldarlığı 33.2 sent/ha, arpanın məhsuldarlığı isə 29.9 sent/ha olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 sent/ha və 2,2 sent/ha çoxdur (Hardasa, 7.6% - M.H.)

Yanvar-iyun aylarında respublika üzrə 636.6 ton barama tədarük edilib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24% çoxdur”.

Sual oluna bilər: İstehsal artıbsa, onda bu artım niyə idxal məhsullarının azalmasıyla nəticələnməyib?

Zənnimizcə, bu sualın bir neçə səbəbi ola bilər. Səbəblərdən biri ötən illə müqayisədə bu il DGK-nin öz işini daha professional qurması və ölkəyə gətirilən məhsulların tam siyahısını tuta bilməsidir.

Turizmin inkişafı və əhalinin iqtisadi durumunun yüksəlməsini də idxal mallarının artmasının səbəbi kimi qiymətləndirmək mümkündür. Sirr deyil ki, insanların rifah halı yüksəldikcə, onların damaq dadları da çeşitlənir və nəticədə mal mübadilələri başlayır. Daha aydın dillə desək, sən əlindəki malları xaricə satır, damaq dadına uyğun mallar idxal edirsən. Turizmin inkişafı da eyni zamanda həm istehlakı, həm də ərzaq çeşitliyini artırır.

Ən başlıca səbəblərdən biri də yuxarıda bəhs etdiyimiz kimi ixrac mallarının artması ilə bağlıdır. Qeyd edək ki, statistik məlumatlar da bu versiyanı təsdiqləyir. Məlumata görə, 2019-cu ilin 6 ayı ərzində 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub:

“Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9% artıb. Yanvar-iyun aylarında ölkədən 181,3 milyon dollar dəyərində kartof və tərəvəz məhsulları, 137,2 milyon dollar dəyərində meyvə, 75,7 milyon dollar dəyərində pambıq lifi, 6,4 milyon dollar dəyərində tütün xammalı ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2% artıb”.

Sadaladığımız bu məlumatlardan da göründüyü kimi, Azərbaycanda kənd təsərrüfatı məhsullarında idxalla yanaşı, ixrac da artıb. İdxal-ixrac münasibətlərində üstünlük isə ikincinin tərəfində olub: İdxal – 12.2%, ixrac -27.9%. Elədirsə, idxalımızdan 2 dəfədən çox olan ixracımızı hansı xanaya yazaq? Bu, göstəricilər müsbət saldodur, yoxsa, Vahid Məhərrəmlinin dediyi kimi, tənəzzül? Adını iqtisadçı alim qoyan bir adam gərək bu cür “texniki” xətalara yol verməyə, birtərəfli qaydada iqtisadi analizlər aparmaya. Əks halda, rəqibləri onun bu manevrlərini müxalifliyinə yox, savadsızlığına da yoza bilərlər.

635x100

Şərhlər

AAgahuseyn 2019-08-18 21:41:04

Kimin yalan kimin düz danı.masını öyrənmək ücün bazara ğirin qiymətlər öpz qamaşdırır.Hər il təqaüdvə müavinətlər artmamış qiymətlər artır.160-aze təqaüd alan insan insan kimi yaşaya bilmir.ACINDAN BILIM-BILİM BILLANIR.Cək cəzandır ay millət BƏYƏNMƏDİK SSR-NI.

Sabir 2019-08-18 21:41:04

Məgər Azərbaycanda inkişaf edən sahə var? Bİri digərindən bərbad hala gətirilib.Yalnız "deputatlar"ın və yüksək vəzifə sahibi olan YAP-çıların maliyyə imkanları inkişaf edir.

Kərim 2019-08-18 21:41:04

....Nəzərə alınsa ki, keçən aylarında əhalinin maaş və müavinətlərində ciddi artım olmayıb və bununla əlaqədar əhlinin alıcılıq qabiliyyəti artmayıb. Nəzərə alsaq ki, bu il bir çox meyvə.tərəvəzin qiymətləri əl çatmaz olub o zaman idxalın artımı daxldə bu məhsulların azlığına sübutdur. Bunun kimi digər kənd təsərrüfat malları da əsasən xaricdən gətirilib......

Son yazılar