ABŞ-ın Azərbaycana göndərdiyi səfirlə bağlı dinləmələr başlayır

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ölkənin Azərbaycandakı yeni səfiri postuna namizəd Robert Cekuta ilə bağlı dinləmələr keçiriləcək. Trend-in ABŞ Senatının Xarici Əlaqələr Komitəsininin saytına istinadən verdiyi məlumata görə, dinləmələr sentyabrın 17-nə nəzərdə tutulub. Azərbaycana səfir postuna namizədlə yanaşı, dinləmələr ABŞ-ın Ermənistan, Makedoniya və Montenoqradakı yeni səfiri postuna namizədlərlə bağlı müzakirələri də əhatə edəcək. Qeyd edək ki, Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Cekutanın namizədliyini irəli sürüb.

Cekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb. Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. O, bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib. Almaniyada iqtisadi müşavir-səfir kimi Cekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Kabildəki səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.

Daha əvvəl Cekuta ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsində (1999-2000-ci illər) çalışıb. O, ABŞ DD-də müxtəlif vəzifələr tutub, energetika, ticarət və iqtisadi inkişaf məsələlərinə cavab verib, eləcə də iqtisadi siyasət və ictimai diplomatiyanın analizi üzrə direktor, bioloji texnologiyalar üzrə xüsusi vasitəçi və İraq iqtisadi hədəf qrupunun direktoru olub. Sekuta Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.

Qeyd edək ki, hazırda ABŞ-ın Azərbaycandakı səfir vəzifəsi vakantdır. Bundan öncəki səfir Riçard Morninqstar səlahiyyət müddətini başa vurararaq ABŞ-a qayıdıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar