SABİQ DEPUTAT DÖVLƏT HESABINA VƏKİL İSTƏDİ - Hacıyevin məhkəməsi yarımçıq qaldı

Sabir bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb. Musavat.com xəbər verir ku, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib.

Sadiq Murtuzayevin vəkili  bildirib ki, Sadiq Murtuzayevə qarşı irəli sürülmüş ittiham istintaq orqanının subyektiv mülahizələrinə əsaslanıb.

"Məhkəmə istintaqı da bu istiqamətdə getdi. Yəni, istintaq orqanının ittihamı əsasında da araşdırılma aparıldı və bir növ ittiham təsdiq edildi. Amma müdafiə etdiyim şəxsin günahsız olduğunu sübut edən mötəbər sübutlar araşdırılmadı"- deyə vəkil bildirib.

Vəkil müdafiə etdiyi şəxsin günahsız olduğunu bildirib və buna görə də onun barəsində bəraət hökmü çıxarılmasını istəyib. Müdafiəçi həmçinin Sadiq Murtuzayevin əmlaklarına qoyulmuş həbs qərarının da məhkəmə tərəfindən götürülməsini istəyib.

Ramiz Kərimovun vəkili də məhkəmə çıxışında müdafiə etdiyi şəxsin günahsız olduğunu söyləyib.

Vəkil deyib ki Ramiz Kərimov sabiq polis əməkdaşıdır: "Ramiz Kərimov uzun müddət işsiz qalıb. Daha sonra mühafizə xidmətində işə düzəlib. Müdiriyyətin istəyi ilə sənədləri imzalayıb. Uzun müddət işsiz qalan bir adam müdiriyyətin bu istəyini neçə geri çevirə bilərdi? Həm də burada hansı cinayətkar qrupdan söhbət gedir? Bu adamların çoxu bir-birini tanımır. Həmçinin ortada törədildiyi deyilən cinayəti sübut edən heç bir fakt yoxdur. Bu səbəbdən də müdafiə etdiyim şəxs barəsində bəraət hökmü çıxarılmasını tələb edirəm".

Məhkəmə sabiq deputat Dünyamin Xəlilovun vəkilinə də söz verib.

Vəkil çıxışa hazır olmadığını, Dünyamin Xəlilovla məsləhətləşdikdən sonra çıxış edəcəyini bildirib.

Dünyamin Xəlilov da bunu təsdiqləyib və məhkəmədən vəkilinə vaxt verilməsini istəyib. Məhkəmə bu xahişi nəzərə alıb.

Xatırladaq ki, prokuror Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzasl ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə, İsmayıl Hidayət-zadəyə isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyib.

Bildirək ki, İsmayıl Hidayət-zadə Cahangir Hacıyevin bacanağıdır. O, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru vəzifəsində işləyərkən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun cəzasını 5 ilə endirib.

Prokuror bu işdə adına şirkət açılan və bu yolla da bankdan milyonlarla manatın çıxarılmasına şərait yaradan digər təqsirləndirilən 18 nəfərə isə şərti cəza təyin edilməsi istənilib.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,1 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

635x100

Şərhlər

Dövlətini sevən 2019-08-19 12:59:53

Zakatalanın sabiq deputatı Dünyamin Xəlilova Şəki İHB-ı Elxan Usubov tərəfindən 2013 - cü ildə "Şəkinin Fəxri Vətəndaşı" adı verilib..Aidiyyatı qurumların rəhbərləri ondan soruşmurlar ki, ay E.Usubov Dünyaminə nə üçün Şəkinin Fəxri Vətəndaşı adını vermisən ? Axı o vəzifə səlahiyyətini aşaraq dövlətin milyonlarını mənimsəyib, Şəkinin inkişafı üçün o 1-manatlıq iş görməyib ? Şəki inkişafdan qalan rayonlardandır.....

Son yazılar