“RELAX ƏMƏLİYYATI”NIN ORTAYA ÇIXARDIĞI HƏQİQƏTLƏR… – Vergilər Nazirliyinin gücü kimlərə çatırmış?

Dərc olunub: 21/08/2019 - 08:20

maxresdefault

Azərbaycanda qanunların öz sərt üzünü yalnız kasıb-kusuba, yetim-yesirə göstərdiyni xüsusi olaraq isbat etməyə ehtiyac yoxdur. Bu kateqoriyaya aid olmayan imtiyazlı milli “aristokratlarımıza” isə qırmızı xətti keçməyənə qədər kimsə gözün üstə qaşın var demək istəmir…

Son günlərin ən çox müzakirə olunan mövzusu – deputat İqbal Məmmədovun “Relax” İstirahət Mərkəzinə gələn vergi işçilərinin döyülərək qovulması hadisəsi bir tərəfdən arxalı işbazların hansı həddə qədər “şişdiklərini” göstərirsə, digər tərəfdən də, Vergilər Nazirliyi başda olmaqla, dövlət qurumlarının acizliyinin, öz işinin öhdəsindən gələ bilməməsinin, vətəndaşları tutduqları mövqe və vəzifələrinə görə təbəqlərə ayırmasının isbatı oldu.

“Relax” İstirahət Mərkzəzinin rəsmi internet səhifəsində göstərilir ki, burada nömrələrin qiyməti sutkalıq 100 manatdan 300 manata qədər dəyişir. 14 hektar ərazisi olan mərkəzdə 142 nömrə və 20-dən çox müxtəlif təyinatlı iaşə obyekti var. Bu istirahət mərkəzinin tikintisinə, avadanlıqlarla təminatına və s. xərclənən milyonlarla, bəlkə də on milyonlarla dollar vəsaitin mənbəyini bir tərəfə qoyaq. Çünki bu mənbə hökumətdə az adamı maraqlandırır. Sadəcə, Vergilər Nazirliyinin DİN və Baş Prokurorluqla birgə yaydığı rəsmi məlumatlara diqqət yetirmək kifayətdir ki, ölkədəki real vergi intizamı, biznes və rəqabət mühiti barədə aydın təsəvvür yaransın.

150-yə yaxın nömrə və 20 müxtəlif təyinatlı obyektin daxil olduğu 14 hektarlıq ərazini əhatə edən və böyük ehtimalla ən azı 100 nəfərin çalışdığı “Relax” ötən 2018-ci il ərzində cəmi 10 min 726 manat, bu ilin 7 ayı ərzində isə vur-tut 972 manat vergi ödəyib! Rəsmi məlumatda belə deyilir. Vergilər Nazirliyinin yaydığı məlumatdan belə çıxır ki, yay-qış fəaliyyət göstərən həmin bu nəhəng obyekt ötən il ortalama olaraq, ayda 890 manat, bu il isə ayda cəmi 138 manat(!) vergi ödəyib. Nə işdirsə, deputatın bu görünməmiş “səxavəti” isə Vergilər Nazirliyini  qane edib. Hətta deputatın dediyinə görə, hadisədən 10-15 gün əvvəl də vergi müfəttişləri “Relax”da olub və razı gediblər.

 

vergiler

Qeyd edək ki, belə obyektlər mütləq şəkildə ƏDV ödəyiciləri olmalıdırlar. ƏDV ödəyiciləri isə hər ayın 20-dək ötən aya görə vergi hesabatı verməlidirlər. Yay mövsümündə az qala ağzınadək dolu və qışda da kifayət qədər müştərisi olan, üst-üstə 160-a yaxın nömrə və iaşə obyektinə malik bu mərkəzin gündəlik ortalama dövriyyəsi, hətta nömrənin birini 100-150 manatdan hesablasaq belə, 20 min manat, aylıq isə 5-6 milyon manat təşkil edir. Biz hələ kompleksdəki restoranların, hovuzun və digər obyektlərin qazancını hesaba salmırıq. Belə bir obyekt tərəfindən bu ilin 7 ayında aylıq cəmi 138 manat vergi ödənməsini qoyaq bir kənara (Çünki bu, bir vergi orqanı üçün xəcalət mənbəyindən başqa bir şey deyil və bu barədə danışmaq belə ayıbdır!), hətta ötən ilin hər ayına cəmi 890 manat ödənilməsi belə vergi əməkdaşlarınınöz işinin öhdəsindən gələ bilməməsinin göstəricisidir. Çünki 890 manat, təxminən 10 işçiyə görə büdcəyə köçürülməli olan sosial sığorta haqqının məbləğindən belə azdır, hansı ki, burada işçi sayı dəfələrlə çoxdur! Aylıq 5-6 milyon dövriyyə isə ayda yüz minlərlə, ildə isə bir neçə milyon manat vergi hesablanmasını və ödənilməsini tələb edir. Ancaq ortada nəinki milyonlar, heç bunun mində biri yoxdur.

Əgər sözügedən obyekt ƏDV ödəyicisidirsə, deməli hər ay vergi hesabatı verilib və vergi əməkdaşları vəziyyəti görüblər. Görüblərsə, bəs indiyə qədər hara baxırdılar? Gərək 2 il gözləyəydilər, sonra da gedib döyüləydilər ki, hamı bundan xəbər tutsun və vergi işçiləri, nəhayət, çoxdan yerinə yetirməyə borclu olduqları vəzifələrini həyata keçirsinlər?

Hələ bu, sıradan bir deputat-biznesmendir. Bunun biznesmen-prokuroru, polis rəisi, hakimi, icra başçısı, başçı müavinləri, nazir və nazir müavinləri, sayları 200-ü keçən generalları və sadalamadığımız bir sürü məmur-oliqarxı, onun-bunun adamı var! Bu gedişlə Vergilər Nazirliyinin  işi çətin olacaq. Hazırda mövcud olan mənzərə budur ki, heç də qılıncının həm dalı, həm də qabağı kəsən toxunulmazlar sırasında olmayan, ortadan da aşağı kateqoriyaya aid bir biznesmen-deputatın belə qapısını 2 ilə yaxındır döyməyə cəsarəti çatmayan, qorxa-qorxa döyəndə də özü döyülən bir vergi orqanı ilə üz-üzəyik. Belə çıxır ki, hər məmurun, deputatın, oliqarxın və başqa arxalı “day-dayın” obyektinə daxil olmaqdan ötrü Vergilər Nazirliyi üçün ayrıca bir “Qara Kəmər” əməliyyatı təşkil etmək lazımdır. Doğrusu, hakimiyyətdəki aparıcı və nüfuzlu qüvvənin təmsilçisi olan, ciddi siyasi dəstəyə malik bir nazirin belə aciz duruma düşməsi olduqca təəccüblü və anlaşılmazdır…

Ancaq görünür, vergi orqanı yenə də bata bilmədiklərinin heyfini yetim-yesirdən çıxmaq praktikasına üstünlük verir. Misal üçün sizə Bakıda 1 manat 50 qəpik – 2 manata telefon aksessuarları satan 30 kvadrat metrlik elə mağaza, yaxud dönərxana göstərərik ki, vergi orqanı onu ayda 1000 manat və daha artıq vergi ödəməyə vadar edir, yəni “Relax”ın ödədiyindən qat-qat artıq! Niyə, çünki onun sahibinin sahibi yoxdur…

vergi-1542719571

Yaxud, olsun Vergi Məcəlləsinə edilən son dəyişikliklər. Sadələşdirilmiş vergi ödəyicisi kateqoriyasına aid olan mikro və kiçik sahibkarlıq subyektlərini ƏDV və gəlir vergisi ödəyicisinə çevirmək üçün vergi orqanının çıxmadığı oyun qalmadı. Kimin bank hesabına başqa vergi ödəyicisinə göstərdiyi xidmətə görə 10-ca manat pul köçürülsə, dərhal onu çevirib edirlər gəlir vergisi, bir az da “dərinə getsələr”, ƏDV ödəyicisi. Bu isə sadələşdirilmiş üsulla müqayisədə təkcə qat-qat artıq hesabat, kağız-kuğuz yox, həm də dəfələrlə artıq vergi ödənişi deməkdir.

Son günlərdə isə nə vaxtsa bir “qələt edib” də VÖEN almış və 5 il bundan öncə fəaliyyətini dayandırmış, hazırda sahibkarlıq fəaliyyəti olmayan vətəndaşlara parta-partla 40 manat cərimə göndərirlər. Adını da qoyurlar ki, “5 ildən sonra VÖEN-iniz avtomatik olaraq, aktivləşib, siz isə rüblük hesabatı verməmisiniz”. Baxmayaraq ki, VÖEN-lərin aktivləşməsi barədə insanlara heç bir məlumat verilməyib. Nəticədə, 40 milyonların vergidən yayındırılmasını “görməyən” nazirlik, kasıb-kusubun 40 manatına göz dikməklə, büdcə doldurmağa çalışır. Və bütün bu hoqqaların da adı olur “vergi islahatı”…

Sözsüz ki, “Relax” macərası ictimailəşməsəydi Vergilər Nazirliyinin milyonlarla gəliri olan obyektlərdən 100-150 manat vergi toplaması praktikası bu dərəcədə aşkara çıxmayacaqdı. Və kim bilir, hələ nə qədər belə “Relax”lar var!

Bizə qalır sadəcə, onların sayını təxmin etmək və nə vaxtsa bu vəziyyətin yaxşılığa doğru dəyişəcəyi arzusu ilə yaşamaq…

Cəlal MƏMMƏDOV
AzPolitika.info








loading...


Fikrinizi bildirin