RƏFSƏNCANİ ƏLİYEVLƏ DANIŞIQLARININ SİRRİNİ AÇDI – “Deyirdi ki, İran və Azərbaycan Rusiyanı öz hüdudlarına qaytara bilər”

Yaddaşım məni heç cür aldada bilməz, 1993-cü ilin oktyabrında Prezident Administrasiyasının binasında birgə mətbuat konfransı keçirilirdi. Salondakı atmosfer o günlərin siyasi havasına uyğun idi. Arxa sırada oturmuşdum, yanımda əyləşmiş əslən iranlı həmkarımla arada-bərədə kəlmə kəsirdik.

Prezidentlər növbə ilə bəyanatlarını verirdi. Amma Əli Əkbər Rəfsəncaninin bir cümləsinin tərcüməsi İrandan gəlmiş tərcüməçinin xoşuna gəlmədi. Qaçaraq mikrafona yaxınlaşıb öz versiyasını dedi. “Elə mən də eyni şeyi dedim də!” – deyə azərbaycanlı tərcüməçi qeyzləndi.

Mənə təəccüblü gələn biz tərəfdən tərcüməçinin İran səfirliyinin əməkdaşı olması idi. Adı yadımdadır – Ədalət, familyasını, təəssüf ki, unutmuşam.

…Əli Əkbər Haşimi Rəfsəncaninin “Quruculuq mətanəti” (“Səlabət-e sazəndegi”) kitabında 1993-cü ilin 27-28 oktyabrında baş tutmuş Bakı səfəri barədə xatirələri ilə təsadüfən rastlaşdım – bir internet forumunda. Mənə çox maraqlı gəldi, beynimdə xeyli suallar doğdu…

Rəfsəncani xatırlayır:

“Sübh namazından sonra dənizə baxan otağın eyvanında bir az gəzişdim. Soyuq külək əsirdi. Geri dönərkən, Mehdini (Mehdi Haşimi – prezidentin oğlu – Ə.R.) oyatdım. Səhər yeməyindən sonra səfirimiz cənab [Əli Əsgər] Nəhavəndian planı izah etməyə gəldi.

Sonra Heydər Əliyev təşrif gətirdi, onunla birlikdə Şəhidlər Xiyabanına baş çəkdik. Məraqlı məkan idi. Keçmişdə qəbiristanlıq yeri olub və kommunist dövründə park halına gəlib. SSRİ-nin dağılmasından sonra sovet hökumətinin süqutu ərəfəsində şəhid olmuş 90 nəfər burada dəfn edilib, məkan şəhid məzarlığına çevrilib. Qarabağ müharibəsi şəhidləri də burada dəfn olunurlar.

Dedilər ki, artıq 2 minə yaxın şəhid orada dəfn olunub. Təpə yamaclı, çoxsaylı ağaclarla əhatə olunmuş və baxımlı idi. Dedilər ki, ermənilərə qarşı müharibədə minlərlə şəhid veriblər və 25 min nəfər əlil olub.

Əklil qoyduqdan, “Fatihə” oxuduqdan, məzarları ziyarət etdikdən və bir çox sual-cavablardan sonra yaralıları görmək üçün xəstəxanaya getdik. Bizi daxili işlər naziri (Vaqif Novruzov) qarşıladı və özü polis zabiti olan xəstəxana müdiri məlumat verdi. Xəstəxana DİN-ə aid və yaralananların əksəriyyəti də polis idi. Dedilər, 25 xəstəxanaları var.

Çarpayılarda uzanmış yaralılardan 9-u ilə danışdım. Digər palatada daha çox adam vardı. Bir neçə nəfərin ayaqları kəsilmiş, bəziləri İranda müalicə olunmuşdu. Bu günə qədər 108 yaralını İrana göndərdiklərini, Tehran, Təbriz və Rəştdə müalicə aldıqlarını, çox məmnun qaldıqlarını söylədilər.

Xəstəxananın aşağı qatında xəstəxana rəhbəri İranın dəstəyinə görə minnətdarlığını bildirdi və mən döyüşçülərlə qısa, həvəsləndirici söhbət etdim. Cənab Əliyev də müharibə haqqında qısa danışdı və bizə təşəkkür etdi.

Döyüşçülərin əhval-ruhiyyəsi pis deyildi, lakin müharibədə gördüyümüz bizim yaralı döyüşçülərimizlə müqayisədə, çox fərqli idilər. Bəziləri depressiyaya düşmüşdü. Hər birinə 30 min rubl hədiyyə verdik.

Şəxsi danışıqlar üçün Prezident Administrasiyasına getdik. Dəbdəbəli bina idi. Doktor [Əli Əkbər] Vilayəti və cənab [Həsən] Həsənov da bizimlə idi, səfirlərimiz tərcüməçiliyi öhdəsinə götürmüşdü. Onlar oturduqdan sonra telefon zəng çaldı və söhbətin müharibə barədə getdiyi məlum oldu.

Cənab Əliyev dedi ki, Araz çayının Zəngilan ərazisindəki hissəsi ağır erməni atəşi altındadır və əhali ölümdən qurtulmaq üçün Araz çayı vasitəsilə İrana keçir, tələfat var. Fövqəladə kömək lazımdır. Ehtimalımıza görə, bu, danışıqların əsas məzmunu ilə bağlı əsas müzakirə mövzusunun girişini qeyri-müəyyən edirdi, amma bu, həqiqət deyildi.

Xəritəni gətirdilər və izah etdilər. Məlum oldu ki, Zəngilan işğal olunsa, Ermənistan sərhədindən tutmuş Parsabad şəhərinə qədər şimal sərhədimiz ermənilərin nəzarətində olacaq. Qəti təklif budur ki, onlar üçün mübarizə aparaq. Açıq şəkildə dedilər ki, biz sizə bütün Azərbaycanı veririk və biz Azərbaycanda İslam Respublikası yaratmağa hazırıq. İranın köməyi olmadan müdafiə oluna bilmərik və ermənilərin Bakıya doğru irəliləməsi imkanı var…

Guya 1980-ci ildə ermənilər tərəfindən nəşr olunmuş “Böyük Ermənistan”ın xəritəsini gətirdilər. Ermənilərin Qara dənizdən Xəzər dənizinə, cənubda Urmiyəyə və qərbdə Türkiyə ərazisindən Suriyanın şimalına kimi ərazilərə iddia etdiklərini göstərdilər.

Dedim ki, bu, regional və qlobal təhdid kəsb edən çox böyük bir qərardır və onun nəticələri müxtəlif istiqamətlərdə araşdırılmalı və Tehranda buna cavab verilməlidir. Ancaq təcili olaraq görülməli iş atəşkəsə nail olmaq və Zəngilanın itirilməməsi üçün müqavimət göstərməkdir.

Bu məqsədlə doktor Vilayəti elə həmin görüşdə Ermənistan xarici işlər nazirinin müavini ilə əlaqə saxladı və ismarışımızı Ermənistan prezidentinə çatdırdı, ona əvvəlki telefon söhbətimizdə ermənilərin indiki hüdudlardan kənara çıxmayacağı və son günlərdə həyata keçirilən əməliyyatları pozacağımıza dair dediklərimi xatırlatdı. Sakit bir şəkildə, bir növ, təhdid etdik. Ermənistan prezidentinə şəxsən mənimlə telefonla danışmasına icazə verdim.

Rəsmi danışıqlara uzun gecikmə ilə başladıq. Jurnalistlər görüşün sonuna qədər qaldılar və cənab Heydər Əliyevlə mən əməkdaşlıq və onun əhəmiyyəti haqqında çox şey danışdıq. Müharibə haqqında müəyyən şəkildə Azərbaycanın nəfinə danışdım.

Təkbətək görüşə qayıtdıq. Telefon zənglərinin nəticələrini yoxladıq və cənab Əliyevlə birlikdə İran Milli Bankının Bakıdakı filialına getdik. Bank sədri və doktor Adili məlumat verdilər. Əsasən iranlı olan bir çox müştəri məmnun qaldı. Sonra cənab Əliyevin adına hesab açıldı. Müxbirin sualına cavab verdim və qayıtdım. Hərəkət etdiymiz küçələrdə duyğularını ifadə edən, təəccübləndiyim və yoldaşlarımın heyrətini doğuran azərbaycanlıların qələbəliyi idi.

Yoldaşlarımızla nahar yedik. Bir qədər dincəldikdən və namazı qıldıqdan sonra cənab Əliyevlə birlikdə neft emalı zavoduna getdik. Orada yeni bir qurğu istehsal etmişdilər. Zavod direktorunun hesabatından qurğunun olduqca ucuz başa gəldiyini öyrəndik. Ağazadəyə (neft naziri – Ə.R.) dedim ki, məsələni araşdırsın. Mehdi və neft nazirinin müavinlərindən biri araşdırma üçün qaldı.

Cənab Heydər Əliyev və mən qısa çıxış etdik. Fəhlələr bizi səmimi qarşıladı. Buketi gətirən və onu vermək istəyən xanıma əziyyət vermədim.

Dedilər ki, 105 illik təcrübəsi olan Bakı neft emalı zavodu bölgədəki ilk və ən qədim neft emalı zavodudur.

Oradan İran Mədəniyyət və Təhsil Kompleksinin açılışına getdik. Kompleks Bakının ən yaxşı məhəllələrindən birində 30 min kv/metr ərazidə qurulur və çoxəhatəlidir. Mövcud təhsil tədbirləri və gələcək planlar barədə məlumat verildi. Cənab Əliyev və mən çıxış etdik, hər ikimiz təmələ külüng vurduq.

Cənab Əliyev kütləni ruhlandıran coşqun bir çıxış etdi. O, keçmiş Sovet İttifaqında Azərbaycandakı 14 illik rəhbərliyi dövründə bütün istiqamətlərdə görülən işlərdən danışdı. Demək olar ki, inşa etdiyi bütün mühüm binalar, küçə və meydanlar xalq arasında məşhurdur. O, həqiqətən, ictimai binalar, çox geniş və yaxşı təchiz olunmuş mərkəzlər daxil olmaqla, sənaye, habelə kənd təsərrüfatı sahələri, o cümlədən üzümçülük və pambıqçılığın inkişafı üçün vacib işlər görüb.

Fürsət düşdükdə, yorulduğum üçün bir az istirahət etdim. [Həsən] Ruhani, Vilayəti və [Mahmud] Vaizi gəldilər. Dağlıq Qarabağ müharibəsi ilə bağlı mövqeyimizi müzakirə etdik.

Yenə də ermənilərə qarşı müharibədə onlara dəstək olmaq üçün Əliyevlə təkbətək görüşümüz oldu və nəticədə atəşkəsin əldə edilməsi, geri çəkilmə və mühasirədə olan Zəngilana yardım yolları açmaq üçün siyasi səy göstərmə fikrinə vardıq. Habelə sərhəddə manevr etmək. Ki, qoşunlarımız müdafiənin keyfiyyəti ilə bağlı danışıqlar aparsınlar, Tehranda müdafiə ittifaqı təklifi nəzərdən keçirilsin və sonra cavab verilsin.

Bizə atışma intensivliyinin azaldığı bildirildi.

Bu xəbərlə şam yeməyinə getdik. Geniş zalda yüzlərlə dəvətli qonaq toplaşmışdı. Bir az musiqi səsləndi.

Yeməkdən sonra atəşkəsə nail olduq; o həyata keçdi.

Gec yatdım.

***

Demək olar ki, hər yerdə Prezident yanımda idi və maşında yol gedərkən, çox yaxşı söhbət etdik. Səfirimiz yaxşı və etibarlı tərcüməçi idi və həmişə bizi müşaiyət edirdi.

Maraqlıdır ki, onların səfirimizə inamı o qədər yüksək idi ki, məxfi məsələləri də yanındaca müzakirə edirdik.

Onun (Heydər Əliyev – Ə.R.) ən vacib və təkrarlanan sözlərindən biri də İranın ermənilərlə müharibə fürsətindən yararlanması və Azərbaycanda varlığını genişləndirməsi idi. Çünki onsuz da buranı İrana aid edirlər, odur ki, gəlin müdafiə edin.

Naxçıvanda da eyni şeyi söyləyir və təhlil edirdi ki, Azərbaycanı nəzarətinizə götürsəniz, bütün Qafqazda rus hegemonluğu sarsılacaq. Bəzən deyirdi ki, İran və Azərbaycan birlikdə Rusiyanı əsl (tarixi – Ə.R.) hüdudlarına qaytara bilər, çünki Dağıstan, Tatarıstan, Çeçenistan, İnquşetiya və Osetiya, hamısı Rusiya hakimiyyətindən narazıdır.

Əlbəttə, müharibədəki çarəsizlik və Rusiyanın ermənilərə dəstəyi ucbatından, cənab [Saparmurad] Niyazovun Xəzər dənizinin hüquqi rejimi ilə bağlı müzakirələrdə rusların tələbi ilə razılaşdığına görə bu mövqeyə gəldiyinə əmin ola bilmərik. O, Niyazovu da tənqid etdi.

Ümumən [Əliyev] digər prezidentlərə nisbətən daha anlayışlı və praktikdir, amma Azərbaycanı idarə etməkdə çətinlik çəkir və bütün problemləri Xalq Cəbhəsinə bağlayır…”

Əziz RZAZADƏ

Strateq.az

635x100

Şərhlər

EJDER 2019-08-23 00:15:00

AY,BIC...ELE INDIDE ELEDIR BUTUN PROBLEMLER AXC ILE YOLA VERILIR,DEMELI ZENGILANI QORUMAQ,AZEBICANI ISTEMEDINIZ.KQBEWNIK PUTIN YEYE CIXDI,LUKAWENKO CANI DENIZDEN DENIZE XERITE SOHBETI ONU GOSTERIR KI,DANIWIQLAR BOW WEYDI,BUNU HAMI BILIR.CAQIRIN LAZIMI

Son yazılar