Türkiyənin İraqda başladığı əməliyyatın 4 hədəfi – Politoloq şərhi

Türkiyə ordusunun dünən axşamdan İraqın şimalında başladığı növbəti “Pəncə 3” hərbi əməliyyatının bir neçə məqsədi var.

Bu əməliyyatı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərh edib. Onun sözlərinə görə, bu əməliyyatla terrorçu PKK təşkilatının Kandildən Türkiyə sərhədinə qədər olan uzun məsafə nəzarət altına almaq hədəflənib:

“Yəni Türkiyə ordusu PKK-nın bazası sayılan Kandillə arasındakı məsafəni qısaldır ki, terrorçular özlərini güvəndə hiss etməsinlər. Başqa sözlə Türkiyə ordusu terrorçuları sərhəddən çox uzaqda qarşılayaraq onları neytrallaşdırmağa çalışır.

İkincisi, əməliyyat əsasən Suriya sərhədinə yaxın Hakurk bölgəsini əhatə edir. PKK bu bölgənin imkanlarından geniş istifadə edərək Suriyadakı uzantılarıyla əlaqə yaradır. Türkiyə bu əlaqəni də zəiflətməyə çalışır. Üçüncüsü, PKK ölümə göndərdiyi terrorçularının önəmli hissəsini məhz Hakurkda hazırlayaraq Türkiyəyə göndərir. Dördüncü, Türkiyə ordusu “Pəncə 3” əməliyyatı ilə PKK-nın qışa hazırlıqlarını əngəlləyir. Hakurk bölgəsinin bombalanması PKK üzvlərinin həm Türkiyə sərhəddinə yaxınlaşmasını, həm də geri Kandilə dönməsini çətinləşdirir”.

Yeni əməliyyatın Türkiyə üçün geosiyasi əhəmiyyətinin olduğunu da qeyd edən politoloq diqqətə çatdırıb ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan bir neçə gündən sonra Moskvaya rusiyalı həmkarı Vladimir Putinlə görüşə gedəcək:

“Türkiyənin Suriyanın İdliblə bağlı mövqeləri zəifləyir, Suriya ordusu bu şəhərə xeyli yaxınlaşıb ki, bu Türkiyənin Suriyadakı maraqlarının əleyhinə işləyir. Türkiyənin İdlib istiqamətdəki mövqeyi zəifləyərkən Ankara PKK və PYD ilə mübarizədə əlini gücləndirməyə çalışır. Əgər keçmiş illərdə İraqın mərkəzi hökuməti və Şimali İraqın kürd liderləri Türkiyənin oxşar əməliyyatlarına etiraz edirdilərsə, hazırki əməliyyata etiraz yoxdur. Türkiyənin terrora qarşı haqlı mübarizəsi anlayışla və ya səssiz qarşılanır. Bu Türkiyənin də maraqlarına uyğundur”.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, “Pəncə-3” əməliyyatı sərhəd təhlükəsizliyini təmin etmək, İraqın şimalında, Sinat-Haftanin bölgəsində yerləşən terrorçuları, onların istifadə etdikləri mağara və sığınacaqları məhv etmək məqsədilə icra edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar