Bu gün Azərbaycan və Türkiyə görünməmiş hərbi təlimlərə başlayır- 30 min canlı qüvvə ilə
“Turan ordusu” gerçəyə çevrilir: bir həftə davam edəcək təlimlərdə 250-dən artıq zirehli texnika, raket və artilleriya qoşunlarının 150-dən çox qurğusu, 20-dək təyyarə, 15 helikopterdən istifadə olunacaq
Türkiyə və Azərbaycanın strateji müttəfiqliyini sübut edən, düşmənə qarşı eyni cəbhədə dayandığını təsdiqləyən növbəti razılaşma əldə olunub. İki qardaş dövlətin yüksək səviyyədə verdiyi qərara əsasən, sentyabrın 12-dən etibarən Türkiyə və Azərbaycan genişmiqyaslı hərbi təlimlərə start verəcəklər.
Sentyabrın 20-dək davam edəcək hərbi təlimlərlə bağlı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plan haqqında Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, sentyabrın 13-dən 20-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Birinci mərhələdə kəşfiyyatın bütün növlərinin, Xüsusi Təyinatlı Qüvvələrin, Hərbi Hava Qüvvələri, o cümlədən Hava Hücumundan Müdafiə Qoşunlarının qarşılıqlı fəaliyyəti və uzlaşma məsələlərinin öyrənilməsi nəzərdə tutulub.
İkinci mərhələdə Quru Qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili və aparılması, taktiki hava desantının, reyd və ön dəstələrin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetirəcəklər.
Müdafiə Nazirliyi bəyan edir ki, Ali Baş Komandanın şəxsi göstərişinə əsasən, təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 10.000 nəfərədək hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək. Döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçiriləcəkdir.
Üçüncü mərhələdə təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunacaq, praktiki raket buraxılışları və bombalama həyata keçiriləcəkdir.
Avqustun 19-da Naxçıvan şəhərində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli görüşdə də mühüm razılaşmalar əldə olunmuşdu. Görünən budur ki, işğalçı Ermənistan iri layihələrdən kənarda qaldığı kimi, əməlləri sayəsində bu kimi razılaşmaları da kənardan seyr edir.
Qeyd edək ki, sentyabrın 3-7-ci tarixlərində Ermənistandakı Alagöz təlim-məşq kompleksində Rusiya hərbi bazası və Ermənistan Müdafiə Nazirliyi hərbçilərinin iştirakı ilə batalyon-taktik təlimlər keçirilmişdi. Ancaq sözügedən hərbi təlimlər çox kiçik kontingenti əhatə etmişdi. Bildirilirdi ki, 1500 hərbçinin, 300 zirehli tank, avtomobil və xüsusi hərbi texnikanın cəlb olunduğu təlimlər Birləşmiş Silahlı Qoşunların və Qüvvələrin komandanı general-leytenant Mixail Qriqoryanın başçılığı ilə keçirilib. Hesab olunur ki, Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin irimiqyaslı təlimləri həm də bölgəni təhdid edən işğal faktoruna, həmçinin təcavüzkar Ermənistanı dəstəkləyən qüvvələrə cavab xarakterlidir. Azərbaycanla Türkiyənin birgə addımlarının Ermənistanda nə qədər narahatlıqla izlənməsinin əvvəllər də şahidi olmuşuq.
Düşmən ölkədən isə artıq ilk reaksiyalar gəlməkdədir. Azvision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan İqtisad Universitetində çıxışı zamanı bildirib ki, Azərbaycan Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə təsir etmək məqsədilə sərhəddə təxribatlar törətməyə cəhd edir. Ohanyan iddia edib ki, Ermənistan tərəfi problemin sülh yolu ilə həll olunmasını istəyir: “Danışıqlar prosesində əsas məsələ Dağlıq Qarabağa öz müqəddəratını təyin etmə hüququnun verilməsidir”. Ohanyanın sözlərinə görə, Ermənistan qarşılıqlı güzəştlərə getməyə hazırdır. Lakin danışıqlar prosesində Ermənistanın birtərəfli güzəştlərə getməsi yolverilməzdir. Ermənilərin xüsusilə Rusiyanın sanksiyalarla sıxışdırılması şəraitində nə dərəcədə çətin duruma düşdüyü göz önündədir. Bu mənada düşmənin mələk donunda görünməyə çalışması sadəcə vəziyyətdən çıxmağa xidmət edir.
NATO-dakı uğursuzluğun ardınca Ermənistan rəhbərliyi Türkiyə-Azərbaycan hərbi alyansı ilə üz-üzə qalmalı olub.
A.İsazadə deyir ki, Qarabağ danışıqlarının intensivləşməsi şəraitində hərbi təlimlərin keçirilməsinin üstün cəhətləri də az deyil: “Danışıqlarda siyasi yol axtarışını yüngülləşdirən amillərdən biri hərbi təlimlərdir. Hərbi gücü nümayiş etdirməklə danışıqlarda müəyyən üstünlük qazanmaq mümkündür”. Bununla belə, hərbi ekspert güman etmir ki, Qarabağ müharibəsi başlayacağı təqdirdə İrəvan-Moskva koalisiyasına qarşı Bakı-Ankara koalisiyası üz-üzə dayanacaq: “Müharibə olsa, açıq formada nə Rusiya, nə də Türkiyə münaqişəyə qoşulmayacaq və bir-birini savaşa cəlb etməyəcəklər. Amma sözsüz ki, hər bir dövlət imkan daxilində yardım edəcək”.
Bu arada diqqətçəkən başqa məsələ də var.
Belə ki, Moskva Ermənistanda narahatlıq doğuran prosesi, Azərbaycana silah satışını davam etdirir. Məlumata görə, Rusiya 100 ədəd “T-90S” tankının Azərbaycana göndərilməsini 2015-ci ilin əvvəlində başa çatdıracaq.
A.İsazadə Rusiyanın Ermənistanla bərabər Azərbaycanı da silahlandırmasını aşağıdakı kimi şərh etdi: “Hər iki tərəfə silah satmaq hər iki tərəfi özündən asılı etmək, digər tərəfdən də regionda hansısa tərəfin güclənməsinə və Moskvasız, təkbaşına çalışmasına imkan verməmək məqsədi daşıyır. Eyni zamanda bu, əks tərəfə siqnaldır ki, mənim təsir çərçivəmdən çıxsan, silah verməni azaldacağam, digər tərəfə isə çoxaldacağam”.
Rəsmi İrəvan hələlik susur və narahatlıqla prosesləri izləyir. Görünən budur ki, prezidentlərin Paris görüşü ərəfəsində Ermənistan çıxılmazla üzbəüz qalıb.(musavat.com)
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.