Yuan son 11 ilin minimum həddinə enib

Şanxay birjasında son hərrac zamanı yuanın dollara qarşı məzənnəsi 7,1425 təşkil edib. Bu da 2008-ci ildən etibarən ən aşağı həddir.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bununla yanaşı, Honq Konqdakı hərrac zamanı da ofşor yuanının dollara qarşı məzənnəsi 7,1859 təşkil edib. Bu da onun qeydiyyatı aparıldığı 2010-cu ildən etibarən ən aşağı həddir.

Bu gün Çin Xalq Bankının (Mərkəzi Bank) təyin etdiyi yuanın 7,057-lik sorğu məzənnəsi ekspertlərin gözlədiklərindən çox olub. Yuanın bazar məzənnəsi gün ərzində sorğu məzənnəsindən maksimum 2 faiz fərqlənə bilər.

Qeyd edək ki, ötən cümə günü Çin hökuməti ölkəyə idxal olunan 75 milyard dollarlıq ABŞ mallarına sentyabrın 1-dən və dekabrın 15-dən etibarən 5-10 faizlik rüsum tətbiq etmək qərarı verib. Bununla yanaşı, ABŞ soya paxlasına və neftinə 5 faizlik rüsum (sentyabrın 1-dən), avtomobillərinə isə yenidən 25 faizlik rüsum (dekabrın 15-dən) tətbiq olunacaq. Bundan sonra ABŞ prezidenti Donald Tramp 250 milyard dollarlıq Çin mallarına mövcud 25 faizlik rüsumun oktyabrın 1-dən etibarən 30 faizə, 300 milyard dollarlıq Çin idxalatına sentyabrın 1-dən tətbiq ediləcək yeni rüsumun isə 25 yox, 30 faiz həcmində təyin olunacağını açıqlayıb. Bununla yanaşı, D.Tramp ABŞ şirkətlərini Çindəki istehsalatı bağlamağa çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar