Vəfa Quluzadədən Qarabağ müharibəsi anonsu

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Ukraynadakı hadisələrə görə Qərbin təzyiqlərindən sığortalanmaq üçün Rusiyanın Qafqazda yeni müharibə ssenarisinin hazırladığını bildirib.

Xatırladaq ki, son günlər regionda münaqişə tərəflərinin ciddi fəallığı hiss olunur. Sentyabrın 3-7-ci tarixlərində Ermənistandakı Alagöz təlim-məşq kompleksində Rusiya hərbi bazası və Ermənistan Müdafiə Nazirliyi hərbçilərinin iştirakı ilə batalyon-taktik təlimlər keçirilib. 1500 hərbçinin, 300 zirehli tank, avtomobil və xüsusi hərbi texnikanın cəlb olunduğu hərbi təlimlər kiçik bir kontingenti əhatə edib.

Buna cavab olaraq isə sentyabrın 12-dən etibarən Türkiyə və Azərbaycan geniş miqyaslı hərbi təlimlərə start veriblər. Təlimlərə 30.000 nəfərədək şəxsi heyət, 250-dən artıq zirehli texnika, raket və artilleriya qoşunlarının 150-dən çox qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək təyyarəsi və 15 helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

Vəfa Quluzadə Aktual.az-a bildirib ki, ABŞ və Avropanın sanksiyalarından çıxılmaz durumda qalan Rusiya hakimiyyəti təşviş içində Qərbə təzyiq üsulu axtarır: "Burada gözlənilməz hadisələr baş verə bilər. Putin Qərbə, Avropaya təzyiq üsulu axtarır ki, ondan əl çəksinlər. Amma onlar Rusiyadan əl çəkən deyillər. Ona görə ki, Putin bütün beynəlxalq hüquq normalarını pozub və istəyir ki, bu pozuntu ilə Qərb barışsın. Qərb iqtisadi, hərbi baxımdan Rusiyadan qat-qat güclüdur. Ona görə də onlar Putinin qabağından çəkinməyəcəklər. Burda çıxış yolu Putinin geri çəkilməsidir. Amma məsələ burasındadır ki, Putin çəkilsə, özü çökəcək. Yəni bu şəraitdə ondan gözlənilməz addımlar gözləmək olar".

Politoloq hesab edir ki, Putin diqqətləri yayındırmaq üçün regionda ikinci Qarabağ müharibəsini başlamaq istəyir: "Rusiya regionda belə bir təxribata əl ata bilər. Ona görə də buna hazır olmaq lazımdır. Çünki bu dəqiqə dünyanın bütün diqqəti Ukraynadadır, amma burada yeni bir müharibə olsa, diqqətlər bizim regiona çəkiləcəkdir. Baxmayaraq ki, bu dəqiqə ermənilər heç bir müharibədə maraqlı deyillər. Amma təlim keçirmək nədir? O təlimi keçirməklə Qərbə mesaj verir ki, məndən əl çəkin. Mən burada böyük bir müharibəyə başlaya bilərəm. Bu şəraitdə isə Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri olduqca yerindədir. Bu da Rusiyaya mesajdır ki, əgər sən belə bir addım atsan, Türkiyə Azərbaycanla bərabər sənin qarşına çıxacaq. Rusiya bilməlidir ki, Türkiyənin əsgəri gücü Rusiyanınkından qat-qat artıqdır. Ona görə də Türkiyə əsgəri baxımından regionun ən güclü dövlətidir. Üstəlik, Türkiyə NATO-ya üzv dövlətdir və Türkiyə Azərbaycanla burada rus-erməni təcavüzünə cavab vermək iqtidarındadır. Mən hesab edirəm ki, bu təlim bir mesaj kimi Rusiyaya çatacaq və regionda stabillik pozulmayacaq".

Sabiq dövlət müşaviri ikinci Qarabağ müharibəsinin başlmaq ehtimalını bu cür izah edib: "Rusiya Ermənistanda daima hərbi təlimlər keçirir. Eyni zamanda Rusiya Azərbaycana hərbi texnika satır. Dünən Rusiya hakimiyyətinə yaxın olan RBK telekanalında xəbər getdi ki, Rusiya Azərbaycana ən müasir 100 ədəd T-92 tankı satıb. Rusiya bunu puldan başqa, Azərbaycana ona görə satır ki, Azərbaycan ürəkli olsun və Ermənistanı vursun. Yəni bir sözlə müharibə olsun. Rəsmi Moskvanın bizə silah satması, münasibətinin yumşalması, Azərbaycana dost deməsi o deməkdir ki, yəni ürəkli olun biz sizi vurmayacağıq. Bir sözlə, Rusiya sadəcə müharibə etməkdə maraqlıdır və mən əminəm ki, Azərbaycan rəhbərliyi bunu başa düşür".

Siyasi şərhçinin fikrincə, əslində, biz torpaqlarımızı hərbi yolla azad edə bilərik, amma bunu fəsadlarını da bilməliyik: "Bu dəqiqə bütün dünyanın diqqətinin Azərbaycana, Ermənistana doğru yönələcək və Azərbaycan güclü olduğuna görə birinci mərhələdə Ermənistana böyük zərbələr dəyəcək. Elə buna görə də bütün dünya bizim əlehimizə çevriləcək. Rusiyada elə bunu istəyir. Ona görə də Rusiyanın tonunun dəyişməsinə biz aldanmamalıyıq. Bundan başqa, onu da nəzərə almalıyıq ki, Rusiya ilə Ermənistanın əsgəri müqavilələri var. Əgər Ermənistan müharibə vəziyyətində olsa, Rusiya Ermənistanın köməyinə gələcək. Eyni zamanda Kreml bilməlidir ki, Türkiyə Azərbaycanı sata bilməz. Çünki bu, Türkiyənn özünə zərbə ola bilər. Bu məsələdə Azərbaycana diqqətsizlik edən iqtidar Türkiyədə hakimiyyətdə qala bilməz. Ona görə də Türkiyə Azərbaycanın arxasında ciddi dayanıb və dayanmaq məcburiyyətindədir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar