“PUTİN ƏRDOĞANI TƏHDİD EDİR...” – “Məqsəd onu Əsədlə bir masaya oturtmaqdır”

“AzPolitika.info” Suriyada baş verən son hadisələr, Türkiyənin təhlükəsizliyi üçün yaranan təhdidlər, Prezident Ərdoğanın qəfil Moskva səfəri və Putinlə apardığı danışıqlar mövzusunda mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, siyasi təhlilçi Oqtay Qasımovla müsahibəni təqdim edir.

- Oqtay bəy, Suriyada yaşanan sürətli hərbi-siyasi proseslər, ələlxüsus İdlib istiqamətində Əsəd qüvvələrinin irəliləməsi Türkiyə Prezidenti Ərdoğanın təcili Moskvaya səfər etməsinə səbəb oldu. Hazırda Suriyada nə baş verir və bu proses Ankara-Moskva xəttində hansı problemlər yaradıb?

- Açıq deyilməlidir ki, Suriyanın İdlib vilayətindəki son hərbi durum Türkiyə ilə Rusiyanın maraqlarının toqquşma nöqtəsidir. Burada hər iki dövlətin maraqları bir-birinə ziddir. Rusiya təbii ki, Suriyada Bəşər Əsəd rejimini dəstəkləyir, onun hakimiyyətdə qalması üçün hər cür addım atır və çalışır ki, Əsəd prezident olaraq öz hakimiyyətini Suriyanın bütün ərazilərində möhkəmlətsin. Bu baxımdan Türkiyə ilə Rusiyanın məsələyə baxışında çox ciddi fərqlər var. Türkiyə Bəşər Əsədi prezident olaraq qəbul etmir, onun hakimiyyətdən getməsini istəyir. Odur ki, bu məsələdə Ankara və Moskvanın maraqları bir-birinə əksdir.

Məsələnin digər tərəfi isə son günlərdə İdlibdə yaşanan hadisələrdir. Faktiki olaraq Moskva Türkiyəni dolayısı yolla ittiham edir ki, ötən ilin sentyabrından İdlib bölgəsində nəzarət məntəqələri qurulmalı idi və bu nəzarət bölgələrində türk əsgərləri yerləşməli, müəyyən mənada təhlükəsizlik zolağı yaratmalı idi. Beləcə İdlib vilayətində məskunlaşan iyirmiyə qədər terror təşkilatının döyüşçüləri bu ərazilərdən çıxarılmalı idi. Bu yolla bölgə zaman-zaman terrorçulardan təmizlənməli idi. Rusiyanın indiki mövqeyi dolayısı yolla bundan ibarətdir ki, Türkiyə üzərinə düşəni yerinə yetirməyib, İdlib vilayəti Türkiyənin nəzarətinə verildikdən sonra heç bir irəliləyiş baş verməyib. Prezident Putin açıq formada bəyan edib ki, Türkiyə İdlibdə nəzarəti keçirənə qədər terrorçular vilayətin 90 faizinə qədərinə sahib olublar. Üstəlik, Rusiyanın bölgədəki hərbi bazalarına təhdid yaradıblar, hücumlar təşkil ediblər. Odur ki, indi Rusiya mövqeyini açıq ifadə edir. Görünən budur ki, Rusiya bu məsələdə geri çəkilməyəcək, Bəşər Əsədin bu ərazilərdə hakimiyyətinin bərqərar olmasını təmin edəcək.

- Prezident Ərdoğanın Moskva səfəri zamanı hansı razılaşma əldə olunub?

- İş ondadır ki, Suriya ərazilərində Suriya dövlətinin suverenliyi bərqərar olmalıdır. Təbii ki, Ankaranın da marağı ondan ibarətdir ki, Suriya ərazisində özünə yer tapan terror təşkilatları Türkiyənin maraqlarını təhdid etməsin, Suriyada sabitlik olsun, ağır humanitar çətinliklərə səbəb olan köç dalğası baş verməsin, əlavə döyüşlərin başlaması səbəbindən Türkiyəyə 100 minlərlə qaçqın axını müşahidə edilməsin. Əslində Ankara üçün vacib olanı bundan ibarətdir. Fikrimcə, bu məsələlərə nail olmağın yolu Suriya hakimiyyəti ilə danışıqlara getməkdir. Təbii ki, əslində Suriya rejiminin idarəedici qüvvəsi Rusiyadır. Yəni Suriyada Bəşər Əsəd deyil, Rusiya söz sahibidir. Əlbəttə, İranın da Suriyada maraqları və ciddi təsirləri var. Bu üç ölkənin razılaşması ilə maraqlar uzlaşdırılmalıdır. Düşünürəm ki, sonunda Türkiyə dövləti Suriya dövləti ilə təmaslarda olmalı, müəyyən əlaqələr qurulmalı və qarşılıqlı maraqlar çərçivəsində mövcud olan problemlər həll edilməlidir. Bütün hallarda həm Bəşər Əsəd, həm Tehran, həm də Moskva birlikdə İdlibin təmizlənməsi və bu vilayətdə Əsədin hakimiyyətinin bərqərar olmasına çalışacaqlar, yəqin buna da nail olacaqlar. Belə davam edərsə Türkiyə Bəşər Əsəd rejimi ilə müəyyən təmaslara keçməlidir. Çünki Ankaranın Amerika ilə təhlükəsizlik bölgəsi yaratmaq və orada müəyyən nəzarətin həyata keçirilməsinə dair razılaşma Rusiya tərəfindən heç də xoş qarşılanmır. Bu mərhələdə Rusiya həm də buna görə İdlibdə Türkiyəni sıxışdırmağa başlayıb. Ərdoğan Moskvaya səfər etməzdən iki gün əvvəl Kremlin mətbuat katibi Peskov bəyan etdi ki, Putin Türkiyənin narahatlığını anlayır, amma İdlib vilayətində baş verən hadisələrə həssaslıqla yanaşır. Çünki İdlib vilayətində Rusiya hərbçilərinə və hərbi bazalarına təhdid mövcuddur. Son dövrlər terrorçular xüsusilə aktivləşib, silahlı hərəkətləri çoxaldıb və s. Bu mənada Moskvada Putin-Ərdoğan arasında İdlib mövzusunda ciddi bir razılaşma əldə edildiyi ağlabatan deyil.

- Demək istəyirsiniz ki, Ərdoğan Moskvadan əli boş qayıdıb?

- Ola bilsin ki, müvəqqəti anlaşma əldə edilsin. Amma fundamental olaraq maraqların çarpaz olması səbəbindən bu mövzuda uzunmüddətli anlaşma əldə edilməsi qaranlıq görünür. Hesab edirəm ki, Moskva görüşü bu problemi həll etməyəcək.

- Bu halda Suriya rejimi, Tehran və Moskvanın son anda Türkiyəni Suriyada çıxdaş etməsi ehtimalı nə dərəcədə realdır?

- Təbii ki, Rusiya çox istərdi ki, Ankara Bəşər Əsədlə barışsın, onunla bir masa arxasında əyləşsin və məsələləri müzakirə etsin. Rusiyanın istəyi budur. Məhz buna görə də Putin Ərdoğanla bir əvvəlki görüş zamanı 1999-cu ildə Adanada imzalanan razılaşmanı təsadüfən ortaya atmamışdı. Rusiya Türkiyəyə təklif edir ki, Suriya rejimi ilə barışın və onlarla bir masa arxasında müzakirələr aparsın. Yəni əgər Suriya rejimi ilə təmaslara keçməyəcək və ABŞ-la hərəkət edəcəksinizcə, bu halda Suriyadan sıxışdırılacaqsınız.

- Ruslar bunu Ankaraya təklif edir, yoxsa son hərbi əməliyyatlarla Ərdoğanı Əsədlə əməkdaşlığa məcbur etməyə cəhd göstərir?

- Bəli, indi İdlibdə Rusiyanın dəstəyi ilə Bəşər Əsəd ordusunun əməliyyatlara başlaması, əslində Türkiyəni buna məcbur etməkdir. Bu artıq təklif deyil. Təklif əvvəllər səsləndirilib. Ancaq indi Türkiyə hərbi karvanına hava zərbələri endirilməsi, 9 saylı müşahidə postunun mühasirəyə alınması, habelə 10 saylı müşahidə postunun atəşə tutulması artıq təklif yox, təhdid və təhriklərdir.

- İdlibi götürməklə Əsədin Suriyada qalib gəldiyi elan olunacaq?

- Bəşər Əsəd rejimi Suriya ərazilərinin müəyyən qisminə nəzarəti həyata keçirir. İdlib vilayəti hələlik Əsədin nəzarətində deyil. Cənubda Deyrazor məntəqəsi də rejimin nəzarətində deyil. Əslində ən ciddi təhdid ABŞ-ın dəstəklədiyi YPG/SDG qüvvələrinin nəzarət etdiyi Fəratın şərq hissələridir. Suriya ərazisinin 33 faizi ABŞ tərəfindən dəstəklənən və silahlandırılan YPG/PKK-nın nəzarəti altındadır. ABŞ bu terror təşkilatına indiyə qədər minlərlə yük avtomobili silah yarımı edib. Əsəd rejimi ilk olaraq bu problemi həll etməlidir. Bunu isə bölgə dövlətlərinin birgə əməkdaşlığı sayəsində yoluna qoymaq mümkündür. Məsələyə kənar müdaxilələr o istiqamətdə problemləri həll etməyəcək. Bu baxımdan Türkiyə region ölkələrindən biri kimi Suriya ilə müzakirələr apara bilər.

- Son günlər məlum oldu ki, YPG/SDG terrorçuları Türkiyə ilə sərhəd boyuncu geri çəkilir. Sizcə, niyə?

- Əslində, bu ABŞ-ın Türkiyəyə təklif etdiyi zolaqla bağlı hərəkətlənmədir. Baxmayaraq ki, Türkiyənin təklif etdiyi təhlükəsizlik zolağı ilə ABŞ-ın irəli sürdüyü təklif arasında ciddi fərq var. Türkiyə təklif edir ki, 30-40 kilometr məsafədə bufer zona yaradılmalı və bu zonaya nəzarəti türk əsgərləri həyata keçirməlidir. ABŞ isə 18 kilometrdə təhlükəsizlik zolağı təklif edir, üstəlik bu zolağı 5,9 və 4 kilometr formasında 3 zolağa bölür. 5 kilometrlik zolaqda ABŞ və türk əsgərləri, növbəti zolaqlarda isə PKK-nın iştirakı ilə nəzarət həyata keçirilir. Bunun baş verməsi faktiki olaraq Türkiyə tərəfindən YPG/SDG/PKK terror təşkilatının legitimləşdirilməsi deməkdir. Yəni Türkiyənin bu təşkilatları tanıması mənasına gələr. Üstəlik, indiki halda terror təşkilatı Türkiyə ilə sərhədlərdən 5 kilometr geri çəkilir. Söhbət 30-40 kilometr geri çəkilmədən getmir. ABŞ-ın planına uyğun olaraq birinci 5 kilometrlik zolaqdan geri çəkilməsi baş verir. Hesab edirəm ki, bu istiqamətdə Ankara-Vaşinqton arasında müzakirələr hələ davam edəcək.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

OQTAY 2019-08-29 08:20:20

Vaqif muellim,adasin TSK-leri haqda,melumati yeqin azdir,Tanrinin aslanlari,olan yerde,ne rusiya,ne ABS soz sahibi olamaz,olada bilmez!Rusiya Suriyada 2 baza acmasi cox asandi,amma o bazalari saxlamaq cox-cox cetindir!Qaldi Islam Dunyasinin Lideri Erdoqanla razlasmamaq,hem Putinin,hemde Rusiyanin daqilmasina sebeb olacaq.RF-nin terkibinde,20-yaxin Turk devleti var o boz qurdlar,kabanla bir yerde yasamaq istemirler!Addas deyir,Erdoqani Esedle bir masada eylesmek,bunu neinki Putin,butun babuskalarda bacaramaz

t.ədalət 2019-08-29 08:20:20

Bəşər Əsədin faciəsi Rusiyanın onu dəstəkləməsidir.Rusiyanın dəstəklədiyi liderlərin hamısının sonu faciə ilə bitir.Nə qədər ki dünyanın hegemon dövləti ABŞ-dır, bəşər əsədlərin heç biri hakimiyyətdə qalmayacaq və taladıqları sərtvətlər NATO üzvü olan dövlətlər arasında bölünəcək.O ki qaldı Rusiyanın taleyinə,artıq federasiya çat verir.Zorla birləşdirilmiş xalqlar isə Rusiya bayrağının altında qalmaq istəmirlər.Xalqların rus dilinə olan nifrəti,getdikcə güclənir..

Son yazılar