Facebook-da yeni fırıldaq növü - Məşhurların adından sui-istifadə olunur

İnternet fırıldaqçıların insanları tələyə salaraq onların pulunu ələ keçirməsi üçün ən uğurlu məkanlardan biridir və müxtəlif formalarda insanların sadəlövhlüyündən istifadə edən cinayətkarlar onların bank məlumatlarını ələ keçirir, pul köçürmələri həyata keçirir və sair yollara əl atırlar.

Bu yaxınlarda Avstriyada yayılan yeni fırıldaq növü ölkədə geniş əks-səda doğurub. “Kronen Zeitung” gündəlik qəzetinin verdiyi məlumata görə, ölkənin məşhur şəxsləri xüsusi hazırlanmış səhifələrdə guya uğurlu sərmayə yatırımları barədə məsləhətlər verirlər.

Həmin səhifələrdə tanınmış teleaparıcı Armin Volf, milyarder, “Red Bull” markası ilə tanınan Ditrix Mateşits və “Oskar” mükafatı laureatı, kinoaktyor Kristof Valtsın adından vətəndaşlar bitcoin almağa dəvət olunurlar. Qəzetin məlumatına görə, xüsusi sponsorlar tərəfindən idarə olunan bu səhifələr irimiqyaslı dələduzluq kampaniyasından ibarətdir. Naməlum sponsorlar mümkün qədər çox sayda avstriyalını bitcoin tələsinə salmaq üçün xeyli pul xərcləyirlər.

“Kronen Zeitung” qəzeti insanları bu tələyə düşməməyə və diqqətli olmağa çağırıb. Artıq bir neçə həftədir ki, bu tələ işə düşüb, lakin son günlərdə dələduzlar daha da fəallaşıb və görünür ki, Facebook reklamlarına daha çox pul xərcləməyə başlayıblar.

Xüsusilə hiyləgərcəsinə hazırlanmış bir məqam da ondan ibarətdir ki, linkin üzərinə basılan zaman qanuni və ciddi təsir bağışlamaq üçün “Kronen Zeitung” qəzetinin loqosundan istifadə edən fırıldaqçı bir internet səhifəsi açılır. Özlərinin də xəbəri olmadan fırıldaqçılar tərəfindən sui-istifadə olunan məşhurların hamısı avstriyalıdır və çox da yüksək səviyyədə olmayan alman dilində yazılmış mətnlərlə zəngin bitcoin investorları kimi qələmə verilirlər. Fırıldaqçılar inandırmağa çalışırlar ki, bu cür zəngin olmaq istəyən hər kəs bitcoin investisiyasına qoşulmalıdır.

Bu fırıldaqda özünün də xəbəri olmadan adı hallanan teleaparıcı Armin Volf Twitter səhifəsində xəbərdarlıq yayıb. O, Facebook-da yayılan reklamlarla heç bir əlaqəsi olmadığını bildirib və insanları bu şübhəli investisiya təkliflərinə inanmamağa çağırıb.

Qeyd edilməlidir ki, “sponsorlu” yazısından tanına bilən ödənişli Facebook reklamları, əsasən, həmişə inamsızlıq yaradır. Şübhəli adamlar burada kiçik məbləğlər qarşılığında böyük auditoriya əldə edərək bundan siyasi təbliğat və ya dələduzluq məqsədilə istifadə edə bilirlər. Bitcoin investisiyalarından başqa istifadəçilərdən məlumat və ya pul əldə etmək üçün məşhur olan vasitələrdən biri də saxta qumar oyunlarıdır. Buna görə də qəzet öz oxucularına Facebook reklamlarına həmişə diqqətlə yanaşmağı tövsiyə edir. Eyni zamanda, şübhə doğuran bu kimi reklamlar və səhifələri Facebook idarəedicilərinə şikayət etmək məsləhət görülüb(azərtac).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar