VAHİD MƏHƏRRƏMLİ, BİR AYA VƏZƏRİ DƏ YETİŞMİR!

Dərc olunub: 01/09/2019 - 15:10

murvet-koseMürvət HƏSƏNLİ

Son zamanlar Kənd Təsərrüfatı Nazirliyinə qarşı qara piar kampaniyasının gücləndiyi hiss olunur. Xüsusilə AXCP sədri Əli Kərimlinin müavini Vahid Məhərrəmlinin bu sahədə canfəşanlığı diqqətdən yayınmır.

Peşəcə kənd təsərrüfatı mütəxəssisi olan bu adam, sanki özünü nazir İnam Kərimov barədə kompramat axtarışısına həsr edib. Gözünə harda sübuta ehtiyacı olan iddia sataşırsa, Vahid Məhərrəmli qaşıqda fırtına yaratmağa cəhd göstərir. Onun son statusunda qələmə aldığı iddialar da uğursuz fırtına yaradıcılığından başqa bir şey deyil.

Vahid Məhərrəmli bazar günü istirahətinə haram qataraq yazır: “Asan xidmətdir. Və həm də çox gəlirli xidmətdir. Dövlət hesabına 5-ə al, 35-ə sat. Milyonlar qazan. Hələ keçən ilin dekabr ayında İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradanda bu qurumun nə işlə məşğul olacağını demişdik. Sistem, hakimiyyət dəyişməsə heç nə dəyişən deyil”.

V.Məhərrəmlini bu canfəşanlığa sövq edən nə olsa, yaxşıdır – İmişli rayonunun hansısa kəndində bir uşaq bağçasının dövlət dilimizdə belə düz-əməlli danışa bilməyən müdirəsinin müxalif internet-TV-lərindən birinə verdiyi müsahibədə irəli sürdüyü iddialar. Mariya Lauşova adlı bu müdirənin iddiasına görə, idarə etdiyi bağçaya 1 kisə soğanı 35 manatdan sırıyırlar. Halbuki, bazarda 1 kisə soğan 5 manatdan satılır. Şair-publisist Heydər Oğuz da bu iddianı əsas götürüb dünən özünün oxunmayan Ovqat.com saytında guya bir analiz yazısı dərc edib. Öz aləmində sanki KTN-də böyük bir korrupsiya faktının üstünü açıb. Cızmaqarasının adını rəsmən elə qoyub: “KTN-də ciddi korrupsiya şübhəsi: “Aqrar Tədarük və Təchizat” ASC necə qaz vurub qazan doldurur?”

Keçən yazılarımızda da qeyd etdiyimiz kimi siyasi, iqtisadi, sosial məsələlərə baxışında belə şair təxəyyülündən ayrıla bilməyən Heydər Oğuzun kəşfi isə çox gülməlidir. Nəymiş – Prezident İlham Əliyev bu ilin ortalarında “Ərzaq Tədarük və Təchizat” ASC-nin adını dəyişdirib “Aqrar Tədarük və Təchizat” ASC qoyub. Səbəb isə yerli fermer təsərrüfatlarının inkişaf etdirilməsi və dövlət orqanlarının yerli ərzaq məhsulları ilə təminatını gücləndirməkdir. Köhnə “Ərzaq Tədarük”çüləri bu işin öhdəsindən gələ bilmədiklərindən idarə ləğv olunaraq, KTN-nə həvalə edilib. Di gəl ki, indiki komanda bu vəziyyətdən faydalanaraq, soğanın 1 kisəsini dövlət idarələrinə 7 dəfə bahaya satırmışlar.

Əli Kərimlinin müavini Vahid Məhərrəmli isə birdən-birə siyasi mənsubiyyətini unudub, şair-publisistin sözçüsünə çevrilib. Hətta onun fikirlərini bir az da inkişaf etdirərək, indiki hakimiyyət dəyişilməsə, bu kimi problemlərin qarşısının alınmayacağını bildirib. Sual olunur: Cənab Vahid Məhərrəmli, siz Cənab İlham Əliyevin sözünü etdiyiniz islahatın nəyini bəyənmirsiniz? Sizcə, dövlət orqanları idxal ərzaq məhsulları ilə təchiz edilməliydi? Yerli ərzaq malları bazar yoxluğundan yenə əvvəllər olduğu kimi xarab olmalıydı? Azərbaycan aqrar ölkə ola-ola, maliyyə imkanlarını qida məhsullarının idxalı məqsədilə xaricə səpələməliydi?

Prezident bunun qarşısını almağa səy göstərirsə, niyə onun bu strategiyasına qarşı çıxırsınız? Yox, əgər sizin iradınız İmişli rayonunun hansısa kənd bağçasında yaşandığı iddia olunan konkret hadisəyədirsə, bura hakimiyyəti niyə qatırsınız? Axı, istənilən dövlətdə və hakimiyyətlərdə bu cür fərdi hadisələr baş verə bilər. Heç bir komanda bu cür hallardan uzaq deyil və bunun ümumi işə dəxli yoxdur. Hər dövlətdə olduğu kimi Azərbaycanda da ortaya korrupsiya faktları çıxırsa, dövlət qurumları və hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb, müvafiq ölçülər götürülür. İndiyədək nə qədər korrupsiya faktına görə məmurların ciddi şəkildə cəzalandırıldığını gərək unutmayaq. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin illik hesabatlarına baxsanız, hər il nə qədər korrupsionerin cəzalandırıldığını görə bilərsiniz. Heç uzağa getməyək, təkcə ötən il sözügedən Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə baxılmış, 310 cinayət xarakterli material araşdırılmışdır. Həmin materialların 222-si (71,7%) üzrə cinayət işi başlanmış, 88 (28,3%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilmişdir.

Bu sözləri yazmaqla heç də kənd bağçası müdirəsinin iddialarına haqq qazandırmaq fikrində deyiləm. Ümumiyyətlə, bu cür iddialara hüquqi qiymət verilmədən kimisə korrupsiyaya bulaşmaqda ittiham etmək doğru deyil. Bunu yalnız hüquq-mühafizə orqanları araşdırdıqdan və problemin əsl mahiyyət üzə çıxarıldıqdan sonra məhkəmə verə bilər. İlk növbədə isə bağça müdirəsinin məqsədini, o müsahibəni hansı psixoloji vəziyyətdə verməsini və iddiaların sənədlərlə nə dərəcədə təsdiqləndiyini müəyyənləşdirmək lazımdır. Mümkündür ki, həmin müdirə hansısa qrup maraqlarından çıxış edərək məsuliyyətsiz fikirlər səsləndirsin. Yaxud hər hansı səbəbdən öz günahını başqasının üstünə atsın. Hər halda Azərbaycan dilini bilməməsinə baxmayaraq, uşaq bağçasına rəhbərlik edən bir müdirənin işdən uşaqlaşdırılmaq ehtimalı da var. Kim bilir, bəlkə o, gedərayaqda kimdənsə qisas almağa çalışır. Bütün bu suallara cavab tapmadan onun iddiasını Quran ayəsi kimi qəbul etmək mümkün deyil.

Üstəlik, Kənd Təsərrüfatı yanında Aqrar Tədarük və Təchizat ASC-nın qurulmasının da üstündən çox keçməyib. 2018-ci ilin 14 dekabr tarixində Prezident sərənacamı ilə yaradılan qurumun Nizamnaməsi bu ilin 4 iyulunda təsdiqlənib. ASC-nin İdarə Heyətinin formalaşdırılmasının üzərindən isə 1 aydan bir qədər çox keçib. Kənd təsərrüfatı naziri İnam Kərimovun 23 iyulda imzaladığı əmrlə quruma sədr təyin olunan Leyla Məmmədovadan bu qısa müddət ərzində illərlə yığılıb qalan problemlərin həllini gözləmək ədalətsizlik deyilmi?

Cənab Vahid Məhərrəmli, sədrinizin ünvanını səhv salıb sözçülüyünü etdiyiniz Heydər Oğuz şairdir, bilməz, amma siz ki, kənd təsərrüfarı mütəxəssisisiniz, insafla düşünün, bir aya əkilən vəzəri də yetişmir. Siz isə Leyla xanımdan böyük bir idarənin bütün problemlərini bir ay ərzində həll etməsini istəyirsiniz.






loading...


Fikrinizi bildirin