Qənirə Paşayeva ali məktəblərə daxil olan gənclərlə görüşüb

Qovlar şəhərindən bu il ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdə millət vəkili Q.Paşayeva tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb, gənclərin ailələrini və müəllimlərini də təbrik edib. Təhsil sahəsində olan uğurların artmasının önəmindən danışan millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil olan şagirdlərin sayının artmasını müsbət hal kimi qiymətləndirib. Millət vəkili Qənirə Paşayeva Qovların bundan daha da böyük potensialının olduğunu qeyd edərək təhsil sahəsində uğurların daha da artacağına inandığını deyib .

“Ümumiyyətlə məni çox sevindirdi ki, Qovlar şəhərindən ali məktəblərə daxil olan qızların sayının nəinki oğlanlardan az deyil, tam əksinə daha çoxdur. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir.” Millət vəkili Qənirə Paşayeva tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğuladı. “Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, buna sizin potensialınız var” – deyə öz fikirlərini bildirdi.

Millət vəkili torpaqlarımızın 20 faizinin işğalçı Ermənistanın işğalı altında olduğunu,1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi və gəncləri virtual məkanda ölkəmizin təbliğində daha fəal olmağa çağırıb. O, deyib ki Azərbaycan əlehinə virtual məkanda təbliğat aparan Ermənistan, erməni diasporu və lobbisinə qarşı, onların yalanlarına qarşı gənclərimiz daha fəal mübarizə aparmalıdırlar. Görüşdə iştirak edən Fitoterapevtlər Cəmiyyətinin sədri Məlahət Qəhrəmanova çıxış edərək gəncləri təbrik edib, onları yaxşı oxumağa, öz üzərlərində daha çox çalışmağa çağırıb.

Tədbirdə iştirak edən millət vəkili Q.Paşayevanın dəvətilə ölkəmizə səfər etmiş Türkiyənin tanınmış yazıçısı və jurnalisti Meryem Aybike Sinan çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, Azərbaycanla bərabər, bu gənclərin Türk dünyası istiqamətində gözəl işlər görəcəklərinə inandığını deyib, uğurlar diləyib. Tədbirdə iştirak edən Tovuz rayon Təhsil şöbəsinin müdiri Validə Hüseynova və Qovlar şəhərində fəaliyyət göstərən məktəblərin direktorları çıxış edərək həyatlarında yeni mərhələyə qədəm qoyan tələbə adını qazanan gənclər üçün stimul olan, onlarda ruh yüksəkliyi yaradan belə bir görüşün təşkili üçün təşəkkürlərini bildiriblər, gələn il nəticələrin daha da yaxşılaşması istiqamətində daha da çox çalışacaqlarını bildiriblər.

Görüşün sonunda millət vəkili Q.Paşayeva və Fitoterapevtlər Cəmiyyətinin sədri M.Qəhrəmanova tələbə adını qazanan gənclərə dəyərli hədiyyələr və kitablar bağışlayıb və yeni tələbə adını qazanan gənclərin mənsub olduqları ailələrə, təhsil aldıqları məktəblərin kollektivlərinə hörmət və ehtiram ifadə edilib. Sonda tələbələrin bəzilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda gənclərlə geniş fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran sualları cavablandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar