Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının Kralı ilə görüşüb

Sentyabrın 2-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ciddə şəhərində yerləşən Əs-Səlam Kral sarayında İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

AzərTAc bildirir ki, Şeyxülislam Allahşükür Paşazadə Kral Salman bin Əbdüləziz Al Səuda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını, dost Səudiyyə Ərəbistanına xoşbəxtlik, sabitlik və inkişaf diləklərini yetirib.

Allahşükür Paşazadə Kral Salman bin Əbdüləziz Al Səudun Ermənistan tərəfindən təcavüzə məruz qalmış Azərbaycana verdiyi ənənəvi dost, qardaş dəstəyini Prezident İlham Əliyevin və xalqımızın həmişə yüksək qiymətləndirdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan müsəlmanları bu gün mənəvi intibah dövrünə qədəm qoyub. Məscidlərimizin sayı 2000-i keçir, İslam dininin tədris olunduğu ali təhsil ocaqlarımız çoxalır. Ölkəmizdə başqa dinə etiqad edənlər də öz ibadətlərində azaddırlar. Bu ilin noyabr ayında Bakıda dinlərarası sammit keçiriləcək və bu, Azərbaycana olan beynəlxalq etimaddan xəbər verir.

QMİ sədri Həcc zəvvarlarının yüksək səviyyədə qarşılanması üçün Krala minnətdarlığını ifadə edib. A.Paşazadə Səudiyyə Ərəbistanı və Azərbaycan arasındakı münasibətlərin bütün İslam aləmi üçün bir nümunə olmasını diləyib.

Görüşdə tərəflər iki dost və qardaş dövlət arasında əməkdaşlıq məsələlərini müzakirə edib, İslamın sülh və mötədillik dini olaraq təlim edilməsinin vacibliyi barədə fikir mübadiləsi aparıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar