NURÇU ŞƏBƏKƏ REVANŞA HAZIRLAŞIR? – Deşifrə olunan məmurlar barədə yeni faktlar

Son bir ildə Türkiyədə olduğu kimi, Azərbaycanda da Gülən camaatı güclü zərbələrə məruz qalaraq uzun illər ərzində əldə etdiyi mövqelərdən geri çəkilməyə məcbur olub.

Türkiyənin Baş naziri R.T.Ərdoğanın Bakıya ardıcıl səfərləri, Azərbaycan hakimiyyətinə nurçu siyahılarının təqdim olunması, mediada gedən çoxsaylı ifşaedici materiallar açıq şəkildə göstərdi ki, “paralel dövlət” ideyasının təkcə Türkiyədə deyil, eyni zamanda Azərbaycanda da reallaşdırılması istiqamətində ciddi iş aparılır. Açıqlanan təkzibolunmaz faktlar və bunun ardınca həyata keçirilən əməli tədbirlərə əsasən demək olar ki, son 10 ildə nurçular həm cəmiyyətin müxtəlif sahələrinə nəzarət imkanları əldə etmək, həm də öz adamlarını yüksək postlara oturtmaqla dövlət siyasətinə təsir göstərmək üçün çox böyük səy göstərmişdilər. Müxtəlif iri biznes strukturlarına, çoxsaylı qeyri-hökumət təşkilatlarına, media orqanlarına nəzarət edən şəbəkə faktiki olaraq dövlət içində dövlət yaratmağı qarşısına məqsəd qoymuşdu və müəyyən nəticələr də əldə etmişdi. Üstəlik, prezidentə dəstək adı altında formalaşdırılmış çoxsaylı qeyri-hökumət qurumları, xüsusilə də gənclər təşkilatları dövlətin vahid siyasi xəttindən yayındırılaraq şəbəkənin siyasi məqsədlərinin icraçılarına çevrilmişdilər.

Bütün bunlarla yanaşı, üzə çıxan bəzi faktlar proseslərin alt qatında kifayət qədər ciddi konspirasiya olunmuş bağlantıların mövcudluğunu ifşa etdi. Aydın oldu ki, Azərbaycan hakimiyyətində təmsil olunmuş nurçular bir tərəfdən ABŞ-ın xüsusi xidmət orqanları ilə əlaqəlidirlər, digər tərəfdən də Rusiyanın müəyyən dairələri ilə yaxın təmaslar qurublar. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” adlandırılan Stratfor Kəşfiyyat-Analitik Mərkəzi ilə təmaslar, Demokratik Azərbaycan Dünyası Partiyasının alınması, onun fəaliyyətinin təşkil edilməsi istiqamətində atılan addımlar şəbəkənin məqsəd və məramlarını aydınlaşdırmaq üçün yetərli faktlar idi. Əslində, həmin dövrdə ekspert rəyləri ona işarə edirdi ki, kifayət qədər ciddi resurslara malik və xaricdən idarə olunan məlum nurçu şəbəkə konkret şəkildə Azərbaycanda siyasi hakimiyyət iddiasını reallaşdırmaq istəyir. Onlar fətullahçı imam Elnur Aslanovun və şəbəkənin beyin mərkəzi rolunda çıxış edən dini komitənin keçmiş sədri Elşad İsgəndərovun vurulmasını da hakimiyyətin daxili təhlükəni neytrallaşdırması kimi qiymətləndirdilər.

Ancaq etiraf edilməlidir ki, bəzi suallar hələ də açıq qalmaqdadır. Prezident Administrasiyasının şöbə müdiri vəzifəsindən uzaqlaşdırılan Elnur Aslanovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə şöbə müdiri təyin olunması, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılan Elşad İsgəndərovun isə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumuna – öz köhnə iş yerinə qayıtması, həmçinin nurçu şəbəkənin fəal üzvləri Fərhad Məmmədovun, İntiqam Babayevin, Fərhad Hacıyevin, Ceyhun Osmanlının hələ də öz postlarında qalması aydın göstərdi ki, hakimiyyətin öz daxilindən təmizlənmə prosesi başa çatdırılmadı.

Bunu təhlükənin sovuşması ilə əlaqələndirmək olarmı?

Nurçuların, xüsusilə Gülən camaatının fəaliyyət prinsiplərinin təhlili onu deməyə əsas verir ki, təhlükə anında bu şəbəkə minimum az itki verməklə öz mövqelərini qoruyub saxlamağa çalışır və geri çəkilərək passiv fəaliyyətə keçir. Əsas diqqət şəbəkənin planları üçün həyati vacib və açar rolunu oynayan əlaqələri, postları, strukturları və s. qoruyub saxlamaqdır. Bütün bunlar növbəti aktiv faza üçün zəruri hesab edilən resurslardır. Eyni zamanda, o da qeyd olunmalıdır ki, passiv fəaliyyət heç də şəbəkədaxili aktivliyi istisna etmir. Əksinə, istər vəzifədən kənarlaşdırılan şəxslər, istərsə də hazırda müəyyən strukturlarda öz yerlərini qoruyub saxlamış nurçular arasında fəal təmaslar davam etdirilir.

Bunu AzNews.az-ın əldə etdiyi bəzi məlumatlar da təsdiqləyir. Belə ki, Elnur Aslanov, İntiqam Babayev, Fərhad Hacıyev və digər şəbəkə üzvləri müntəzəm qaydada ayrı-ayrı yerlərdə görüşür və gələcək planlarını müzakirə edirlər. Onların dəfələrlə “Nar şərab”, “Dəfnə”, “Elvet” və digər restoranlarda toplaşdığı haqqında məlumatlar var. Bu görüşlərdə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov və deputat Ceyhun Osmanlının iştirak etməməsi isə maraq doğurur. Görünür, kurasiyası dəyişmiş Fərhad Məmmədov bu tipli açıq təmaslara cürət etmir. Əvvəllər kifayət qədər fəal olan Ceyhun Osmanlı isə, ümumiyyətlə, qeybə çəkilib və bəzi məlumatlara görə, şəbəkə daxilində onun dönük çıxdığı rəyi formalaşıb.

Əldə etdiyimiz informasiyaya əsasən, şəbəkə üzvləri fəallaşmaq və itirilmiş mövqeləri geri qaytarmaq, belə demək mümkündürsə, revanş götürmək üzərində baş sındırırlar. Son bir neçə ayda onların həm hakimiyyət daxilində, həm də xaricdə əlaqələrini intensivləşdirmələri barədə məlumatlar dolaşmaqdadır. Şəbəkənin bəzi fəalları hətta iddia edirlər ki, guya Türkiyə prezidenti R.T.Ərdoğanın Azərbaycana sonuncu səfəri zamanı nurçu məsələsi müzakirə obyekti olmayıb ki, bu da onların fəaliyyətinə yaşıl işıq yandırılması anlamına gəlir. Ancaq bu da maraqlıdır ki, həm Ərdoganın Bakıya səfəri ərəfəsində, həm də səfərdən sonra Türkiyə hakimiyyətinə yaxınlığı ilə seçilən media “Paralel Yapı” adlandırılan Gülən camaatının Azərbaycandakı fəaliyyəti barədə ifşaedici materiallarla çıxış edib. Bu isə bir daha təsdiq edir ki, Azərbaycandakı nurçu şəbəkə ictimai rəylə manipulyasiya edir və bu yolla reabilitasiya olunmağa cəhd göstərir.

Qeyd edilməlidir ki, nurçu şəbəkənin əsas fiqurları uzun illər ərzində müxtəlif layihələr adı altında dövlətdən aldıqları vəsaitlər hesabına ciddi biznes strukturları formalaşdırmağa nail olublar. Təkcə Elnur Aslanova məxsus və onun himayəsində olan “Rahat” marketlər şəbəkəsi, sürətli poçt xidməti, “New media”, “Compass Travel” və digər şirkətləri öz fəaliyyətlərini davam etdirirlər. “New media” şirkəti bu gün də ölkənin reklam bazarında fəal işləyir, aparıcı şirkətlərlə bir çox media orqanı arasında körpü rolunu oynayır və kifayət qədər ciddi gəlir əldə edir. Söz yox ki, onun fəallığının təməlində vaxtilə Elnur Aslanovun inzibati metodlardan istifadə edərək bəzi şirkətlərin reklamını bütövlüklə məhz “New media”nın inhisarına keçirməsi amili durur.

Ehtimal etmək olar ki, hakimiyyətdə əlaqələrini, müxtəlif postlarda öz adamlarını qoruyub saxlayan və geniş maliyyə imkanlarına malik Azərbaycandakı nurçu şəbəkə hələ oyunun başa çatmadığı qənaətindədir və fəallaşmaq üçün məqam axtarır. Bu cəhdlərin uğurlu olub-olmayacağını zaman göstərəcək. Ancaq Azərbaycan reallığından çıxış edərək, birmənalı demək olar ki, revanş cəhdi daha acınacaqlı məğlubiyyətə gətirib çıxara bilər.(aznews.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar