“SİZ, DOĞRUDAN DA PREZİDENTİN QOHUMUSUNUZSA...” – Rusiyada diaspor davası

Mirkazım Seyidov: "Soydaşlarımızı Rusiyadakı həmvətənlərimizə xəyanət edənlərin yalan vədlərinə uymamağa çağırıram"

Məlum olduğu kimi, 2017-ci ilin may ayında Rusiya Federasiyası Ədliyyə Nazirliyinin vəsatəti əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi barədə qərar qəbul edilib. Həmin vaxtdan sonra Rusiyada yaşayan azərbaycanlıları birləşdirən vahid diaspora təşkilatı yox idi. Bir müddət əvvəl iş adamı Fizuli Məmmədovun təşəbbüsü ilə belə bir təşkilatın yaradılmasına başlanılıb. Rusiya Azərbaycanlıları İttifaqı adlanan qurum oktyabrın 12-də Moskvada İkinci Forumunu keçirməyə hazırlaşır.

Ancaq bu ərəfədə Ümumrusiya Azərbaycanlıları Konqresinin keçmiş prezidenti Fazil Qurbanovun yenidən fəallaşdığı, diaspor təşkilatlarını öz ətrafına toplamağa çalışdığı xəbəri yayılıb. Bununla bağlı olaraq fəal diasporçu kimi tanıdığımız Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Rusiyadakı Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun, Heydər Əliyev Xeyriyyəcilik və Türkdilli Xalqlarla Slavyan Xalqları Arasında «Sodrujestvo» Əməkdaşlıq fondlarının yaradıcısı, hal-hazırda isə Rusiyanın 30-dan çox regionunu əhatə edən Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının prezidenti Mirkazım Seyidov müraciıət yayıb.

M.Kazımovun əsasən Rusiyadakı diaspor təşkilatlarının rəhbərlərinə ünvanladığı həmin müraciəti təqdim edirik:

"Əziz dostlar! Hörmətli həmkarlar!

Rusiya azərbaycanlılarının diaspor fəaliyyətində cəmi bir dəfə tarixi hadisə yaşandi. 2001-ci ildə Rusiya və Azərbaycan prezidentlərinin iştirakı və xeyir-dualarıyla Ümumrusiya Azərbaycanlılari Konqresi fəaliyyətə başladı. Bu tarixi hadisədən dərhal sonra Federasiyanın çoxsaylı regionlarında Azərbaycan milli-mədəni muxtariyyatları və digər adlar altında diaspor qurumları yaradılmasına baxmayaraq, biz, yenə də, lobbiçiliyə gedən düzgün yolu müəyyənləşdirə bilmədik. Təəssüflər olsun ki, elə bu əsas səbəbə görə də, çoxdan yaşadığımız bu dövlətdə birliyə nail olub, siyasi gücə çevrilmədik. Bir sözlə, Ümumrusiya Azərbaycanlıları Konqresinə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından, bu təşkilatımiz da vahid bir mərkəzdən idarə olunmadı.

Nəcib bir məqsədlə yaradılan Konqresin adından həmin şəxslərin öz maraqlari naminə istifadə etmələri, şəxsi mənafelərini milli və dövlət maraqlarımızdan üstün tutmaları, sonda ürəkağrıdan sonluqla yekunlaşdı. Rusiya Ədliyyə Nazirliyinin tələbi və məhkəmə qərarı ilə Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə xitam verildi. Həmyerlilərimizin bu iyrənc əməlləri Vətənimizin imicinə də boyük zərbə vurdu.

Bundan əlavə, vaxtilə, belə bir diaspor təşkilatını gəlir mənbəyinə çevirənlərin uzun zaman fəal diasporçularımızı və onların təşkilatlarını tamamilə yaddan çıxarmaları, əməli işlərinə dəstək olmamaları da,  bağışlanmaz günahlardan biri hesab edilməlidir.

Bütün deyilənlərə baxmayaraq, həmin şəxslər bunları unudaraq, yenə də, öz çirkin işlərini davam etdirmək eşqinə düşüblər. "Dəridən-qabıqdan" çıxıb, səy göstərirlər ki, guya yeni və vacib bir təşkilat yaratdıqları barədə məlumatları bu nəhəng ölkənin dörd bir yanına səpələnmiş soydaşlarımıza çatdıra bilsinlər. Çox ucuz və populist çıxışlar edərək, yenidən fəal diaspor təşkilatlarını onlara dəstək olmağa çağırmaqdan, öz ətraflarına dəvət etməkdən çəkinmirlər. Bu zaman, hətta Azərbaycan dövlət strukturlarının, eləcədə Cənab Prezident İlham Əliyevin adından sui-istifadə etməkdən belə çəkinmirlər.

Bu yaxınlarda sosial şəbəkələrdə Udmurtiya Vilayətindən olan Yaşa Paşayev adli bir şəxsin Rusiyadakı diaspor təşkilatlarımıza gülünc bir müraciəti yayıldı. O, özünü gülünc vəziyyətdə qoymaqla bərabər, həm də yeni təşkilat yaratmaq eşqinə düşən Fazil Qurbanovun gücsüzlüyünü bir daha açıq-aşkar nümayiş etdirdi.

Soydaşlarımız nigaran qalmasınlar deyə, Yaşa Paşayevin söylədiklərini olduğu kimi qeyd edirəm: "Diaspor təşkilatları, eşidin və bilin, kim bu gün Fazil Qurbanovun ətrafında yoxdursa, deməli, o, Azərbaycan Prezidenti İlham Əliyevin əleyhinədir. Bilin və agah olun ki, Fazil Qurbanov Prezidentin yaxın qohumudur!"

Məncə, artiq şərhə ehtiyac yoxdur. Fazil Qurbanova isə, belə sualim var: "Prezidentin adından manipulyasiya nəyə gərəkdir?! Qohumu olaraq, Prezidentin diaspor siyasətinə hansı dəstəyiniz olub və bundan sonra nəyi bacararsınız?! Axı, Prezidentin qohumu olmaq böyük məsuliyyətdir. Siz, əgər, doğrudan da Prezidentin qohumusunuzsa, heç vaxt imkan verməməliydiniz ki, Ümumrusiya Azərbaycanlıları Konqresi kimi bir təşkilat acı bir aqibətlə üzləşsin. Bu təşkilatın bağlanması Ulu Öndərin ruhuna hörmətsizlik, Azərbaycan dövlətinin beynəlxalq imicinə və Rusiyadakı həmvətənlərimizin taleyinə ağir bir zərbə deyildimi?!"

Bir diaspor fəalı kimi, mən özüm, Ümumrusiya Azərbaycanlıları Konqresinin acı bir sonluqla bağlanması prosesinin müşahidəçisi olmuşam. Bu ağir itkiyə görə, çox dərin təəssüf hissləri keçirmişəm. Elə, o vaxtdan bu qənaətə gəlmişəm ki, Fazil Qurbanovun və onun ətrafındakıların bağışlanmaz günahlarının nəticəsi olan bu ağır itki, həm Rusiya azərbaycanlılarına, həm də daha çox Ulu Öndərin yaratdığı və həyata keçirdiyi dövlətin diaspor quruculuğu siyasətinə xəyanətdir. Buna görə gələcək nəsil də, onların bu günahlarını heç vaxt bağışlamayacaq.

Bu gün Rusiyadakı diaspor təşkilatlarımızın bir daha güclənərək, vahid birliyə çevrilməsi üçün çox gözəl şərait yaranıb. Bu ilin aprel ayında Moskva şəhərində Federasiyanın 56 regionunun təmsilçisi olan diaspor qurumlarımızın nümayəndələrinin təsis konfransını keçirdiyi Rusiya Azərbaycanlıları İttifaqı yaranıb. Təsis Konfransında Fizuli Məmmədov qurumun prezidenti seçilib. Bir lider kimi, qısa müddət ərzində həyata keçirdiyi işlər, həm də onun öncədən irəli sürdüyü birlik ideyalarının təşkilatın gələcək fəaliyyətini tam əhatə edəcəyini, bu ittifaqin təməlində isə, Ulu Öndərin zəngin tövsiyələrinin həmişəlik dayanacağını indidən təsdiqləyir.

Qurumun gələcək uğurlu fəaliyyəti indidən göründüyündən, Fazil Qurbanovun və onun kimilərin gözü bunu götürmür. Elə, buna görədir ki, diaspor təşkilatı yaratmaq üçün "dəridən-qabıqdan çıxır", bu barədə yalandan xəbərlər yaymaqla, Rusiya Azərbaycanlıları İttifaqının işinə mane olmağa çalışırlar. Sanki qərəzi, xainliyi, gözgötürməzliyi həyat mənalarına çevirən belələri üçün, vətən və millət sevgisi önəm daşımır.

Diqqətinizə çatdırım ki, bu ilin oktyabr ayının 12-də Moskva şəhərində Rusiya Azərbaycanlıları İttifaqının İkinci Forumu öz işinə başlayacaq. Təkcə Rusiyadakı diaspor təşkilatlarımızın deyil, bütun dünyadakı Azərbaycan diaspor qurumlarının həyatlarında da, bu forumun tarixi önəm daşıyacağına və şanlı hadisəyə çevriləcəyinə şübhə etmirəm. Ona görə ki, 2001-ci ildən bu yana dünyanın heç bir ölkəsində lobbiçiliyə gedən yolun təməlini monolitləşdirməyə, vahid milli birlik yaratmağa məsul olan diaspor təşkilatlarımızın fəaliyyətini gücləndirmək üçün büdcə ayrılmasına təsadüf edilməyib.

Lakin Rusiya Azərbaycanlıları İttifaqına 2020-ci il üçün ayrılacaq büdcə bu forumda müzakirəyə çıxarılacaq. Forumda dövlətimizin və xalqımızın maraqları naminə mühüm əhəmiyyət kəsb edən ən aktual məsələlərin dərindən müzakirəsi də planlaşdırılıb. Eyni zamanda, Rusiya Azərbaycanlıları İttifaqının fəaliyyət proqramında hədəfə gotürdüyü əsas istiqamətlərdən biri - Azərbaycandan kənardakı gənclərimizin yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakçıya çevrilməsinə dəstək olmağın və onların məqsədyönlü şəkildə müxtəlif seçkili orqanlarda, siyasi arenalarda, dövlət strukturlarında təmsil olunmalarına asan şəkildə kömək etməyin yolları müzakirə ediləcək.

Bütün bunlardan əlavə, forumda RAİ özünün analoqu olmayacaq Ağsaqqallar Şurasını seçəcək. Maraqlı orasıdır ki, Fizuli Məmmədovun təklifi ilə, Ağsaqqalar Şurasına böyük səlahiyyətlər veriləcək.

Mən, diaspor işində böyük təcrübə sahibi olan bir fəal kimi, diaspor təşkilatlarımızın rəhbərlərinə müraciət edirəm: vahid bir qüvvəyə çevrilməyimiz üçün, bizə, Allah tərəfindən gözəl bir şans verilib. Rusiya Azərbaycanlıları İttifaqının platformasının şəffaflığı və demokratikliyi, gələcək proqram layihələrinin lobbiçiliyinin möhkəmlənməsi, hər bir həmvətənimizin rifah halının yaxşılaşması, milli mənafe və dövlət maraqları naminə hesablanması mənim bu qənaətə gəlməyimin başlıca səbəbləridir.

Görüləcək bu alqışalayiq işlərin kökündə sonsuz vətən və millət sevgisi, insana zövq verən xalqa təmənnasız xidmətin bariz nümunələri durduğundan, hər bir soydaşımızı Rusiya Azərbaycanlıları İttifaqının ətrafinda sıx birliyə çağırıram!"

"AzPolitika"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar