İNDİ BANKLAR YALVARIR, SAHIBKARLAR İMTİNA EDİR - “Kreditiniz başınıza dəysin...”

İş adamları niyə banklardan üz döndərib?

Uzun illərdir Azərbaycanın bank sektorunun acınacaqlı vəziyyətindən, məmur-oliqarxların nəzarətində olmasından, kredit faizlərinin hədsiz dərəcədə yüksək olmasından və bunun bütünlükdə ölkə iqtisadiyyatına, sahibkarlığın inkişafına vurduğu ziyandan danışılır. Ancaq bütün bu tənqid və iradlara əhəmiyyət verilmir.

Bu etinasızlığın və maliyyə-iqtisadi sektora cavabdeh strukturların, onların rəhbərlərinin yarıtmaz fəaliyyətinin nəticəsi artıq getdikcə özünü daha çox biruzə verməyə başlayıb. Vəziyyət o yerə çatıb ki, məmur-oliqarxların baş qoşmadığı, nəzərindən yayınan olan-qalan bir neçə sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri də banklardan üz çevirməyə başlayıb.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov da ilin birinci yarısının yekunlarına dair çıxışında etiraf etmək məcburiyyətində qalıb: “Biznes kreditlər, yeni verilmiş biznes kreditlərinin orta faiz dərəcəsi cari ildə 11 faizdir və 5 faizdən də aşağı düşüb. Bu, bizim uçot dərəcəsinə yaxındır. Kredit aktivliyi davam edir.

Cari ilin altı ayında kreditlər 3,6 faiz artıb. Lakin bu zaman başlıca olaraq bu artım 9 faizdən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər bir qədər - 0,3 faiz azalıb. Hesab edirik ki, biz diqqətli olmalıyıq… Bu gün bank sektorunda əhəmiyyətli likvidlik var. Amma biz yenə də görürük ki, biznes kreditləri artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin”.

Sahibkarı biznesdən iyrəndirən sektor...

Baş bankir təzə-təzə oyanır deyəsən... Uzun illərdir Azərbaycanda sahibkarlığın vergi qanunvericiliyi, nazir dəyişikliyinə qədər hökm sürən vergi özbaşınalığı, rəqabət mühitinin olmaması, inhisarçılıq, korrupsiyanın yaratdığı əngəllər və digər səbəblərdən boğulduğu deyilir. Və bu sırada bank sektoru da var.

Guya E.Rüstəmov bilmirmi ki, sahibkara “badalaq gələn” və bu ölkədə biznes qurmaqdan iyrəndirən səbəblərdən biri də bank sektorudur? Məhz onun rəhbərlik etdiyi bank sektorunda baş verən hadisələr – sektorun bütünlüklə məmur-oliqarxların nəzarətinə verilməsi, “Beynəlxalq Bank”dan milyardlarla dollarların yoxa çıxması, analoqu olmayan yüksək kredit faizləri və şərtləri, bunun ardınca gələn devalvasiyalar və s. səbəblər ölkədə real sektorun, sahibkarlığın çökməsində mühüm rol oynayan amillər deyilmi?

Vəziyyət o yerə çatıb ki, artıq müştəri olmaması səbəbindən faizləri bir qədər endirməli olan banklar sahibkarlara yalvarmağa başlayıblar. Doğrudur, biznes kreditlərini əsas etibarilə E.Rüstəmovun dediyi kimi 11 faiz deyil, reallıqda 14-17 faiz civarında götürmək olur. Ancaq hər halda bu göstərici ötən illərin 25-30 faizlərilə müqayisədə xeyli azdır.

Lakin buna baxmayaraq, sahibkrlarıən böyük əksəriyyəti bankların təkliflərini geri çevirirlər. Hətta redaksiyamızla əlaqə saxlayan bir sahibkar bu günlərdə ona bankların birinin kredit təklif etdiyini, lakin devalvasiya dövründə yaşadığı acı təcrübəni, biznes mühitinin “ölüm ayağında” olduğunu, yenə də sahibkarı qane etməyən hazırkı faiz dərəcələrini, girov şərtlərini və s. göz önünə gətirdikdən sonra “kreditiniz başınıza dəysin” deyərək, cavab verdiyini söyləmişdi.

Doğrudan da ölkədə rəqbət mühitini məhv edərək, az qala pərakəndə ticarəti belə monopoliyaya aldıqdan, uzun illər sahibkarı vergidən, sosialdan, sanepidemstansiyadan, “uçaskovı”dan, icra hakimiyyətindən, daha bir sürü kimlərdən qorxan miskin təbəqəyə döndərəndən sonra ondan aktivlik, iqtisadiyyatı dirçəltməsini, yeni iş yerləri açmasını gözləmək də xüsusi istedad tələb edən həyasızlıqdır!

Yenə “lazım”?...

E.Rüstəmov deyir ki, “görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək...” Yenə “lazım”! Bu ölkədə hər şey, hər kəs bu lənətə gəlmiş “lazımı” gözləyir. Görəsən, E.Rüstəmov niyə indiyə qədər sadaladığı bu tədbirləri görməyə ehtiyac duymayıb?

Uzun illərdir sahibkarlar normal, əlçatan, məntiqə və real iqtisadi mühitə uyğun faizlərlə kredit almağa möhtac qalıb. Real işlə məşğul olan, büdcəyə vergi ödəyən, iş yerləri açan, halal zəhmətilə pul qazanmağa çalışan sahibkar qalıb bir tərəfdə, məmur-oliqarxların bankları özləri kimi fırıldaqçılara yüz milyonlarla, milyardlarla krediti gözlərini yumaraq, “uf” demədən veriblər. Təkcə “Xəzər Adaları” nağılı ilə bu ölkənin bir milyarda yaxın vəsaitini talayan Hacı İbrahim misalı kifayətdir ki, bu ölkədə kreditlərin hansı prinsiplər əsasında və kimlərə verildiyini anlamaq mümkün olsun.

Nəticədə, vaxtilə əlində normal perspektivli biznesi, girovu olan lakin yüksək faizlər, ağlasığmaz şərtlər, “şapkalar” səbəbindən bankın qapısından qayıdan sahibkar həmin vaxt biznesini inkişaf etdirə bilmədiyindən, hətta müflis olduğundan artıq bankların təklif etdiyi nisbətən yüngül şərtlərlə belə kredit götürmək iqtidarında deyil. Yəni zamanında məhv edilən kiçik və orta sahibkarlıq subyektlərinin böyük qismi bu gün bankların müştəriləri ola bilmirlər. Olanlar da banklardan iyrəndiklərindən onlara müraciət etmək istəmirlər, yeni tələdən qorxurlar.

Elə yenə də bank sektorunda yürüdülən yarıtmaz siyasətin nəticəsidir ki, ölkə başçısının problemli kreditlərin həllilə bağlı qərarından və büdcədən bankları dirçəltmək üçün ayrılan külli miqdarda vəsaitə baxmayaraq, yenə də ölkədə problemli kreditlərin səviyyəsi durmadan artır. Yenə belə kreditlərin həcmi 1.5 milyard manata yaxınlaşır və bu gedişlə tezliklə məlum qərardan əvvəlki 1.8 milyar manat həddinə çatacaq və onu ötəcək.

Ortada yenə büdcədən ayrılan 1 milyard manata yaxın vəsait çıxdaş olunacaq. Yəni problem kökündən həll edilmədiyi üçün, bank sektoru əvvəlki əllərdə qaldığı, əvvəlki başla, prinsiplərlə və tamahla idarə edildiyi üçün büdcədən ayrılan vəsaitlər də heç nəyə kömək etməyəcək.

Cəlal Məmmədov

AzPolitika.info

Şərhlər

Bashirov Qarib 2019-09-07 08:44:39

Bank sektoru qarşısında qoyulan əsas məsələ,sahibkarlıgın çökdurulməsi,sahibkarların sərvətlərinin əlindən alınması,istehsalın və elə bank sektorunun təmərguzləşməsi ilə inhisara alınması,devolvasiya ilə milyardlar qazanmaqla əhalinin umumi rifahını cəhənnəmə çevirmək kimi ugurlu tapşırıgı yerinə yetirmək idi ki buna da nail olub.

fikrət 2019-09-07 08:44:39

düz deyir verdiyiniz kredit başiniza dəysin !!!!!

Köhnə azərbaycanlı 2019-09-07 08:44:39

Mən nə biznesmen, nə bank işçisi, nə də peşəkar iqtisadçıyam.Lakin bildiyiniz kimi bazar iqtisadiyyatının əsasını tələb və təklif təşkil edir.Fikrimcə bank faizlərinin yüksək olması tələbin təklifi üstələməsidir.Biz də "qonşudan qalma dala" prinsipi ilə urey deyib 25-30% kriditə cumurduq.Əlbətdəki əksinə təklif tələbi üstələyən zaman kridit 14-17%-ə və təklifin üstünlüyü artdıqca kridit faizləri daha aşağıya beynəlxalq faiz dərəcəsinə 3-4%-ə düşəcək.Çünki bankların real gəlirləri kriditlərdən götürülən pulla bağlı olduğundan, onların faizi aşağı salmaqdan başqa çarələri qalmayacaq və “lazımı” axtaracaqlar. Fikrimcə bu istiqamətdə bankları nə qədər lazımdırsa, yumşalmağa məcbur etmək lazımdır.

Ziya 2019-09-07 08:44:39

Ümumiyyətlə Azərbaycanda bank sistemi sahibkarların inkişafı üçün yox,çökməsi üçün çalışır. Xaricdə kredit götürən biznes qurur inkişaf edir,bizdə isə kredit götürən olduğunu da üstünə qoyur qaytarır. Bu sahədə güclü islahatlar aparılmalıdır. Fakt budur,bunu danmaq da düzgün qərar deyil. Faizləri və şərtləri yüngülləşdirməklə insanlara daha rahat şəkildə kredit almaq imkanı yaradılmalıdır.

Qənirə 2019-09-07 08:44:39

Mən "Kapital Bank"ın korporativ müştərisi ola ola 10 000 kredit götürdüm, əvəzində baxmayaraq ki vaxtı vaxtında ödəyirəm 16 000 pul qaytarmalıyam. Hələ utanmadan hər dəfə zəng vururlar ki gəlin təzə kreditdə götürün...

Son yazılar