Roqozin Azərbaycan gömrüyünün "sirrini" açdı - 1,1 milyard dollarlıq əmtəə necə yoxa çıxıb?

Rusiya baş nazirinin müavininin Bakıda səsləndirdiyi rəqəm rəsmi rəqəmlə üst-üstə düşmür

Xəbər verdiyimiz kimi, Rusiya baş nazirinin müavini Dmitri Roqozin Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən iclasında çıxış edib. İki ölkə arasında ticarət dövriyyəsinə dair Rusiya baş nazirinin müavininin Bakıda səsləndirdiyi rəqəmlə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatı üst-üstə düşmür.

“Media forum” saytının məlumatına görə, sentyabrın 15-i Bakıda Azәrbaycanla Rusiya arasında iqtisadi әmәkdaşlığa dair hökumәtlәrarası komissiyanın 14-cü iclasında danışan Roqozin deyib ki, 2013-cü ildә iki ölkә arasında әmtәә dövriyyәsi 3,6 milyard dollar tәşkil edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi saytında isə göstərilir ki, 2013-cü ildə Rusiya Federasiyası ilə ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib. Dövriyyənin 1,5 milyardı idxal, 1 milyard dolları isə ixrac təşkil edib.

Qeyd edək ki, Azәrbaycanla digər ölkələr arasında ticarət dövriyyəsinə dair rəqəmlər arasında bu cür uyğunsuzluq ilk dəfə deyil ki, meydana çıxır. Bundan əvvəl də bir çox ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinə dair açıqlanan rəqəmlərdə oxşar faktlar fiksə edilib. Daha dəqiqi, Azərbaycan tərəfinin ticarət dövriyyəsinə dair açıqladığı rəqəmlər həmişə xeyli az olub. Ekspertlər bunun səbəbini Azərbaycana idxal olunan, həmçinin ölkədən ixrac edilən malların əhəmiyyətli hissəsinin qeydiyyatdan yayındırılması ilə bağlayırlar.

Hətta bir neçə il öncə İqtisadi Tədqiqatlar Mərkəzinin Azərbaycanın 16 dövlətlə idxal-ixrac əməliyyatlarına dair apardığı araşdırma zamanı 10 il ərzində 14,2 milyard dolar həcmində fərq müəyyən edilmişdi. Bu böyüklükdə fərqin yaranmasının səbəbi kimi isə idxal-ixrac əməliyyatlarının gömrük qeydiyyatından yayındırılması göstərilmişdi. Bu baxımdan Roqozinin 2013-cü ildә Rusiya-Azərbaycan arasında әmtәә dövriyyәsinə dair rəqəmi Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatından ciddi şəkildə fərqlənməsi heç də təəcüblü deyil. Görünür, ötən il gömrükçülərimiz Rusiya ilə ticarət dövriyyəsində 1,1 milyard dollarlıq əmtəəni qeydiyyata almağı "unudublar".

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar