ƏLİ ƏHMƏDOVUN “ƏLƏBAXIMLIQ ÖLÇÜSÜ” – Baş nazirin müavini özünü turist kimi aparır

Bizim məmurlar və deputatlar hər dəfə əhalinin sosial təminatı məsələləri barədə danışanda sanki “arı yuvasına çöp soxmaqdan” zövq alırlar. Bu “istedadına” görə deputat Hadı Rəcəbli hələlik liderliyini qorusa da, baş nazirin hörmətli müavini Əli Əhmədov da pis performans göstərmir...

Bir müddət əvvəl Əli Əhmədovun bazarların birində kənd təsərrüfatı məhsullarının qiymətilə maraqlanmasına dair süjet yayılmışdı. Əhmədovun artıq 6 ildir bu ölkənin baş nazirinin müavini olmasına baxmayaraq, özünü sanki başqa məmləkətdən gəlmiş hər şeydən xəbərsiz turist kimi aparması və qiymətlərin bahalığından gileylənməsi əksər insanlarda qıcıqdan başqa heç bir hiss yaratmadı.

Sanki Əhmədov qiymətlərin baha və əhalinin alıcılıq qabiliyyətinə tərs mütənasib olmasından xəbərsizmiş və baş nazirin müavini olduğu hökumətin bu acı reallıqda heç bir suçu-filanı yoxmuş. Günahkar isə bütün günü piştaxta arxasında durub qəpik-quruş qazanan, böyük əksəriyyəti kirayələrdə yaşayan binəva “işbazlardır”.

Nəticə etibarilə baş nazirin müavininin “bazar lövhələri” tamaşasına baxan əhalinin və sosial şəbəkə istifadəçilərinin münasibətini, rəylərini, ürək sözlərini nəzərə alsaq, Ə.Əhmədovun yerinə kim olsa, bir daha bazarın qapısından içəri ayaq basmaz...

Əli Əhmədovun son açıqlaması isə “uşaq pulu” ilə bağlı olub. “Hər bir vətəndaş, hər bir ailə özünü təmin etməlidir” deyən baş nazirin müavini, vətəndaşlarımızı “ələbaxım” görmək istəmədiyini bildirib: “Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq... Hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərmiş olsun. Əks halda, biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaq, onların iqtisadiyyatı inkişaf etdirməsi, istehsal, hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin çox olmayacaq...”

Nə deyəsən? Sanki əhali təmbəlləşib, kefinə kef çatmır, ayağını aşırıb ayağının üstünə oturub evində, hökumət isə bu “müftəxorlara” pul paylamaqdan yorulub. Deyəsən, Əhmədov Azərbaycan vətəndaşını elə bu cür tanıyır – bazarı və qiymətləri tanıdığı kimi... Ya da ki, baş nazirin müavini “qara camaatla” məmurları səhv salır. Çünki əslində, bəzi müftəxor məmurlardır ki, özlərindən yuxarıdakıların əlinə baxırlar - ələbaxımdırlar. O məmurlardır ki, dövlətin, xalqın onlara borclu olduğunu hesab edirlər, aldıqları maaşların yüz, min qat artığını da məlum yollarla qazanırlar. O məmurlardır ki, rəsmi maaşları ilə yaşadıqları villaların qiyməti arasında milyon il işləyib qazana biləcəyi miqdarda fərq var. Deməli, belələri ələbaxım sayılmırlar, amma 5-10 manat “uşaq pulu” davası edən kasıb-kusub ələbaxım və müftəxor sayılır?

Nə vaxt Ə.Əhmədovun hökuməti insanımızı normal işlə, maaşla, öz işini, biznesini qurmaq imkanları ilə təmin etdi ki, o da ələbaxım olmasın? Azərbaycanda elə sahə qalıbmı ki, onun məmurları monopoliyaya almasın? Elə iri şirkət, biznes qurumu varmı ki, onun sahibi hansısa məmur və onun yan yörəsi olmasın? Hər yeri qamarlayan da onlar, qul kimi işlətdiyi əhaliyə qəpik-quruş verən də onlardır! “Uşaq pulu” istəyən kasıb-kusub necə ələləbaxım olmasın ki, gənc ailələrin əhəmiyyətli hissəsi kirayələrdə yaşayır, körpəsinin nə normal qidalanmasına, nə də tibbi xidmətinə pul tapır?

Ə.Əhmədovun məntiqindən belə çıxır ki, hər yeni doğulan vətəndaşının adına bank hesabı açıb böyük məbləğdə pul yatıran, onların təhsilini, maddi təminatını və gələcəyini təmin etməyə çalışan məlum neft ölkələri öz vətəndaşlarını ələbaxım edirlər?

Bu mövzuda bir neçə gün əvvəl Hadı Rəcəbli yolunun parlaq nümayəndələrindən olan deputat Musa Quliyev də açlıqlama vermişdi və demişdi ki, “həm “uşaq pulu”nun, həm də ünvanlı sosial yardımın verilməsi məqsədəuyğun deyil”. Hansı ki, bunlar prinsipcə ayrı-ayrı şeylərdir.

Məsələn, Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan hər uşağa dövlət 150 min dollar müavinət ayırır. Neft pulları hesabına Küveytdə yeni doğulan hər uşaq üçün bankda 3 min dollarlıq hesab açılır, mənzil tikintisi üçün 220 min dollara qədər faizsiz kredit verilir. Küveyt hökuməti hər bir yeniyetmə üçün aylıq 170 dollar, evdar qadınlar üçün isə 300 dollar müavinət ödəyir. Özü də bu ölkədə təhsil tamamilə pulsuzdur. Səudiyyə Ərəbistanında yeni doğulan hər uşağa dövlət neft pullarından 10 min dollar vəsait ödəyir, 80 min dollar vəsait isə əvəzsiz olaraq, mənzil almaq üçün ödənilir. Ali məktəbi bitirən hər bir məzuna 13 min dollar verilir. Səudiyyə Ərəbistanında da neft pulları hesabına tibb və təhsil tamamilə pulsuzdur.

Avropanın əsas neft ölkələrindən olan Norveçdə isə yenə neft pulları hesabına hər bir vətəndaşın hesabına 100 min dollar köçürülür. Yeni dünyaya göz açmış hər uşağın hesabına isə 3 min dollar qoyulur. Ölkədə əksər tibb ocaqları dövlətə məxsusdur, təhsil pulsuzdur və Norveç hər oxuyan vətəndaşa çəkilən xərcin səviyyəsinə görə dünyada birinci yeri tutur...

Daha da sadalamağa ehtiyac varmı? Bəlkə bu ölkələr sadaladığımız tədbirlərlə öz vətəndaşlarını ələbaxım ediblər? Bəlkə Əli Əhmədovun hökuməti bütün bunları təmin edib də, indi camaat “utanmadan” hələ bir “uşaq pulu” da istəyir?

Doğrudur, biz Norveç ola bilmirik və bu gedişlə də çətin ki olaq. Ancaq hər halda başqa vaxt “analoqu olmayan” adlandırdığımız iqtisadiyyatımız, büdcəmiz yeni dünyaya gəlmiş övladlarımıza, onların ailələrinə Norveç qədər olmasa da, az-çox layiqli bir maddi dəstək göstərə bilər. Bunun üçün sadəcə, kimlərsə öz tamahlarını azaltmalıdır, məsələn, hansısa icra hakimiyyətinin binasının təmirinə bir milyondan artıq pul ayrılmamalıdır, şübhəli tenderlərlə büdcə talan edilməməlidir və s... O zaman“uşaq pulu” da verərlər, uşağın hesabına pul da qoyarlar, təhsili, səhiyyəni də sözün əsl mənasında pulsuz edərlər, nəticədə, vətəndaş nə kasıb, nə də Əli Əhmədovun dediyi kimi ələbaxım olar...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Ardı 2019-09-08 08:40:50

Belə hallar sosial narazılıqların yaranmasına gətirib çıxarır. Hər bir məmur daşıdıqları vəzifədə dövlətimizə və xalqımıza layiqincə xidmət etmiş olsalar,inanın heç bir vətəndaş dövlətimizdən narazı qala bilməz,çünki xalqımızı sevən Rəhbərimiz var.Vətəndaşı dövlətdən narazı salanlar yalnız yerində olmayan məmurlardır..Qüsursuz bir peşəkar kadrı, Rabitə Nazirliyi tərəfindən dövlətimizi sevməyən məmurun şəxsi maraqları naminə çıxdaş edibdir?Səlahiyyətli məmurlarda, məmurun şəxsi maraqlarını müdafiə edirlər ?

Ardı 2019-09-08 08:40:50

balta çalırlar..Saysız-hesabsız cənab Ə.Əhmədovun ünvanına ailəmin haqsızlıqlara düçar olması ilə əlaqədar müraciət etməyimə baxmayaraq,müsbət nəticə olmamış,müraciətlərim qanunlarımız işləməyən ünvana(NRYTN) göndərilir,ordanda nazir müavini Elmir Vəlizadə tərəfindən qanunsuz cavab verilir. Respublika Dövlət Əmək Müfəttişliyi tərəfindən həyat yoldaşımın Əmək müqaviləsi əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi bildirilmiş,ancaq Rabitə Nazirliyi tərəfindən qanunun aliliyinə əməl edilmir ?

S.Ənvərqızı 2019-09-08 08:40:50

Uşaqların yaşayış tərzinin yaxşılaşdırılması üçün uşaq pulu verilməlidir.Uşaq pulunun verilməsinin büdcəyə mənfi təsiri olmayacaq,əksinə uşaqların vətənpərvər böyüməsinə gətirib çıxaracaqdır. Biz sözdə yox, qəlbən dövlətimizə bağlı olmalıyıq və öz xidmətlərimizlə cənab Prezidentimizin etimadını doğrultmalıyıq. Sözdə məmurlar özlərini vətənpərvər kimi göstərirlər,daşıdıqları vəzifələrdə isə vətəndaşın müraciətinə belə baxmırlar,qanunsuz cavab verməkdən kəçinmirlər,vətəndaşın dövlətə olan inamına balta çalır

Gözütox 2019-09-08 08:40:50

Əli müəllim çox doğru fikir yürüdür. Bəsdir bu milləti ələbaxan öyrətdik! İşi o yerə çatdırmışıq ki, biri uşaq pulu istəyir, biri tibbi sığorta istəyir, biri pensiya yaşının azaldılmasını istətir, bir başqası kommunal xərclərin güzəştli olmasını istəyir və s. Bunların hamısına son qoymaq lazımdır. Qoy vətəndaş bilsin ki, ona nə lazımdırsa özü çalışıb əldə etməlidir. Onda vətəndaş gecə-gündüz çalışacaq ki, ailəsinin ehtiyaclarını ödəsin və boş-boş fikirlərə düşməyəcək.

zakir 2019-09-08 08:40:50

ela yazidir

cəngərlik sakini 2019-09-08 08:40:50

bunlar güya bilmirlər ki,hər belə çıxışdan sonra bunların eninə-uzununa döşəyirlər.əlbəttə gözəl bilirlər.SUAL.sən özünü niyə söydürürsən? CAVAB.yaxşı edirsən.

fikrət 2019-09-08 08:40:50

mən nə əli əhmədov kimilərin nədə onun yanindakilarin yuxarda və aşaqida oturanlarin hec birinə nə televizorda nədə onlarin qəzetdə müsahibələrini oxuyub özümü əsəbləşdirmirəm bilirəm onlar nə deyəcəklər ona ğörə

Dunya 2019-09-08 08:40:50

.... kef ceksi haramin olsun

Lətif 2019-09-08 08:40:50

Bu adamın indiyə qədər bir ağıllıdüşünülmüş,əsaslı çıxışını eşidən,oxuyan olubmu? Əli Əhmədovun belə yazıları,çıxışları onun boşboğqzlığını təsdiq etmirmi? Onun əsl milliyəti maraqlı deyilmi?

Elli 2019-09-08 08:40:50

Məqalədə yazilanlar nöqtə vergülünə kimi düzdür.Cəlal müəllimə təşəkkürlərimizi bildiririk. Çox sağ olun!ürəyimizdəkiləri yazdığınız üçün.

EJDER 2019-09-08 08:40:50

AYE, BES ANALOQU OLMAYAN MUWAVIRELERE BAXIN ELI MALIM,HOKUMET ELE ELEDI ,YUMURTANI BELE ELEDI,HA HA HA DEMELI HAMISI YALANMIW ,HIYYY.AYE ,LUKAWENKONUN QULAQINA CATSA ,BUYABIR OLDUQ,NAQARACIQ....

seda 2019-09-08 08:40:50

sonra deyirler millet bizi internetde soyur-qargiw edir...

senani 2019-09-08 08:40:50

Bütün bu deyilənlər və çoxlu sayda hələ də deyiməyənlər öz yerində.Yenə də əsas sual budur ki,talan edilmiş,oğurlanmış pullar ölkəyə nəvaxt qaytarılacaq? Ə.Əhmədov bu barədə danışsa daha yaxşı olar.Yoxsa Ə.Əhmədovun digər bütün danışıqları mücərrəd xarakter daşıyır və özü də bilir ki,danışdıqları heçnəyə yaramır

t.ədalət 2019-09-08 08:40:50

Hər tərəf ələ keçirildiyinə görə insanlar yaşamaq üçün imkan tapa bilmirlər.Belə bir lətifə var ki,ata-oğul hərəsi bir qoç alıb bəsləyirlər.Müəyyən müddətdən sonra həmin qoçları yoxlamaq üçün saxlandığı yerə gəlirlər.Oğulun saxladığı qoç qapı açılan kimi sahibini vurub yerə sərir.Atanın qoçu isə arıq olduğundan qapı açıq olsa da gözə dəymir.Ata oğula deyir:-Çalış tabeliyində olanları mənim kimi bəslə ki,sonra əngələ çevrilməsin. Lətifəsi bizdən uzaq..

Kasıb 2019-09-08 08:40:50

Millətə qarşı gərək çox böyük nifrətin ola ki, ya dinsiz, imansız, insafsız olasan ki, Əlinin axır günlər dediklərini danışdıqlarını danışa biləsən. ALLAH götürməz. İNŞALLAH belə getməz.

Şəkili 2019-09-08 08:40:50

Əli və Hadı elə bilirlər ki xaiq da bunlar kimi küllü səlahiyyət və imkan sahibləridir.Yadınıza salım ki Konstitusiya Məhkəməsi də problemli kreditlərin bağışlanması məsələsində əsassız və sifarişlı səbəblər göstərərək dəfələrlə etiraz etmişdi.Nəticəni gördüz..Düşünürəm ki belə əsassız və bayağı sitatlar gətirdiyinizə görə yaxın gələcəkdə utanacaqsınız....

Asif 2019-09-08 08:40:50

2003-cü ilədək YAP-dan olan kadrları irəli çəkmək üçün ildə Əli Əhmədova 2-3 icra başçısı, 5-6 başçı müavindəri, 5-10 Nazirlik və komitələrdə kifayət qədə yüksək vəzifələrə kadr təsdiqi "bagışlanırdı" ..... O da GUYA bu pulları YAP-ın rayon təşkilatlarına kömək üçün, ya ya YAP-ın tədbirlərinə xərcləyirdi. YAP ən boyük tədbirlərində YAP-ın büdcəsində milyonlar silinirdi.Amma xərci Kəbirə ödəyirdi. YAP-ın belə durumuna səbəb ƏLİ ƏHMƏDOVUN yarıtmazlığı oldu

Azəri 2019-09-08 08:40:50

Rüşvətxor məmurlar yüz milyardlarla pulu millətə atıblar. Hamısı multi milyoner, milyorderlərdirlər. Bütün vəzifə pul,biznes kapital burada da onlarındır. Neft-qaz milyardları necə gəlir elə də yox olur. Normal neft ölkələrində hər doğulan uşağa böyük summa verilir. Neft gəlirindən adambaşı pay verilir. Heç olmasa insanların normal yaşaması üçün şərait yaradılmalıdır. Bizim millət isə səpələniblər bütün dünyaya, çörək pulu dalınca. İntihar edir bura qayıtmaq istəmirlər. Budurmu?.Belələrini ağzını hökumət yummalıdır ki, heç olmasa danışmasın. Yoxsa axırda millətin səbri tükənib özü yumacaq. Onda da çox acınacaqlı faktlar fəsadlar ortaya çıxacaq.

Asif 2019-09-08 08:40:50

YAP-ın müşavirə və tədbirlərində heç bir zaman bu Əlidən agıllı bir təklif eşidilməyib.Sadəcə yuxarıdan gələn göstərişləri quru şəkildə çatdırmaq vəssalam.İldə YAP-ın hesabına 6-8 milyon üzvülük haqqı girir.Hanı o pullar.Əli bunları mənimsəyir. Onsuzda YAP tədbirlərinin xərcini imkanlə adamlara "yükləyiblər"YAP--ın büdcəsindən də pul silinib. Partiya təşkilat rəhbərlərindən bəlkə ildə yuzlərlə qizıl saatlar (çox sevir)alır

Vətəndaş 2019-09-08 08:40:50

Təbiiki Əli Əhmədov kimi məmurlar heç vaxt xalqı başa düşməzlər.Ona görədə feysbuk səhifələrinə şikayət yazankimi silirlər.Ona görə xalqın problemi onlara maraqlı deyil..

Asif 2019-09-08 08:40:50

Bu adamın idarəçilikdə heç bir savad və bacarıgı yoxdur inanın.Bunu AMİP-dən YAP-a transfer edəndə də məqsəd YAP-dakı təmiz insanları tədricən ləkələyib sıradan çıxarmaq idi.Bunu edəndən sonra onu Baş nazir müavini etdilər.İndi də altını gen bol çəkirlər.4 TƏRƏFDƏN SATQINLARLARIN MÜHASİRƏSİNDƏDİRLƏR.Əli bu hakimiyyətə YAP daxilində baş verən narazılıqların birinin üstə beşi qoyub yuxarı çatdırmaq olub.Müxalifət əleyhinə 5-10 cümləni əzbərləyib efirə vermək savadmı tələb edir?

pensioner 2019-09-08 08:40:50

Əhalini uşaqpulu,təhsilpulu,dərmanpulu və normal səhiyyə ilə təmin etmək,iş yerləri açmaq dövlətin başlıca vəzifəsidir!!! Ələbaxəmlar sadə vətəndaşlar deyil. Ələbaxımlar maaşı bir neçə yüz manat olan və "krışa"ları, arvad uşaqları,rəqqasələri ilə milyonluq həyat tərzi keşirən məmurlardır.Nə qədər kor və kar olmaq olar ki,belə sadə həqiqəti dərk etməyəsən.

Mahir 2019-09-08 08:40:50

....... kimi danışır.

Son yazılar