“BİZ ONLARI SATIN ALSAQ BELƏ…” – YAP-çı deputat mövqeyini dəyişən müxalifətçiləri “düşmən” adlandırdı! (ŞOK)

Dərc olunub: 08/09/2019 - 17:56

Eldar-1

“Düşmən gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir”.

“AzPolitika.info”-nun məlumatına görə, əvvəllər müxalifətdə olmuş, sonradan mövqeyini dəyişərək iqtidar tərəfə keçmiş siyasətçilərlə bağlı belə sərt fikri Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından və məşhur “91-lər”dən olan deputat Eldar İbrahimov deyib. O, demokrat.az saytına açıqlamasında bu mövzuda danışıb.

Eldar İbrahimov hakimiyyətə tərəf keçib pul, vəzifə və mandat alan şəxsləri “düşmən” adlandırıb: Biz onları satın alsaq belə, Azərbaycandakı inkişafı, əmin-amanlığı gözü götürməyən xarici qüvvələr var. İstəsək də, lap çox pul versək də, onlar milli maraqlarımıza xidmət etməyəcəklər. Çünki xarici qüvvələrin əlində idilər. Onların məqsədi xarici qüvvələrdən çoxlu pul alaraq, hakimiyyəti ələ keçirtmək idi. Düzdür, bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir. Ona görə onların dostluğu bizə lazım deyil”.

Deputat açıqlamasında müxalifəti də xarici qüvvələrə işləməkdə ittiham edib. “Dediyim kimi, xarici qüvvələr imkan verməyəcək ki, onlar Azərbaycana xidmət göstərsin. İndi hansı müxalifətçinin xarici ölkədə evi, imkanı yoxdur?! Bunu bütün Azərbaycan xalqı bilir…” – deyə E. İbrahimov bildirib.

Fikrimizcə, E.İbrahimovun mövqeyini dəyişən müxalifətçilərlə bağlı belə sərt fikirləri, onları hətta düşmən adlandırması anlaşılmaz olmaqla yanaşı həm də iqtidarın uzun illərdir apardığı siyasətə qarşı çıxmaqdır.

R.Əliyev
AzPolitika.info








loading...


Fikrinizi bildirin