Azərbaycanda bal idxalına məhdudiyyətlər qoyula bilər

Azərbaycan Arıçılar Assosiasiyası ölkəyə bal idxalına məhdudiyyətlərin tətbiq edilməsinə dair ölkə rəhbərliyinə məktub ünvanlayıb.

Bunu “APA-Economics”ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq tədbirlərin tətbiqi ölkədə bal istehsalının sürətlə artacağına şərait yaradacaq.

“Dünyada belə bir praktika mövcuddur. Məsələn, Türkiyə idxala məhdudiyyət tətbiq etdikdən sonda bu sahəni sürətlə inkişaf etdirə bildi. Eyni praktika İsraildə də tətbiq olunub, bu ölkə hazırda bal ixrac edən ölkəyə çevrilib”, - deyə B. Həsrətov qeyd edib.

Assosiasiyasının sədri əlavə edib ki, Azərbaycanda ixrac potensialı mövcuddur, lakin burada söhbət daha çox premium məhsulların ixracından gedir.

“Azərbaycan balı, məsələn, Ukraynanın günəbaxan, yonca və qarabaşaq balı ilə müqayisə oluna bilmədiyi üçün qiymət baxımından da yanaşı tutula bilməz. Belə ki, Ukrayna balı kütləvi istehsal olduğuna və daha aşağı tərkibli sıradan bal sayıldığından dünya bazarına aşağı qiymətlə çıxarılır. Dünya bazarında isə iki qiymət mövcuddur – sıradan olan balların qiyməti, hansıların ki, 1 kiloqramı 10-20 ABŞ dolları təşkil edir, bir də 100-150 dollardan başlayan qiymətlə premium məhsulu. Azərbaycan balı məhz premium kateqoriyaya daxil olan məhsuldur. Sadəcə olaraq yerli məhsulu dünyada tanıtdırmağa ehtiyac var. Digər tərəfdən, ən əsas məqamlardan biri də istehsalçılarda orqanik sertifikatın olmasıdır ki, bu, yerli məhsulun istənilən bazara daxil olmasına yol aça bilər”, - deyə B. Həsrətov qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar