İLHAM MİRZƏYEVİN ŞOK CİNAYƏT DOSYESİ-3-cü HİSSƏ

Xəbər verildiyi kimi, bu gün Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə hazırlıq iclasının qapalı keçirilməsi və cinayət işinə xitam verilməsi barədə vəsatətlər verib. Hakim məhkəmə baxışının bağlı keçirilməsi barədə vəsatəti qismən təmin edib.

Qeyd olunub ki, prosesin Rəşad Daşdəmirovun iddiası üzrə olan hissəsi açıq, Zülfiyyə Əhmədova və Aynur Əhmədovanın iddiaları üzrə olan hissəsi isə qapalı olacaq.“Təzadlar” qəzeti İlham Mirzəyevin törətdiyi cinayət əməlini əks etdirən İttiham Aktını əldə edib. Aşağıda həmin sənədin 3-cü hissəsini təqdim edirik:

 “Həmin şəxsin şəklini gətir, bir baxım görüm kimdir”

Psixoloq olaraq onun qəbuluna gələn böyüklər üçün 50 manat, uşaqlar üçün isə 25-30 manat ödəniş alınmışdır. O, özü şəxsən “İlhaMed” tibb mərkəzində psixoloji yardım üçün müraciətlər etmiş pasientlərdən göstərdiyi psixoloji yardım xidmətinə görə əlbəəl pul almamış, pasient onun qəbuluna gələnə kimi artıq tibb mərkəzindəki qeydiyyat şöbəsində qeydiyyatdan keçmiş, birdəflik qəbul üçün nəzərdə tutulmuş 25-50 manat pulu ödəmiş, pasientə qəbz verilmişdir. Yalnız bundan sonra pasient qəbul şöbəsindən pulu ödəməsinə dair verilmiş qəbzlə onun qəbuluna gəlmiş, o, həmin pasienti direktor otağında qəbul etmişdir. Pasient qəbzi ona göstərmiş və o, pasienti qəbul etmişdir. Psixoloq olaraq o, müraciət etmiş vətəndaşları tibb mərkəzindəki özünün əyləşdiyi otaqda qəbul etmiş, onlara psixoloji yardım göstərmişdir. Göstərdiyi psixoloji yardımın mahiyyəti bundan ibarətdir ki, vətəndaş ona müraciət etdikdə, psixoloq olaraq onu ilk növbədə dinləmiş, onu narahat edən məsələnin probleminin nədən ibarət olduğunu araşdırmışdır. Təxminən 8-9 gün əvvəl dəqiq xatırlamadığı tarixdə günortadan sonrakı saatlarda “İlhaMed” tibb klinikasına əvvəllər tanımadığı adını sonradan bildiyi A. pasient kimi gəlmiş və ona müraciət etmişdir. A. hamı kimi qəbula gələrkən 50 manat psixoloji yardıma görə xidmət haqqını ödəmiş və bundan sonra onu direktor otağında qəbul etmişdir. A. qəbuluna gələrkən 4 ay əvvəl anasının xərçəng xəstəliyidən dünyasını dəyişdiyini, anasının vəfatı ilə barışa bilmədiyini danışmış, göz yaşları içərisində boğula-boğula özünü öldürmək istədiyini bildirmişdir.

O, psixoloq olaraq A.-ya təsəlli vermiş, ondan ailəsi barədə sorğu-sual etmiş, ona izah etmişdir ki, anasının vəfatı ilə barışmalıdır. Allaha sığınmaq lazımdır, anası ağır xəstə olub, uzun müddət yataqda yatsa idi, o, buna dözə bilməzdi. O, həmin pasientə özünəqapanma, depressiya və intihara meyillilik diaqnozu müəyyən etmiş və onun üçün 30 günlük psixoloji seans keçməsini məsləhət görmüşdür. Hətta A.-nı tibb mərkəzində fəaliyyət göstərən şüa-diaqnostika aparatına göndərmişdir ki, orada beyni aparata salınsın. Şüa-diaqnostika aparatına baxan həkim Mətanət xanım bildirmişdir ki, A.-nın beynində heç bir problem yoxdur və beləcə, onun qoymuş olduğu diaqnoz düzgün çıxmışdır. Sabahı gün, günortadan sonrakı saatlarda A. növbəti dəfə “İlhaMed” tibb mərkəzinə gələrək, bu dəfə də 50 manat birdəfəlik qəbul üçün ödəniş haqqını ödədikdən sonra onun qəbulunda olmuş, o A. ilə şifahi söhbət aparıb ona psixoloji yardım göstərmişdir.

Növbəti günlərdə də, 2-3 dəfə A. “İlhaMed” tibb mərkəzinə gələrək qəbulunda olmuş, həmin vaxt onu otağında qəbul edib psixoloji yardım göstərmişdir. Bu dəfəki gəlişləri zamanı isə A. qəbul şöbəsində qəbul üçün 50 manat ödəniş etməmiş və bildirmişdir ki, tələsir, ödənişlərin hamısını birdəfəlik ödəyəcəkdir. O, buna etiraz etməmmiş və beləcə, növbəti 2-3 gündə A.-nı qəbul etmiş, ona psixoloji yardım göstərmişdir.

“Növbəti dəfə, 10 aprel 2014-cü il tarixdə günortadan sonra, təxminən saat 15-16 radələrində A. “İlhaMed” tibb mərkəzinə onun otağına gəlmiş, otaqda A. özünün və sevdiyi şəxsin ayrı-ayrılıqda iki ədəd rəngli fotolarını, bir də 14 ədəd 100-lük avro pul əskinazlarından ibarət 1400 Avro pulu ona vermişdir”

Növbəti gəlişlərinin birində A. özü haqqında danışarkən bildirmişdir ki, onun bir nəfər kişi tanışı vardır, həmin şəxs ailəlidir, həmin şəxs ona həmişə maddi yardım göstərmişdir, hətta anasının müalicəsi üçün də ona yardım göstərmişdir, lakin son vaxtlar münasibətləri soyumuşdur, əgər həmin şəxs yenidən onunla yaxın münasibətdə olsa, özünü yaxşı hiss edər. O, A.-dan bu şəxsin kim olduğunu, həmin şəxs evlidirsə, nəyə görə onunla münasibətdə olduğunu soruşmuş və A.-ya demişdir ki, “həmin şəxsin şəklini gətir, bir baxım görüm kimdir”. Növbəti dəfə, 10 aprel 2014-cü il tarixdə günortadan sonra, təxminən saat 15-16 radələrində A. “İlhaMed” tibb mərkəzinə onun otağına gəlmiş, otaqda A. özünün və sevdiyi şəxsin ayrı-ayrılıqda iki ədəd rəngli fotolarını, bir də 14 ədəd 100-lük avro pul əskinazlarından ibarət 1400 Avro pulu ona verib bildirmişdir ki, “bu pullar 30 günlük seansın puludur, hamısını birlikdə verirəm, məndə milli pul olmadığı üçün pulu Avro ilə verirəm”. O, ödənişi manatla etməsini söyləmiş, lakin A. bildirmişdir ki, tələsir, onda milli pul olmadığı üçün Avro ilə verir. O, həmin 14 ədəd 100-lük avro pulu A.-dan götürüb oturduğu stolun sağ tərəfindəki şkafın yuxarıdan ikinci siyirtməsinə qoymuş, düşünmüşdür ki, həmin 1400 Avro pulu sonradan Azərbaycan manatına çevirər və tibb mərkəzinin kassasına mədaxil edər. A. tələsdiyini söylədiyi üçün həmin gün ona psixoloji yardım göstərməmiş, A. pulu və iki ədəd rəngli fotoşəkilləri ona verdikdən sonra çıxıb getmişdir. A. otaqdan çıxdıqdan ani vaxt sonra otağına mülki geyimli şəxslər gəlmişlər. Həmin şəxslər özlərini təqdim edərək, Azərbaycan Respublikası Baş Mütşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, A.-nın barəsində etmiş olduğu şikayəti ilə bağlı gəldiklərini söyləmişlər. A. da sonradan polis əməkdaşalrı ilə birlikdə qayıdıb otağa gəlmişdir. Polis əməkdaşalrı ondan A.-dan pul alıb-almadığını soruşduqda, o, həqiqətən bir qədər əvvəl A.-dan 1400 avro aldığını etiraf etmiş və otağındakı oturduğu stolun sağ tərəfindəki şkafın yuxarıdan ikinci siyirtməsindən 14 ədəd 100-lük avro pul əsginazlarını götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları müvafiq protokol tərtib etməklə təqdim etdiyi 14 ədəd 100-lük Avro pulları kağız zərfdə qablaşdırıb götürmüşlər. Bu barədə protokol tərtib edilmiş, protokol oxunmuş, məzmunu ilə tanış olduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər.

Cinayət işi üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Əlimərdanov Kərim Heydər oğlu ifadəsində göstərmişdir ki, 10 aprel 2014-cü il tarixdə A. adlı vətəndaş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “İlhaMed” tibb mərkəzində psixoloq işləyən İlham Mirzəyevin qəbulunda olarkən, İlham Mirzəyevin ona xoşuna gələn oğlanla münasibətlərində şirinlik yaradacağına, onları bir-birilərinə qovuşduracağına, nəticədə, evlənəcəklərinə söz verdiyini və bu işin həlli üçün ondan 3000 Avro pul istədiyini, 09 aprel 2014-cü il tarixdə bu məqsədlə həmin tibb mərkəzinə gedərək İlham Mirzəyevə 1600 avro pul və iki ədəd fotoşəkillərini verdiyini, İlham Mirzəyevin 3000 Avro pulu sabahı gün, yəni 10 aprel 2014-cü il tarixdə çatdırılmasını söylədiyini, lakin sonradan İlham Mirzəyevin onu yalandan aldadaraq pulunu ələ keçirməsini başa düşdüyünü bildirmiş və İlham Mirzəyev barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin tarixdə o, vətəndaş A.-nın müraciətinə əsasən məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı raprotla BMCMİ-nin rəisinə məruzə etmiş və rəhbərlik tərəfindən əməliyyatın keçirilməsinə dair qərar qəbul etmişdir.

“İlhaMed” tibb mərkəzinin direktoru İlham Mirzəyevin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə ərizəçi A. tərəifndən ona verilməsi üçün hal şahidlərinin iştirakı ilə A.-nın şəxsi vəsaitindən olan 14 ədəd 100-lük avro pul əsginazları seriya və nömrələri yazılmaqla və kserosurətləri çıxardaraq A.-ya verilmişdir. Ərizəçi A.-ya əməliyyat-axtarış tədbirinin planına uyğun necə hərəkət edəcəyi izah olunmuş, bundan sonra, həmin gün, yəni 10 aprel 2014-cü il tarixdə saat 15:30-da əməliyyat qrupunun üzvləri, dəvət olunmuş hal ş\ahidləri və ərizəçi A. ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanında fəaliyyət göstərən “İlhaMed” tibb mərkəzinin qarşısına gəlmişlər. Əməliyyat planına uyğun olaraq A. “İlhaMed” tibb mərkəzinə daxil olub girişlə üzbəüz yerləşən mərkəzin direktoru İlham Mirzəyevin otağına keçmişlər. Ərizəçi A.-nın deməsinə görə, İlham Mirzəyev ondan qalan 1400 avro pulu həmin gün çatdırılmasını istəmişdir. Təxminən 8-10 dəqiqə sonra A. tibb mərkəzinin direktoru İlham Mİrzəyevin otağından bayıra çıxmış və kənardan dayanıb müşahidə aparan əməliyyat qrupunun üzvlərinə artıq əvvəlcədən seriya və nömrələri yazılmaqla əməliyyat tədbirində istifadə edilməsi məqsədilə ona təqdim olunmuş pulları İlham Mirzəyevə verməsi şərti işarə ilə xəbər vermişdir.

“Əməliyyatçılar otağa daxil olduqda tibb mərkəzinin direktoru İlham Mirzəyev içəridə tək olmuşdur”

Bundan sonra əməliyyat qrupunun üzvləri dəvət olunmuş hal şahidləri ilə ərizçi A.-nın iştirakı ilə “İlhaMed” tibb mərkəzindəki əsas girişlə üzbəüz yerləşən mərkəzin direktoru İlham Mirzəyevin iş otağına daxil olmuşlar. Otağın giriş qapısının kənarında “Direktor İ.Mirzəyev” yazılı lövhə vurulmuşdur. Otağa daxil olduqda tibb mərkəzinin direktoru İlham Mirzəyev içəridə tək olmuşdur. Əməliyyat qrupunun üzvləri xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və İlham Mirzəyevi əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər.

Sonra tibb mərkəzinin direktoru İlham Mirzəyevə vətəndaş A.-nın onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı şikayət ərizəsi əsasında əməliyyat tədbirinin keçirilməsi barədə məlumat verilmiş və ondan A.-nın ona müraciət edib-etmədiyini, bu vətəndaşlardan hansısa məbləğdə pul alıb-almadığını şifahi soruşmuş və ona təklif etmişlər ki, əgər A. ona hansısa məbləğdə pul vəsaiti vermişdirsə, həmin pulları təqdim etsin. İlham Mirzəyev əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış olub təkliflərini dinlədikdən sonra bildirmişdir ki, bəli, həqiqətən də, A.-nı tanıyır, bu xanım əvvəllər 2-3 dəfə “İlhaMed” tibb mərkəzinə gəlmişdir və A. şəxsən onun özünə psixoloji yardım üçün müraciət etmişdir. İlham Mirzəyev bildirmişdir ki, əvvəlki dəfələrdə A. onun qəbulunda olarkən göstərdiyi psixoloji yardıma görə hər dəfə direktoru olduğu tibb mərkəzinə 50 manat pul ödəmiş, həmin gün də, növbəti dəfə A. onun qəbuluna gəlmiş və bir qədər əvvəl iş otağında A. gələcəkdə göstərəcəyi psixoloji yardım xidmətinə görə ona 1400 avro pul vermişdir. Təkliflərinə əsasən İlham Mirzəey iş otağında əyləşdiyi stolun sağ tərəfindəki dördgözlü siyirtmə şkafın yuxarıdan ikinci gözünü açaraq oradan 14 ədəd 100-lük avro pul əsginazlarından ibarət cəmi 1400 avro məbləğində pulları təqdim etmiş və bildirmişdir ki, bu pullar bir qədər əvvəl A.-nın ona vernmiş olduğu pullardır. İlham Mirzəyevin iş otağında təqdim etdiyi 14 ədəd 100-lük avro pul əsginazlarına baxış keçirən sənədləşmə aparılmaqla A.-ya təqdim olunmuş şəxsi vəsaitindən olan 14 ədəd 100-lük avro pul əsginazlarının seriya və nömrələri ilə eyniyyət təşkil etdiyi müəyyən edilmişdir. İlham Mirzəyevin təqdim etdiyi 14 ədəd 100-lük avro pul əsginazları onun özünün dəvət olunmuş hal şahidlərinin və ərizəçi A.-nın iştirakları ilə kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənməklə götürülmüş, əməliyyat tədbiri zamanı fotoçəkilişi aparılmışdır. Sonra ounun tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokol tərtib olunmuşdur. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir şikayət, təklif daxil olmamış və sonda bütün iştirakçılar, o cümlədən İlham Mirzəyevin özü protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.

“ İlham Mirzəyevin iş otağının qapısı kilidlə bağlanmış və möhürlənmişdir”

Əməliyyat-axtarış tədbirinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi başa çatdıqdan sonra araşdırma zərurəti ilə bağlı cinayətin izlərinin, subut mənbəyi ola biləcək digər maddi obyektlərin və iş üçün əhəmiyyətli digər halların müəyyən edilməsi məqsədilə hadisə yerinin mühafizəsinin təmin edilməsi üçün tibb mərkəzinin direktoru İlham Mirzəyevin iş otağının qapısı kilidlə bağlanmış və möhürlənmişdir. Sonra İlham Mirzəyev araşdırma zərurəti ilə əlaqədar izahat verməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələn İlham Mirzəyev öz xətti ilə sərbəst şəkildə yazdığı izahatında göstərmişdir ki, həqiqətən də bir gün əvvəl A. ona 1600 avro pul və özünün və yaxın münasibətdə olduğu şəxsin fotoşəkillərini vermişdir. İlham Mirzəyev iki ədəd fotoşəkilləri və 1600 avro pulları təqdim edə biləcəyini izahatda göstərmişdir.

Bundan sonra hal şahidlərinin iştirakı ilə İlham Mirzəyev 2 ədəd 500-lük, 4 ədəd 100-lük və 5 ədəd 50-lik avro pul əsginazlarından ibarət cəmi 1600 avro pulları və ərizəçi A.-nın və bir nəfər kişi cinsinə mənsub şəxsin iki ədəd rəngli fotoşəkillərini təqdim edərək bildirmişdir ki, həmin pulları və iki ədəd rəngli fotoşəkilləri A. bir gün əvvəl, yəni 09 aprel 2014-cü il tarixdə sevdiyi oğlanla şirin münasibətlərini düzəltməsi üçün ona vermişdir. Sonda İham Mirzəyevin təqdim etdiyi 1600 avro pullar və iki ədəd rəngli fotoşəkillər tərəfindən ayrı-ayrı kağız zərflərdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, heç bir şikayət, təklif daxil olmamış və iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.

Cinayət işi üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Camalov Rövşən Məhərrəm oğlu və Səfərov Emil Nizami oğlu, şahid K.H.Əlimərdanov da eyni məzmunlu ifadə vermişlər.

(ardı olacaq)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar