Yarmarkada iştirak etmək istəyən arıçıların seçimi aparılıb

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat (ATT) ASC, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 28-də açılacaq arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasına hazırlıq işləri davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən virtualaz.org-a bildiriblər ki, bu gün Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələrindən ibarət birgə işçi qrupu tərəfindən yarmarkada iştirak üçün daxil olan müraciətlərə baxılıb. Məlumat üçün bildirək ki, ilk dəfə olaraq yarmarkada qeydiyyat onlayn olaraq həyata keçirilib. Ümumilikdə, daxil olmuş 485 nəfərin müraciətinə baxılıb və onlar arasından yarmarkada iştirak tələblərinə uyğun olan 300 arıçı seçilib.

Qaydalara əsasən, yarmarkada iştirak edə bilmək üçün təsərrüfat sahibinin minimum 20 arı ailəsi olmalıdır. Seçim zamanı arıçıların subsidiya üçün müraciət edib-etməməsi, daha əvvəlki yarmarkalarda iştirakı zamanı yarmarka qaydalarına riayət etməsi, neqativ hallara yol verib-verməməsi, həmçinin məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğunluğu da nəzərə alınıb.

İştirakı təsdiqlənmiş arıçılara müraciət zamanı qeyd etdikləri telefon vasitəsilə sms-bildirişlər göndəriləcək və onlara məhsullarını gətirəcəkləri vaxt barədə məlumat veriləcək. Bal nümunələri 13-24 sentyabr tarixində Aqrar Tədarük və Təchizat ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında qəbul olunacaq.

Xatırladaq ki, hər bir arıçı yarmarkaya hər bir arı ailəsi üzrə 10 kiloqram olmaqla, maksimum 400 kiloqram bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq haqqına sahibdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar