ƏHALİ AZALMALIDIR Kİ, "UŞAQ PULU" VERİLSİN? - Primitiv və təhqiramiz "əsaslandırma"...

Bəzi məmurlar və deputatlar kasıb-kusubun balasına 5-10 manat “uşaq pulu” verməməkdən ötrü görəsən daha nələr fikirləşəcəklər, nə izahlar, nə əsaslandırmalar tapacaqlar? Gah deyirlər camaatı ələbaxım etmək istəmirik, gah deyirlər hamıya “uşaq pulu” versək, bundan pula ehtiyacı olmayan imkanlılar da bəhrələnəcəklər, gah da sözlərindən belə çıxır ki, hansısa ailəyə ünvanlı sosial yardım verilirsə, deməli oradakı uşaqlar yağ-bal içində yaşayırlar və onların əlavə “uşaq puluna” ehtiyacları yoxdur və s.

Ancaq gün kimi aydındır ki, bunlar hamısı sadəcə bəhanələrdir. Məsələn, ölkə başçısı bir gün çıxıb desə ki, uşaq pulu mütləq verilməlidir, bu gün həmin məmurlar, deputatlar öz sözlərini geri oxuyacaqlar... Bu dəfə prezidentin növbəti təşəbbüsünü, humanist addımını göylərə qaldırmaq üçün dəridən-qabıqdan çıxacaqlar. Problemli kreditlər məsələsində hamımız bu mənzərənin şahidi olduq. Kreditlərin silinməsinin mümkünsüz olduğunu və doğru addım olmadığını deyənlər 3 gün sonra başqa “hava çaldılar”...

Mətbuatda yayıılan məlumatlardan belə aydın olur ki, “uşaq pulu”nun verilməsinin əleyhdarları sırasına Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli də qoşulub. Nazir müşaviri tənbəllik etməyib, bunu hərtərəfli əsaslandırmağa çalışıb.

Müşavirin dediyinə görə, Azərbaycanın sosial müdafiə sistemi şəhid ailələrindən, müharibə əlillərindən tutmuş az təminatlı ailələrə, ailə başçısını itirmiş ailələrə, əmək qabiliyyətini müvəqqəti itirmişlərə və s. qədər bütün kateqoriyalara qayğı göstərir və bu qayğının nəticəsi həmin ailələrərdə yaşayan uşaqların da sosial təminatında özünü əks etdirir. Ona görə də, müşavirin dediyindən belə nəticəyə gəlmək olur ki, “uşaq pulu” filan verməyə əsas, ehtiyac qalmır. Yəqin ki, bu həm də nazirliyin və nazirin mövqeyidir...

Ancaq ondan və uşaq pulunun qatı əleyhdarlarından soruşan yoxdur ki, ölkənin sosial müdafiə sistemi reallıqda bütün aztəminatlı, kasıb ailələri əhatə edə bilirmi? Bütün ehtiyacı olanlar heç olmasa ünvanlı sosial yardım ala bilirmi və verilən yardımın məbləği ailələrin layiqli təminatına bəs edirmi?

Yaxşı, uşaqların sosial təminatı lazımi səviyyədədirsə, “uşaq puluna” ehtiyac yoxdursa, camaat nədən bu qədər isarar edir, niyə sözügedən mövzu bu dərəcədə aktuallaşıb və müzakirə olunur? Niyə əhalinin böyük qismi, həmçinin müstəqil iqtisadçılar, ekspertlər “uşaq pulunun” bərpasına tərtəfdardır, niyə kütləvi halda müraciətlər olunur, sosial şəbəkələrdə, cəmiyyətdə müzakirələr aparılır?

M.Abbasbəylinin daha bir arqumenti isə budur ki, Azərbaycanda demoqrafik, yəni sadə dildə desək, əhalinin artımı məsələsində problem yoxdur. Sitat: “İndi gəlin müzakirə edək görək Azərbaycanın demoqrafik problemi var ya yox. Məncə yoxdur, sizcə varsa müzakirə edək.”

Ondan əvvəl eyni fikirləri deputat Musa Quliyev də demişdi. "Azərbaycan əhali artımının aşağı olduğu, demoqrafik problem yaşayan ölkələrdən olmadığı üçün belə addımın atılması zərurəti yoxdur."-deyə deputat bildirmişdi.

Yəni kobud dilə tərcüməsi budur ki, əhali onsuz da artıb-törəyir, ac ya tox. On görə də bunlara dünyaya uşaq gətiriblər, böyüdürlər deyə pul filan vermək lazım deyil. Əslində, bu yanaşma çox dayaz, primitiv, hələ bir az da uzağa getsək, qeyri-etik və millət üçün təhqiramiz bir yanaşmadır. Mütləq əhali sayı azalmalı, ailələr çətinlik, işsizlik, imkansızlıq ucbatından dünyaya uşaq gətirməkdən imtina etməlidirlərmi ki, bunlar camaata 5-10 manat pul verməyə razılaşsınlar? Digər tərəfdən, uşaqlara görə ödənişlər yalnız demoqrafik problemi olan ölkələrdəmi edilir?

Bir də səsləndirdiyi fikirlərin kontekstində yaxşı olar ki, hörmətli nazir müşaviri M.Abbasbəylinin özünün personasına və karyerasına diqqət yetirək. Əvvəlcə qeyd edək ki, əsasən hüquqşünas peşəsinə sahib olan M.Abbasbəyli uzun müddət sığorta və avtomobil sahəsində fəaliyyət göstərən şirkətlərdə rəhbər vəzifələr tutub və yəqin ki, maddi durumu da pis deyil. Yəni ki, birbaşa əhalinin sosial müdafiəsi sisteminə, buradakı problemlərə yad adam olub.

Ancaq bəlkə də sistem üçün yad olmaq da ciddi problem deyil. Çünki bu boşluğu peşəkarlıq, bacarıq kimi xüsusiyyətlərlə doldurmaq olar. Əsas məsələ doğrudan da kasıb, “qara camaatın” ehtiyacını, çətinliyini, ağrısını duymaq, hiss etməkdir ki, bax bu sarıdan sual doğuran məqamlar var.

Həmin sualların nədən qaynaqlandığını anlatmaq üçün isə hörmətli müşavirin bioqrafiyasına aid bəzi məqamları nəzərinizə çatdıraq: Mətbuatda yayılan məlumatlardan aydın olur ki, 1980-ci ildə anadan olan M.Abbasbəyli Aslan Abbasovun oğludur.

Aslan Abbasov isə müxtəlif illərdə Gəncə Partiya Komitəsinin katibi, şəhər sovetinin deputatı, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı, 1990-cı ildən 2000-ci ilə qədər Milli Məclisin deputatı, parlamentin komissiya sədri və müavini, elmi-tədqiqat institutlarından birinin direktoru, Sumqayıtdakı Səthi Aktiv Maddələr Zavodunun direktoru kimi vəzifələrdə çalışıb. Hazırda isə Azərbaycan Texnologiya Universitetinin prorektorudur.

Böyük ehtimalla belə vəzifələr daşıyan atanın oğlu “uşaq pulu”na heç vaxt ehtiyac duymayıb. Nə geyindiyi paltara, ayaqqabıya, nə məktəbə apardığı nimdaş çantaya görə xəcalət çəkməyib, dərslərə də yarı ac, yarı tox girməyib... Əlavə şərhə ehtiyac qalırmı?

Cəlal Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Araz 2019-09-13 09:38:56

Mustafa və Musanın milliyyəti araşdırılmalıdır.Bədənində Azərbaycanlı qanı axan şəxs belə düşüncədə ola bilməz.İqtidar bəzən şüarlar buraxır ki,"Uşaqlar bizim gələcəyimizdir!" Bəs normal , bədənində milli qan axan insan gələcəyinə xor baxa bilərmi? Deməli bu məsələyə qəlbsiz,düşüncəsiz və həm də yalnız Azərbaycan milətinə düşmən olan millətin nümayəndələrinin baxması mümkündür.

Cəfər 2019-09-13 09:38:56

Görün əhali kimlərin vasitəsilə təhqir olunur.Bunlar başa düşə bilmirlər ki,1950-1960-cı illərdə hər ailədə 4-6 uşaq doğulurdu və onlar təmin olunurdu.!970-1980 -cı və sonrakı illərdə doğum sayı təminatsızlıq üzündən 1-2-yə salındı.Ç1nki dolanış qəsdən çətinləşdirildi.ailələrin maddi vəziyyəti uşaqları böyütməyə imkan vermədi.Bunu hər bir yaşlı nəsil gözəl bilir.Ona görə belə siyasətin davamı Azərbaycanda doğum sayını azaltdı.İndi isə əhalinin əsas hisssinə verilən maaş, müavinət ailəni normal təmin etmir

t.ədalət 2019-09-13 09:38:56

Bu Musa Qliyevin millətin xeyrinə hansısa fikrini eşitmədik.Vəzifədə qalmaq üçün hər şey etməyə hazır olan bu adamın elmi də həmin səviyyədədir.Əlbəttə,hər kəs özünü əməlləri ilə tarixə yazır.Heç kim və heç nə əbədi deyil.Bu tarixin oxunduğu vaxt gələcək..

Isa 2019-09-13 09:38:56

Çox səlis aydınlatmaya görə müəllifə ancaq təşəkkür düşür

pensioner 2019-09-13 09:38:56

Bu yaxınlaradək S.Müslümov və ona züy tutan bir sıra deputatlar,məmurlar maaşların,pensiyaların normal olduğunu deyib onların artırılmasına ehtiyac olmadıqlarını isbat edirdilər.Sonra isə qonşu dövlətlərə baxaraq ağ elədiklərini başa düşüb "utandılar".İndi də məmurların ağızlarını qapayıb çənələrini qonşulara tərəf yönəltmək lazımdır.

Edalet 2019-09-13 09:38:56

Eger men fehleliimle ,min ezabla uwaqlarimi boyudurem,dovletde deir ki mennen hec bir komeylik gozleme,onda hansi haqqla balami 18 yawi olan kimi mecbur aparir gulle qabagina.Olendede deir veten sagolsun.Varmi bele bir veten dunyada ????Allah her wei gorur!

AAgahuseyn 2019-09-13 09:38:56

Hörmətli CƏLAİ Müə.yazıya ğörə cox saq ol.UŞAQ pulunun verilməməsinə qarşı cıxan kim varsa onlar harın,qudurmuş və ayda 50-100-min AZN qazananlardır.Hara olsun haram oqurladıqları.VALLAH nə özümün nə də yaxın qohumlarımdan uşaq pulu alacaq ailə yoxdur.ANCAQ bu pula ehtiyacı olan qaz-işıq-su və diğər komunal xərcləri ödəyə bilməyən ailələr cox-coxluq təşkil edir.CƏN.PREZİDENT xaiş edirəm bu qurbaqaların ğölünə bir daş at.Hörmətlə seciciniz və YAP-cı.SİYAVİŞ,ELDARVƏ VƏ M QULİYEV HAKLIDIRLAR.

hHəmid 2019-09-13 09:38:56

Burada heç şərhə ehtiyac da yoxdur. Hamı uşaq olub. Bəs bunlar necə bu kiçik təzminatın əleyhinə çıxırlar? Bu adamların yəqin ki, ya psixoloji, ya da uşaqlara qarşı aqressiya problemi var. Bəlkə də bu adamlar varlandıqdan sonra elə şeylərlə qidalanırlar ki,onların qanları dəyişib ürəklərində bu millətə, bu millətin balalarına nifrət yaranır. Bilmək olmaz. Hər halda Dünyaya goz açan günahsız uşaqlara da köməklik göstərməmək üçün səfeh-səfeh nağıllar danışanlar dünyaya layiq adamlar deyil.

eloqlu 2019-09-13 09:38:56

Ushaq pulu verilmelidi. !!!!!!! Özûnûzû artisdiye qoymayin !! Vallahi ayibdi . Allah kecmeyecek etdiyiniz gûnahlari ? BILESIZ )))))))

Veteran 2019-09-13 09:38:56

Weherde bilirsiniz ne qeder AA seriyali axirinci model "Lexus" cip var? Men bir weyi anlamiram Bakinin icinde bu yekelikde xidmeti mawin neye lazimdir? Bu mawinla ova gedirler yoxsa memur dawiyirlar? Bes ne eceb hemde memur dawimaq ucun deyeri 170-180 min manat olan bele bahali xidmeti mawin almaga vesait tapilir? Gozel qeyd olunub, sabah Cenab Prezident bu meseleye musbet munasibet bildirse yaltaxlar surusu deyecek ki, bu coxdan gozlenilen bir qerar idi! Biz bunu lap uwaqliqdan gozleyirdik! Sagol Celal!

Hörmətli Cəlal Məmmədov 2019-09-13 09:38:56

Bismillahir-Rəhmanir-Rəhim Əziz həmvətənlər! Hörmətli Cəlal Məmmədov cənablarına bu yazıya görə çox sağolsun ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinink kim olduğuna əməli başlı aydınlıq gətirdi. "Не в бровь, а в глаз".Deyəsən xoruzun quyruğu görünür.Hörmətli nazir S.Babayev görün özünə necə müşavir sekib! Bu müşavirin ağzından” od püskür!” ": Bu müəllim öz “amplua”sına sadiq qalaraq ictimai fikiri azdırır və diletant yanaşmadır, Bu bəyi belə vəzifəyə gətirilməsində üzərində “güclü əl”in olduğunu anlamaq çətin deyil. Hörmətli S.Babayevi nazir vəzifəsinə təyin olunandan sonra yazdığım 15 şikayətə indiyə kimi cavab almamışam. Hətta 3 dəfə yazdım ki, “Prezidentə şikayət edəcəm” bunu da diqqət etmədı.Bununla dememək istəyir ki, “get, kimə istəyirsən, şikayət elə” Bir məsəl var,”Burda mənəm “Bağdadda Kor xəlifə” ! Niyə nəticə çıxarmırır? ! Bu nazir məsuliyyət hissini itirib.Belə nazirin belə müşaviri olar.....Hörmətl oxucular bu müşavir yazır ki,“İndi gəlin müzakirə edək görək Azərbaycanın demoqrafik problemi var ya yox. Məncə yoxdur, sizcə varsa müzakirə edək”.Hörmətli nazir və onun müşavirinə bir sual 1.5 ildə Təqaütçü, Qarabağ müharibəsinin veteranın kimi sizə yazdığım çox saylı şikayətimə nə vavt cavab verəcəksiniz?

Son yazılar