Ukrayna parlamenti Donbasın xüsusi statusu haqda qanun qəbul etdi

Sentyabrın 16-da Ukrayna Ali Radası prezident Pyotr Poroşenkonun göndərdiyi layihəyə baxaraq Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqda qanun layihəsini qəbul edib.

“Media forum” saytı xəbər verir ki, qanuna əsasən, üç il ərzində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında xüsusi yerli özünüidarəetmə qaydaları tətbiq olunur, ərazilərdə şəhər, qəsəbə, kənd şuralarının qərarı ilə xalq milisi dəstələrinin yaradılması yer alır.

Dövlət Donetsk və Luqanskda baş vermiş hadisələrin iştirakçılarına qarşı təhdid, cinayət təqibi və inzibati cəzaların tətbiq olunmayacağına zəmanət verir.

İctimai və şəxsi həyatda, rus dili və ya istənilən başqa dilin istifadəsi hüququ tanınır, Donbas bölgəsinin sosial-iqtisadi inkişafına Ukraynanın dəstəyi vəd olunur. Sənəd Rusiya Federasiyasının inzibatı vahidləri ilə sərhədyanı saziş əsasında mehriban qonşuluq münasibətlərinin dərinləşməsini də nəzərdə tutur.

Parlament Ukrayna dövlətinə qarşı silah qaldırmış separatçılara amnistiya tətbiqini nəzərdə tutan qanunu da qəbul edib.

Bu ilin fevral-mart aylarında Rusiya Qərblə sıx inteqrasiya yolu seçən Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra cənub-şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib.

İyun ayından Ukrayna Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün müdafiəsi üçün qəti hücuma keçib. Minlərlə insan itkisinə başa gələn əməliyyatlarda Donetsk və Luqansk vilayətlərinin bir hissəsi azad olunub. Sentyabrın 3-də Donbas bölgəsində atəşkəs elan olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar