"Gülər Əhmədovanı Ramiz Mehdiyev həbs etdirib ki, ağzını açmasın"- Elşad Abdullayev

«Məni ona görə zərərçəkmiş kimi tanımırlar ki, Ramiz Mehdiyevi məhkəmə məsuliyyətindən qorusunlar»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev keçmiş deputat Gülər Əhmədovanın məhkəmə iclasında onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.

“Azadlıq”ın sorğusuna cavabında ABU-nun rektoru bildirib ki, qardaşı, MTN-nin zabiti Mahir Abdullayev Ilqar Əliyevin (ölkə başçısı Ilham Əliyevin əmisi oğlu - red.) sifarişi ilə oğurlanıb: “Son 10 ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bilavasitə havadarlığı ilə Gülər Əhmədova və onun nəzarətində olan mediada mənim haqqımda yaymadıqları yalan, böhtan və ünvanıma söyləmədikləri təhqir qalmayıb. Gülər Əhmədova məhkəmədə deyir ki, onu sərhəddə yoxlayıb üstündən disk axtarırdılar. Bununla o, Ilham Əliyevə və Ramiz Mehdiyevə mesaj verir ki, ağzımı açdırmayın, məndə gizli video var. Məlum məsələdir ki, Gülər Əhmədovanı biz tutdurmamışıq. Onu bu oyuna salan Ramiz Mehdiyev həbs etdirib ki, ağzını açmasın. Necə olur ki, mənim üstümə gələn çoxsaylı MTN, DIN-in zabitləri hamısı dələduz kimi məhkəmə məsuliyyətinə cəlb olundu, oğurluğu edən əsas mütəşəkkil cinayətkar dəstə isə məhkəmə məsuliyyətindən kənarda qalır? Ancaq sağlam fikirli hər kəs, ABŞ Dövlət Departamentinin və Avropa Şurasının hesabatında qeyd edildiyi kimi sizin və Ramiz Mehdiyevin günahkar olduğuna şübhə etmir. Gülər Əhmədova, əgər cəsarətiniz çatırsa, əlinizdəki gizli videları yayın. Əks halda sizi də Sevinc Babayevanın taleyi gözəyir. Əgər cəsarətiniz varsa, düz danışın. Oğurlanmış MTN zabiti Mahir Abdullayevin geri qaytarılması üçün aldığınız pulu Ramiz Mehdiyevə vermənizi etiraf edin”.

Elşad Abdullayev sorğumuza cavabında qeyd edir ki, qardaşı Mahir Abdullayev oğurlanan günün səhəri - 14 oktyabr 2003-cü ildə səhər saat 8-9 radələrində Gülər Əhmədova Sevinc Babayeva ilə birlikdə ABU-ya gəldilər: “Mənim iş otağımda söhbət etdik. Gülər Əhmədova dedi ki, qardaşımın qaytarılmasında Ramiz Mehdiyevlə aramızda vasitəçi olacaq. O bildirdi ki, yalnız Ramiz Mehdiyev mənim qardaşımı geri qaytara bilər. Ramiz Mehdiyev qardaşımı oğurlatdırıb Gülər Əhmədova vasitəsi ilə məndən bir milyon aldı. Sonra ABU-nu almaq istədilər. Ən sonda deputat oyununu ortaya atdılar. Ramiz Mehdiyevin başlıca məqsədi ABU-nu ələ keçirmək idi. MSK mənim deputat olduğumu elan etdi. Sonradan ləğv etdilər və mən pozulmuş hüquqlarımı bərpa etmək məqsədi ilə bütün inistansiyalardan keçərək Konstitusiya Məhkəməsinə qədər şikayət etdim. Onların məqsədi mənə kömək deyil, deputat mandatı almağıma mane olmaq idi. Izi də azdırmaq məqsədi ilə üstümə çoxsaylı MTN və DIN zabitlərini göndərdilər”.

ABU rektoru yazır ki, Gülər Əhmədovanın cəsarəti varsa, işin əsas şahidi Sevinc Babayevanı Ramiz Mehdiyevin sifarişi ilə necə qətlə yetirməsi barəsində danışsın: “Sevinc Babayevanı Istanbula məcburi sürgün edib, türkiyəli iş adamı Səlcuq Ağlayanın vasitəsi ilə qətlə yetirdilər. Hacı Məmmədov da qətlə yetirdiyi onlarla günahsız insanlar barəsində də Ramiz Mehdiyevin oyuncaq Məhkəmə Tibb Ekspertləri arayış vermişdilər ki, onlar xəstəlikdən ölmüşdülər. Ancaq Hacı Məmmədov məhkəmə prosesində onları osminoqun sifarişi ilə qətlə yetirdiyini dedi. Əgər Gülər Əhmədova bunları deyə bilmirsə, bir qardaşı oğurlanmış və biri də Ramiz Mehdiyevin ”Qurd Qapısı" restoranında zəhərlənmiş, min cür müsibətlərlə üzləşmiş zərərçəkmişə və bu işdə günahsız qətlə yetirilmiş şahidlərə böhtan atmamağınız məsləhətdir. Bir hüquqşünas kimi hesab edirəm ki, gec-tezi həqiqət öz yerini tapacaq. Məni Gülər Əhmədovanın məsələsində ona görə zərərçəkmiş kimi tanımırlar ki, Ramiz Mehdiyevi məhkəmə məsuliyyətindən qorusunlar. Çünki mən zərərçəkmiş kimi tanınsam hörmətli “akademik” Ramiz Mehdiyev və MTN zabiti Mahir Abdullayevin oğurlanması sifarişini verən şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Qaununvericiliyinin tələblərinə görə istintaq və məhkəmə məsuliyyətinə cəlb olunmalıdır. Məhz buna görə zərərçəkəni susdurmaq üçün bütün vasitələrdən istifadə edirlər".

Elşad Abdullayev ölkə başçısı Ilham Əliyevin 4 oktyabr 2012-ci il sərəncamı ilə yaradılmış Baş Prokurorluq yanında Müstəqil Istintaq Komissiyasından söz açıb: “Müstəqil Istintaq Komissiyası Mahir Abdulayevin oğurluq işini aça bilmirsə, bu o deməkdir ki, prokurorluq Ilham Əliyevi saymır. Yaxud da Ilham Əliyev özü bilavasitə bu işlərin içərisindədir. Prezident olan şəxs əgər öz vətəndaşının ailəsinə öz ailəsi kimi, vətəndaşının uşağına öz uşağı kimi, vətəndaşının qardaşına öz qardaşı kimi baxmırsa, o, xalqa xəyanət edir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar