“Onun bir səhvi var idi – mənim kadrım olmağı...” – İlyas İsmayılov öldürülən keçmiş məhkəmə sədrindən danışdı

“Bəzi informasiya portallarının Tovuz rayonunda qətlə yetirilən Firudin Ələkbərli barədə yazdıqları qətiyyən doğru deyil”.

“AzPolitika.info”-nun məlumatına görə, bunu Ədalət Partiyasının sədri, ölkənin sabiq Baş prokuroru və Ədliyyə naziri İlyas İsmayılov bu gün Tovuzda qətlə yetirilən keçmiş məhkəmə sədri Firudin Ələkbərli barədə danışarkən deyib. O, “ovqat.com” saytına bu barədə açıqlama verib.

Azərbaycan Respublikasının ilk Ədliyyə naziri olan və 1992-1995-ci illərdə bu vəzifəni icra edən İlyas İsmayılov Firudin Ələkbərlinin niyə Tovuz Rayon Məhkəməsinin sədri vəzifəsindən uzaqlaşdırılmasına da aydınlıq gətirib:

“O, həmin vəzifəyə mənim təşəbbüsümlə təyin edilmişdi. Mən istefa verəndən sonra yerimə təyin olunan Südabə Həsənova sırf şəxsi qərəz zəminində Firudin bəyi işdən çıxartdı. Əsas məqsəd isə məhkəmə orqanlarını mənim kadrlarımdan təmizləmək idi. Başqa sözlə desək, Firudin Ələkbərlinin bir səhvi vardı - mənim kadrım olmağı”.

Firudin Ələkbərlinin çox savadlı və ədalətli kadr olduğunu deyən İlyas İsmayılov onun heç bir zaman kimisə şantaj edəcək əxlaqda olmadığını, nahaqqı haqqa satmadığını, həmişə xalqı, milləti düşündüyünü bildirdi: “Ölkənin iri məmurlara bağlı mətbu orqanlarında Firudin Ələkbərlinin neqativ profilini yaratmaq cəhdlərini görür və buna hiddətlənirəm. Azərbaycan xalqının mentalitetində ölünün nüfuzu ilə oynamaq adət-ənənəsi olmayıb. Milli mentalitetimizə zorla bu mənfi xarakterləri sırıyanlar unutmasınlar ki, ölüm hər kəsin alnına yazılıb və heç bir ölü danışa bilmir. Yalan ittihamlar ölülərin ruhlarını və yaxınlarını narahat edir”.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar