“TANAP niyə 12 milyard dollara başa gəlməlidir?” - “Hürriyet” qəzeti

Türkiyə parlamenti TANAP qaz boru kəmərinə dair Ev Sahibi Hökumət Anlaşmasındakı dəyişiklikləri təsdiqləyib.

Virtualaz.org Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, razılaşma sənədinə görə Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qaz 800 kilometrlik TANAP boru xətti ilə Türkiyənin Avropa sərhədlərinə çatdırılacaq.

Kəmərlə nəql olunacaq 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyənin daxili tələbatına yönəldiləcək. Sazişə edilən əlavələrə görə, Türkiyənin dövlət şirkəti BOTAŞ TANAP-la nəql olunacaq qaz üçün Eskişehir çıxışında 79 dollar, Trakya çıxışında 102 dollar daşıma haqqı ödəyəcək.

Qəzetin yazdığına görə, Türkiyənin bəzi enerji mütəxəssisləri bu rəqəmi “astronomik” hesab edir. Orta hesabla Türkiyə TANAP-dan alacağı qaz üçün hər min kubmetrə görə 90 dollar ödəyəcək. Türkiyə TANAP-da 30 faizlik paya malik olduğu üçün bu pulun 27 dolları geri qayıdacaq. Nəticədə Türkiyə TANAP-dan alacağı 6 milyard kubmetr qaz üçün hər 1000 kubmetrə görə 63 dollar əlavə pul ödəyəcək.

Ekspertlərin qənaətinə görə, bu düzəlişlər nəticəsində Azərbaycan qazı Türkiyə üçün ən bahalı qaz ola bilər. Hesablamalara görə, TANAP-dan Türkiyənin alacağı qazın qiyməti 400 dollardan yuxarı olacaq.

Ekspertlər hesab edirlər ki, əgər BOTAŞ özü investisiya qoyub Türkiyə ərazisindən Azərbaycan qazını Avropa sərhədlərinə qədər nəql etsəydi, 1000 kubmetr üçün daşıma xərci 13 dollardan çox olmazdı.

Digər ekspertlərin fikrincə, BOTAŞ TANAP-a 3,6 milyard dollar investisiya yatırmalıdır. Çünki TANAP layihəsinin 12 milyard dollara başa gələcəyi gözlənilir və bu investisiyanın 30 faizi Türkiyənin payına düşür. Rəylərə görə, əgər BOTAŞ bu pulu öz kəmərlər sisteminə yatırsaydı, daha artıq nəql gücü əldə edərdi.

Enerji çevrələrindəki mənbələr bildirir ki, BOTAŞ daşıma haqqını azaltmağa çalışsa da Azərbaycan tərəfi “TANAP-a böyük yatırım qoyuram, bu yatırımın bir hissəsini də daşıma xərci olaraq geri qaytarmağı nəzərdə tuturuq” deyir.

Türkiyəli mütəxəssislər hesab edir ki, TANAP-ın 12 milyard dollara başa gəlməsi anlaşılmazdır. Çünki bu kəmər üçün borular Türkiyədən alınacaq, işçi qüvvəsi də yerli işçi qüvvəsidir.

“BOTAŞ bu kəmərə qoyduğu investisiyanın az bir hissəsini öz kəmərlər sisteminə qoysaydı, daha yaxşı nəticə əldə edərdi” - deyə mənbə bildirir.

Lakin digər ekspertlərin fikrincə, TANAP kimi strateji layihələri sadəcə iqtisadi tərəfdən nəzərdən keçirmək lazım deyil.

“Bu sazişə imza atan adamlar xain deyil. Bu qazın Türkiyəyə gəlməsi lazımdır. Ən baha qaz olmayan qazdır. İmza atanların da məntiqi budur. 2018-ci ildən etibarən Türkiyənin gətirə biləcəyi başqa qaz yoxdur. Türkiyənin isə əlavə qaza ehtiyacı var” - deyə mənbə bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar