“HƏSƏN ƏLİYEV BAŞ PROKUROR OLMAQ İSTƏYİRDİ” – Zakir Qaralov prokuroru niyə işdən çıxardı?

Baş prokuror Zakir Qaralov bu sistemdə kadr dəyişikliyilə bağlı əmr imzalayıb. Əmrə əsasən, paytaxtın Nərimanov rayonunun prokuroru Fikrət Mahmudov və onun müavini Cavid Quliyev vəzifəsindən azad edilib.

Prokurorluqdakı bu kadr dəyişikliyilə bağlı hələlik rəsmi məlumat verilmir. Amma prokuror və müavininin gözlənilmədən vəzifədən çıxarılmasının səbəblərilə bağlı müəyyən məlumatlar var. Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirir ki, Zakir Qaralovun əmrinin son günlər müzakirə mövzularından birinə çevrilən “icra başçısı olmaq üçün 1 milyon dollarlıq bazarlıq”la əlaqəsi var. Söhbət uzun illər Binəqədi rayon məhkəməsinin sədri, 2007-ci ildən sonra bu ilin fevralına qədər isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevin Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollara icra başçısı təyin etdirmək barədə vəd verib, pulun bir hissəsini - 600 min manatını alması, bu məqsədlə onu bir xeyli yüksək vəzifəli məmurlarla görüşdürməsi və s. məsələlərdən bəhs olunan cinayət işindən gedir. Məsələ burasındadır ki, həmin cinayət işində Nərimanov rayonunun prokuroru və onun müavininin də adı keçir. Onların hər ikisi bu iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilib.

Prokuror Fikrət Mahmudov və müavininin konkret bu işə aidiyyətinə gəlincə, qeyd edək ki, Ramazan Səlimovdan 600 min manat hər dəfə 300 min manat olmaqla iki dəfəyə alınıb. Birinci 300 min Nərimanov rayonu ərazisində, metronun “Gənclik” stansiyasının yaxınlığında verilib.

Bundan başqa, üstündən xeyli vaxt keçsə də, nə vəzifəyə təyin olunduğunu, nə də pulunun qaytarıldığını görən Ramazan Səlimov məhz Nərimanov rayonu ərazisindəki 16-cı polis bölməsinə şikayət edib. Həsən Əliyev ondan şikayət edildiyini öyrənəndən sonra müəyyən tanışları vasitəsilə bu işi “düzüb-qoşmaq” qərarına gəlib, bu məqsədlə Nərimanov prokurorluğu ilə də danışıqlar aparılıb. Hətta prokurorluq bir dəfə Ramazan Səlimovun şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib və bununla bağlı konkret qərar qəbul olunub.

Prokuror və müavininin birlikdə, özü də məhz indi vəzifədən azad olunması Zakir Qaralovun əmrinin yuxarıda qeyd olunan cinayət işilə əlaqəli olduğunu düşünməyə əsas verir.

Nərimanovun prokuroru və onun müavininin məhz bu işə görə vəzifələrindən çıxarılması ehtimalının ciddiliyini AzPolitika.info-ya daxil olmuş digər məlumatlar da təsdiq edir. AzPolitika hələ bu ilin fevral ayında yazmışdı ki, Həsən Əliyev ölkənin baş prokuroru təyin olunmaq üçün çox ciddi cəhdlər edib.

Bizə daxil olan məlumatlardan belə görünür ki, Həsən Əliyevin hakimlikdən qovulmasının yeganə səbəbi onun R.Səlimovdan 600 min manat alıb qaytarmaq istəməməsi deyil.

Belə ki, H.Əliyev iş adamından icra başçısı təyin etdirmək vədi ilə aldığı pulun “üstünü də düzəldərək” özünün yüksək vəzifəyə təyin olunması üçün hansısa ünvana ötürüb. Mənbə deyir ki, Həsən Əliyev xeyli sayda daşınmaz əmlakını da sataraq külli miqdarda – 2 milyon manat vəsaiti hansısa ünvana çatdırıb ki, onun yüksək vəzifəyə təyinatına kömək etsinlər.

“Kimlərsə bu adamın sadəlövhlüyündən və vəzifə hərisliyindən istifadə edərək külli miqdarda pulunu almışdılar. Bir ara hətta inanmışdı ki, onu baş prokuror təyin edəcəklər. Zakir Qaralov Almaniyada əməliyyat olunanda sevincindən yerə-göyə sığmırdı ki, bu gün-sabah baş prokuror olacaq.”

Mənbə deyir ki, Zakir Qaralovun iş başına qayıtdığını görən Həsən Əliyevə daha sonra başqa bir vəd verilib – deyilib ki, verdiyi pulun qarşılığında Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsinə təyin olunacaq. “Xeyli vaxtdır bu təyinatı gözlədiyini gizlətmirdi. Bu söz-söhbət məhkəmənin hazırki sədri Mahmud Nəbiyevin də qulağına çatmışdı. Ona görə də ələ düşən ilk fürsətdə “ipini kəsdilər”.

Mənbə əminliklə deyir ki, Həsən Əliyevin hakimlikdən qovulmasının əsas səbəbi, törətdiyi dələduzluq əməlindən daha çox Baş prokuror və Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri postuna can atması olub.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar