İran öz qazını Türkiyəyə necə baha satdı?

Türkiyə İrandan aldığı qazın min kub metrinə 492 dollar ödədiyi halda, həmin dövrdə Azərbaycan qazını 321 dollara alırmış.

Bu barədə Türkiyənin "Tərəf" qəzeti 2013-cü ilin son aylarının rəqəmlərinə istinadən məlumat yayıb. Məlumatdan belə aydın olur ki, İran qazı Türkiyəyə, hətta "Mavi Axın" qazından da 68 dollar baha başa gəlib.

"Tərəf" yazır ki, ötən il dekabrın 17-də Türkiyədə baş verən məlum korrupsiya qalmaqalı bu ölkənin "dilini qısa eləyib".

"İran əsilli iş adamı Rza Zərrabın da əsas fiqurlardan biri kimi adı keçən bu qalmaqalla bağlı sənədlərdən bir sıra ölkələrdə Türkiyə əleyhinə istifadə olunur. Bu ölkələrin başında isə İran gəlir. Türkiyədə korrupsiya və rüşvət əməliyyatının ortaya çıxmasından sonra İran hökuməti öz ölkəsində məsələ ilə bağlı istintaqa başlamışdı. İstintaq zamanı Türkiyəni çətin vəziyyətə salan bir sıra sənəd və məlumatlar əldə edilib.

Enerji və Təbii Sərvətlər Nazirliyindəki mənbələrdən əldə edilən məlumata görə, bağlı qapılar arxasında həmin sənədlərin Türkiyə və digər ölkələrə göndərilməsinə dair bazarlıq başlayıb. Bu çərçivədə keçirilən görüşlərdə İran xoşniyyətli olduğunu göstərmək üçün Türkiyənin əvvəlki illərdə Arbitraj məhkəməsində qaldırdığı iddiadan imtina etməsini istəyib. Bu iddia Enerji Nazirliyi koridorlarında yüksək vəzifəli bürokratlar tərəfindən dilə gətirilir. İran ilə sənədlərlə bağlı danışıqları isə Enerji Nazirliyi bürokatları deyil, başqa qruplar aparır. Türkiyə sözügedən iddianın geri götürülməsi məsələsində heç bir qərar verməyib. Enerji Nazirliyi bürokratları isə bu məsələdə alınacaq qərarın hökuməti çətin vəziyyətə salacağını deyirlər.

Türkiyənin İrandan aldığı qaza rekord miqdarda pul ödəməsi AKP hökumətini küncə sıxışdırıb. 2002-ci ilin sonunda hakimiyyətə gələn AKP hökumətinin ilk işi Türkiyə Böyük Millət Məclisində Korrupsiya Araşdırma Komissiyasının qurulması olmuşdu. Komissiyanın gördüyü işlər nəticəsində Məsud Yılmaz hökumətinin bir çox nazirlərinin fəaliyyətini araşdırmaq üçün istintaq komissiyası yaradılmış, həmin nazirlər Ali Məhkəmədə mühakimə edilmişdi. O dönəmlərdə "Mavi Axın" layihəsi üçün imzalanan sazişlə Türkiyənin böyük bir zərərə uğradığı iddia edilmişdi. Bu gün isə İrandan alınan qaza "Mavi Axın" xəttilə alınan qazdan da çox pul ödənilməlidir", - deyə "Tərəf" qəzeti yazır.

Məqalədə İranın bu məsələ ətrafında atdığı addımlardan da bəhs olunur: "İran itmiş 200 milyard dollarını Türkiyə, Dubay və Malayziyada axtarır. Dövlətin 200 milyard dollarını axtaran İran gizli xidməti enerji qaynaqlarını satan fiziki şəxslərin izinə düşmüşdü. İran rəsmiləri bu məsələ ilə əlaqədar Rza Zərrabın belə işlərinin olduğunu sübut edən sənədlər əldə etdiklərini açıqlamışdılar.

"The Financial Times" qəzeti hələ 6 iyun 2013-cü il tarixli sayında bu məsələyə geniş yer ayırmış, jurnalist Najman Bozorgmehr bunları yazmışdı: "İran neftini satıb pulunu Xəzinəyə yatırmayanlar bütün bu baş verənlərin Qərbin sanksiyalarına qarşı bir hiylə olduğunu iddia edirlər. Amma onlar əslində, İran xalqına qarşı hiylə işlədiblər". /azadliq.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar