NEFT BAZARI YENƏ ÇALXALANIR - “Trampın tvitlərinə yox, uzunmüddətli faktorlara baxırıq”

OPEK üzvü olan ölkələr və bu təşkilata daxil olmayan digər tərəfdaşlardan ibarət koalisiya (onu bəzən OPEK+ adlandırırlar) Vyanadakı növbəti yığıncağını dekabrın əvvəlində keçirəcək. Bu toplantıda neft bazarlarının 2020-ci ildən sabitləşməsi üçün hansısa fəaliyyətlərin görülməsi ilə bağlı məsələlər həll ediləcək.

Rusiya energetika naziri Aleksandr Novak bildirib ki, o, ABŞ prezidenti Donald Trampın tvitlərinə yox, uzunmüddətli bazar faktorlarına daha çox diqqət ayırır.

“CNBC” televiziya kanalının aparıcısı Hadli Qambl Novakdan Amerika prezidentinin sosial şəbəkələrdə OPEK-in siyasətini tənqid etməsi barəsində soruşub. Belə ki, Trampın çıxışı, hər necə olsa da, qiymətlərə təsir edir. Novak deyib: “Biz neftin qiymətinə təsir göstərə biləcək bütün faktorlara baxırıq. Bizim üçün xüsusilə mühüm olan məsələ tələb və təklif arasındakı balansdır. O ki qaldı Trampın bəyanatına, biz görürük ki, bu bəyanatlardan sonra qiymət ya qalxır, ya da enir. Lakin bir müddət keçdikdən sonra yenidən əvvəlki vəziyyətinə qayıdır. Ona görə də, mən hesab edirəm ki, bu əsas faktor sayıla bilməz. Əsas faktor sözlərdə deyil, əməldədir”.

Rusiya Energetika naziri Əbu-Dabidə keçirilən müştərək monitorinq komitəsinin iclası yekunlaşandan sonra bu cür şərhlə çıxış edib. Bu toplantıda OPEK normadan artıq neft hasil edən ölkələri razılaşdırılmış həcmə qayıtmağa dəvət edib.

Bu il OPEK neftin qiymətlərini çətinliklə sabit saxlayır, çünki ABŞ-dakı neft hasilatı artır. Digər yandan isə dünya iqtisadiyyatının böyümə tempi ləngiyir ki, bu da qiymətlərin aşağı düşməsinə böyük təsir edir. Belə bir sual da meydana gəlir ki, doğrudanmı OPEK və onun müttəfiqləri neft bazarlarına ciddi təsir göstərirlər?

- Neft qiymətləri

Ən güclü neft hasil edən ölkələrdən ibarət olan OPEK, 2019-cu ilin əvvəlində gündəlik hasilatın 1,2 milyon barel azaldılması barədə qərar çıxarıb. OPEK ölkələri arasındakı bu cür ilk razılaşma 2017-ci ilin yanvarında da əldə edilmişdi. 2019-cu ilin yanvarından isə həmin sövdələşmə uzadılıb. OPEK-ə daxil olan İraq və Nigeriya kimi üzv ölkələr son aylar hasilatın kvota həddini aşırlar. Əbu-Dabidakı toplantıda İraqın neft naziri Tamer Qadbanla yanaşı oturan Aleksandr Novak OPEK çərçivəsində bütün üzvlərin tam şəkildə öz öhdəliklərini yerinə yetirmələrinin vacibliyini xüsusilə qeyd edib. Tamer Qadban söz verib ki, razılaşmanı tam yerinə yetirmək üçün 1 oktyabr tarixindən İraq hasilatı azaldacaq.

Bu yaxınlarda “Sberbank”-ın rəhbəri Qerman Qref Moskva maliyyə forumundakı çıxışı zamanı bildirib ki, ölkə gələcəkdə yaşana biləcək böhranlara hazır deyil. O, əlavə olaraq deyib ki, neftin qiyməti 40 dollardan aşağı düşə bilər. Yəni neftin qiymətinin düşəcəyi ilə bağlı proqnozlar ABŞ və Çin arasında gedən ticarət müharibəsinin daha da intensivləşəcəyi ilə əlaqələndirilir. Çünki bu iki ölkə arasındakı gərginlik ümumdünya iqtisadiyyatını durğunluğa sürükləyə bilər.

Digər tərəfdən isə Yaxın Şərqdəki hadisələri də unutmaq olmaz. Son iyirmi il ərzində neftin qiymətinin kəskin qalxışı yox, enişi müşahidə olunub. Neftin qiymətində yüksəliş həmişə tədricən baş verib. Ona görə də, böyük miqdarda neft hasil edən ölkələri ən çox narahat edən məsələ proqnozların özünü doğrultmamasıdır. Çünki qiymətlərin kəskin enişi qəflətən olur. Çox böyük ehtimalla, OPEK və digər iri neft hasilatçıları baş verə biləcək qiymət şokunu önləməyə çalışırlar.

Səudiyyə Ərəbistanının neft sənayesinə dron hücumundan sonra neftin qiymətinin kəskin bahalaşmasının isə nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar