“İNSANLARIMIZ BİR-BİRİNƏ İNANARAQ İŞLƏMƏYƏ BAŞLADILAR…” – “Möcüzə ölkə”nin səfiri ilə söhbət

Dərc olunub: 17/09/2019 - 19:30

““Böyük-20-lər”in üzvü olmağımızın əsas səbəbi insan faktorudur”

koreya sef 1

Çağdaş dünyamızın ən heyrətəmiz uğur hekayələrdən biri Cənubu Koreyanın industrial ölkə kimi inkişafıdır. Cənubi Koreya bir neçə on il ərzində aqrar ölkədən ən müasir texnologiyalar, mühəndis xidmətləri, avtomobillər ixrac edən dövlətə çevrilməyi bacardı.

Cənubi Koreyanı xarakterizə edən ən fərqli xüsusiyyətlərdən biri işlərin sürətlə görülməsi və yaradıcı yanaşmadır. 1960-cı illərdə ölkə əhalisinin 72 faizi kənd yerlərində yaşayırdı, iki 10 ildən sonra isə ixrac ildə 30-40 faiz artmağa başladı. Bu cür sürətli iqtisadi möcüzəni yalnız Cənubi Koreya həyata keçirə bilərdi. O səbəbdən ki, islahatlar, iqtisadiyyatın yenidən qurulması, innovasiyaların tətbiqində Cənubi Koreya əsl nümunə ola bilər.

Cənubi Koreya şirkətləri Azərbaycanda da böyük layihələri həyata keçirib. Cənubi Koreyanın ölkəmizdəki səfiri ilə söhbətimizdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, Seulun dünyada və regionda baş verən hadisələrə baxışı, ölkəmizdə həyata keçirlən islahatlardan söz açmışıq.

“AzPolitika.info” Koreya Respublikanın Azərbaycandakı səfiri cənab Kim Tonq Opun müsahibəsini təqdim edir.

- Cənab səfir, 27 ildir ölkələrimiz arasında qarşılıqlı əlaqələr mövcuddur. Başda siyasi əlaqələr olmaqla, bir sıra sahələrdə münasibətlər yüksək səviyyədədir, ikitərəfli səfərlər təşkil olunur. Amma uzun zamandır ölkə başçıları səviyyəsində səfərlər olmur. Yaxın gələcəkdə bu səviyyədə səfərlər gözlənilirmi?

– Sizin də qeyd etdiyiniz kimi, son zamanlar ikitərəfli əlaqələrdə ölkə başçıları səviyyəsində səfərlər azdır. Ölkələrimiz arasında əlaqələr qurulduqdan sonra 2006-cı ildə Koreya Prezidenti Ro Mu Hyun Azərbaycanda, 2007-ci ildə Prezident İlham Əliyev Koreyada olub. 2012-ci ildə Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində İlham Əliyev də iştirak edib. Yəni o vaxtdan indiyə kimi 3 dəfə ölkə başçıları səviyyəsində səfər olub.

Bəlkə də mətbuatda o qədər də işıqlandırılmayıb, lakin bu müddət ərzində bizim yüksək rütbəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri də təşkil edilib. 2009-cu ildə Milli Məclisin sədri Oqtay Əsədov Koreyada, 2012-ci ildə Koreya Milli Assambleyasının sədri Park Hi Te Azərbaycanda səfərdə olub. Qarşılıqlı rəsmi səfərlər bu vaxt ərzində davam edib. Siz düz deyirsiniz ki, ölkə rəhbərlərinin səfərləri bu müddət ərzində baş verməyib. Ümid edirik ki, yaxın gələcəkdə belə səfərlər baş tutacaq. Düşünürəm ki, Prezident Mun Çje İn uyğun vaxtda Azərbaycana rəsmi səfər edəcək.

- Ötən il ölkələrimiz arasında ticari dövriyyə səhv etmirəmsə, 150 milyon ABŞ dolları olub. Bu ilin 7 ayı ərzində bu rəqəm nə qədər olub? Ticarət dövriyyəsinin artırılması üçün potensial görürsünüzmü?

– Ümumiyyətlə, ticarət dövriyyəsi və yaxud sərmayənin həcmi kimi statistikaları əzbərləmək bir az çətindir. Çünki Azərbaycanın göstərdiyi statistika ilə Koreyanın göstərdiyi statistika bir-birindən fərqlənir.

- Statistik rəqəmlərin fərqli olmasına səbəb nədir?

– Bu statistik göstəricilər beynəlxalq standartlara uyğunlaşdırılır. Məsələn, Koreyadan avtomobillər Çinə ixrac edilir. Azərbaycan da eyni qayda ilə avtomobilləri Çindən idxal edir. Sizin ölkənin statistikasında Azərbaycana Koreya avtomobillərinin idxal olunduğu göstərilsə də, bizim statistikada o göstərilmir, çünki biz o avtomobilləri Çinə ixrac etmişik. Buna görə də statistika fərqlənir. Siz ötən il ölkələrimiz arasında ticari dövriyyənin 150 milyon ABŞ dolları olduğunu qeyd etdiniz. Amma bu rəqəm Koreyada 70 milyon dollar göstərilir. Fikirləşirəm ki, burada Azərbaycan statistikasından istifadə olunmalıdır. Çünki Koreyadan o məhsulun hara getdiyi vacib deyil. Əsas odur ki, məhsul Azərbaycana daxil olub və məhsul hansı ölkəyə məxsusdur.

- Olmazmı sizin istehsal etdiyiniz avtomobillər Çindən deyil, birbaşa Koreyadan alınsın?

– O avtomobilləri Çindən idxal etmək həm tranzit xərcləri, həm də vaxta qənaət cəhətdən sərfəlidir. Çünki bizneslə məşğul olan insanlar çalışır ki, etdikləri işdən bir az da artıq xeyir götürsünlər. Buna görə də daha rahat yoldan istifadə edirlər. Bilirsiniz ki, son zamanlar böyük şirkətlər adətən öz zavodlarını xarici ölkələrdə açırlar, məhsullarını orada istehsal edir, satırlar. Buna misal olaraq Samsung və Hyundai şirkətlərini göstərmək olar. Onların Rusiyada, Çexiyada, Slovakiyada, Polşada zavodları var. Şərqi Avropadakı zavodlarda istehsal olunan Samsung smartfonları Azərbaycana idxal edilir. Koreya məhsulları olsa da, bizim statistikada bu məhsulların Azərbaycana idxal olunduğu göstərilmir. Sualınıza cavab olaraq prosesin necə baş verdiyini izah etdim. Sualınıza dəqiq cavab verərək bildirmək istəyirəm ki, Azərbaycan Statistika Komitəsinin məlumatına əsasən, bu ilin son 7 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 91 mln ABŞ dolları olub.

- Bu günə kimi Koreya Azərbaycan iqtisadiyyatına nə qədər sərmayə yatırıb və bu, daha çox hansı sahələri əhatə edir?

– Bu günə kimi Koreya Azərbaycana 5 milyon 350 min ABŞ dolları məbləğində sərmayə qoyub. Sərmayəni daha çox zavodların tikilməsinə yatırırıq. Misal olaraq, Sumqayıtdakı Karbamid Zavodunun adını çəkə bilərəm. Sizə gəlincə, Azərbaycanın Koreyaya qoyduğu ümumi sərmayə 297.000 dollar olub. Fakt odur ki, 2014-cü ildə Dövlət Neft Fondu (ARDNF) Koreyada daşınmaz əmlak alıb. Bu daşınmaz əmlak kompleksinin ümumi qiyməti təxminən 400 milyon dollardır. Bu, statistik rəqəmlərdə göstərilmir. Yəni bura Azərbaycan Dövlət Neft Fondunun Koreyada aldığı daşınmaz əmlakın xərci daxil deyil.

korey sef 2

- Bəs bu rəqəmin göstərilməməsi nəylə bağlıdır?

– Beynəlxalq mühasibatlıqda standartlar fərqlidir. Bizdəki qaydalar belədir ki, başqa yerlərdən gələn pulla Koreyada əmlak alınırsa, həmin o əmlakla Koreyaya daxil olan pul sərmayə sayılmır. Koreyadakı qaydaya görə həmin bu şirkət dollarla pul gətirib, dollarla nəysə alıb, onun pulunu ödəyib. Sizə ölkələrimizin qoyduğu qarşılıqlı sərmayələrlə bağlı yuxarıda rəqəmləri açıqladım. Amma bu rəqəmlərə baxdıqda, ölkələrimiz arasında əlaqələr daha yüksək olmalıdır. Məsələn, sizdə olan neft-qaz və Koreya şirkətlərinin Azərbaycana daxil olaraq bura sərmayə qoya bilmək həcmləri. Əslində, potensial rəqəmlər daha da böyükdür və rəqəmlər artmalıdır.

- Cənab səfir, Koreya şirkətlərinin Azərbaycanda bir sıra sahələrdə uğurları danılmazdır. Məsələn, Bakı Olimpiya Stadionun tikintisi, Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin yaradılması, Azərsu ASC-nin baş ofis binasının tikintisi və bir çox layihələri buna misal çəkə bilərik. Hazırda hər hansı layihələr varmı ki, Koreya şirkətləri bunları həyata keçirəcək?

– İndi Azərbaycanda Koreyanın böyük şirkətlərindən biri olan Herim İnşaat Şirkəti var. Bu şirkət kiçik və böyük layihələrdə iştirak edir. Hazırda Koreyanın bu və ya digər formada iştirak etdiyi üç böyük layihə var ki, bunlar “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”, Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzi və magistral yollarda ödəniş üçün turniketlər layihələridir. Koreya şirkətlərinin marağını son vaxtlar SOCAR-ın Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və neft-kimya kompleksi – “SOCAR-GPC”- layihəsi də cəlb edir. Eyni zamanda Azərbaycan İstilik Elektrik Stansiyasının modernləşdirilməsi layihəsi. Tender hələ elan olunmasa da, Koreyanın “POSCO INTERNATIONAL CORPORATİON” və digər nəhəng şirkətləri bu layihəyə maraq göstərir və elan olunacaq tenderdə iştirak etməyi planlaşdırır.

- Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan Koreya “Böyük 20-lər” (G20) qrupunun üzvüdür. Koreya idmanın, təhsilin, səhiyyənin, iqtisadiyyatın, bir sözlə, həyat səviyyəsinin yüksək olduğu ölkədir. Koreya bütün bunlara necə nail oldu və bir səfir kimi hazırda intensiv islahatlar həyata keçirən Azərbaycana nə kimi tövsiyə verə bilərsiniz?

– Azərbaycandan əvvəl iki dəfə Rusiyada işləmişəm. Azərbaycan və Rusiya neft-qaz cəhətdən zəngin olması baxımından, iqtisadiyyatın bu tərəfi ilə bir-birilə oxşardı. Rusiyada işlədiyim dövrdə səfirimiz Rusiyanın İqtisadiyyat naziri ilə görüşmüşdü. Səfir həmin görüşdə belə bir ifadə işlətmişdi: “Rusiya yeraltı sərvətlərlə zəngin olması ilə çox xoşbəxt ölkədir. Hətta mənim sizə paxıllığım tutur”. Bu sözdən sonra nazirin üz ifadəsi dəyişib və cavab verib ki, “xeyir, yeraltı sərvətlərə sahib olmaq heç də yaxşı hal deyil. Neft və qaza sahib ölkəyik, bunu bütün xalq bilir və onlar işləməməyə çalışır. İqtisadi sistemi nə qədər yaxşı qursan da, xalqın işləməməsi buna ziyan verir. Buna görə də bizim yeraltı sərvətlərimiz olmasaydı, xalqımız özünə gələrdi və işləyərdi”. O söhbətdən sonra Azərbaycanda da bir neçə dəfə yeraltı sərvətlərə sahib olmağın gözəl olduğunu qeyd etmişəm. Koreya əhalisinin sayı çox olsa da, ərazisi çox kiçikdir, hətta Xəzər Dənizindən də kiçikdir. Ölkənin ətrafında böyük dövlətlər var, beynəlxalq aləmdə siyasi cəhətdən çoxlu təzyiqlərə məruz qalıb. Lakin bu gün, sizin qeyd etdiyiniz kimi, “Böyük-20”-lərin üzvü olmağımızın əsas səbəbi insan faktorudur.

Dünya səviyyəli şirkətlərimiz var və bunun səbəbi odur ki, bizim söykənməyə bir yerimiz yoxdu. Hər şeyə özümüz nail olmalıyıq. İnsanlarımız bir-birinə inanaraq işləməyə başlayıb. Təhsilə çox əhəmiyyət veriblər. Çətin vaxtlardan necə üzüağ çıxıb inkişaf etmişik? Bir çox ölkələrdən dəstək əldə etmişik ki, onlardan ən nümunəvisi ABŞ-dır. Qeyd etdiyim kimi, Koreyada təhsilə çox diqqət verirlər. Amma həmin vaxtlarda ölkəmizdə oxumaq üçün yaxşı şərait yox idi. Buna görə də, gənclərimiz təhsil üçün böyük ölkələrə üz tuturdu. Getmək üçün vəsait çatmırdı və onlar ABŞ-ın təhsil sahəsinə ayırdığı təqaüd vasitəsilə gedib oxuya bildilər. Prezident İlham Əliyevin hazırda qeyri-neft sahəsinin inkişaf etdirməsi niyyətini belə başa düşürəm ki, neft-qaz Azərbaycana bəxş olunan gözəl hədiyyədir. Amma biz bu hədiyyə ilə kifayətlənməməliyik. Neft və qazla kifayətlənsək, gələcəyimiz ola bilməz. Neft və qazın daha səmərəli istifadəsi üçün müxtəlif işlər görməliyik – çalışmalıyıq, oxumalıyıq, təhsil almalıyıq. Bunun üçün də azərbaycanlı gənclər inkişaf etmiş bir çox ölkələrə təhsil almağa gedib, Azərbaycana xeyir vermək üçün geri qayıdır. Bununla da qeyri-neft sektorunu inkişaf etdirməyə çalışırlar.

- Rusiyalı nazir kimi mən də eyni fikirdəyəm, nefti olan xalqlar heç də xoşbəxt deyil. Zənnimcə, neftdən əldə olunan gəlir şəffaf istiqamətdə, xalqın rifahı naminə xərclənərsə, o zaman neft ölkəsinin xalqı xoşbət olar, başqa sahələri də dirçəldə bilər, ölkə inkişaf edər…

– Düz qeyd edirsiniz… Daha dəqiq desək, neftə sahib ölkələrin xalqı düşünür ki, neft var, başqa ölkələrlə rəqabətə girib heç də gəliri yüksəltmək lazım deyil, çünki neft və qaz yaxşı satılsa biz yaxşı yaşaya bilərik. Zənnimcə, onlar düşünməlidir ki, yeraltı sərvətimiz var, çox səmərəli sataq, başqa sahələri də inkişaf etdirək, daha güclü olaq.

- Cənubi Koreya və Şimali Koreya arasındakı uzun fasilədən sonra yenidən təmaslar başladı. ABŞ-Şimali Koreya danışıqları bölgədəki gərgin vəziyyəti nisbətən yumşaltmağa imkan verdi. Bu diplomatik təşəbbüslərin perspektivini necə görürsünüz?

– Bu məqamda Şimali Koreyanın nüvə problemini vurğulamaq yerinə düşər, hansından ki, danışmağa başlasaq 3-4 gün vaxt sərf etməli olarıq. 1945-ci ildə Koreya Yaponiyanın tərkibindən azad olundu, 1950-ci ildə Şimali Koreya ilə müharibə başladı. Buna görə də həmin məsələlərdən danışmaq lazım olsa, o dövrdən başlayıb, indiyə kimi danışmaq gərəkdir. Çünki bir-birilə çox böyük əlaqəsi var. Ümumiyyətlə, Cənubi Koreya Şimali Koreyanın eyni xalq olduğunu düşünərək həmişə onlarla birləşməyə hazır vəziyyətdədir. Amma Şimali Koreya Cənubi Koreyaya ABŞ-ın bir müttəfiqi kimi baxır. Elə bilir ki, Şimala hücum etmək üçün Cənubi Koreya hər an hazır vəziyyətdədir. Buna görə də, Şimali Koreya Cənubu bir düşmən gözündə görür. 1990-cı ildən Şimali Koreya nüvə silahını inkişaf etdirməyə, təcrübədən keçirməyə başlayıb. BMT TŞ buna qarşı bir çox qətnamələr qəbul edib. Lakin Şimali Koreya bunların heç birinə əhəmiyyət verməyib. ABŞ-ın keçmiş prezidenti B.Obamanın dövründə ABŞ və Şimali Koreya arasında heç bir əlaqə yox idi. Sadəcə xüsusi bir siyasət tətbiq olunurdu ki, bu, strateji səbr siyasəti idi. Bu siyasətə görə, Şimali Koreya nüvə silahından əl çəkməyənə qədər Amerika ilə heç bir danışıqlar olmayacaq. Amma D.Tramp hakimiyyətə gəldikdən sonra bu ölkənin liderləri ilə danışıqlar başladı. Beynəlxalq aləm də Şimali Koreyanın nüvə silahından əl çəkməyəcəyini açıq şəkildə göstərməsini tələb edir. Ancaq bundan sonra Şimali Koreya beynəlxalq aləmdə iştirak edə bilər. O zamandan bu günə kimi Şimali Koreya və ABŞ arasında siyasi danışıqlar davam edib. Bir şeyi də nəzərinizə çatdırım ki, bu siyasi danışıqlar Koreya yarımadasındakı gərginliyin azalmasına səbəb olacaq və gözlənilə biləcək hər hansı silahlı toqquşmanın da qarşısını alacaq. Bu danışıqlar davamlı olmalıdır və nəticə əldə edilməlidir.

- Son vaxtlar qlobal miqyasda ticarət müharibələri geniş vüsət alıb. Bu, dünya iqtisadiyyatının artım sürətini aşağı salıb. Xüsusən, ixrac yönümülü iqtisadiyyata malik ölkələr əziyyət çəkir. Cənubi Koreyada bu vəziyyəti necə qiymətləndirirlər? Seul bu ticarət münaqişələrinin həlli yollarını necə görür?

– Koreyada belə bir atalar sözü var: “Nəhənglərin davasında kiçiklər əzilir”. Qeyd etdiyiniz kimi, Koreyanın özü ixracyönümlü iqtisadiyyata malik ölkədir və ixrac Koreya iqtisadiyyatının 70 faizini təşkil edir. Ölkələr arasındakı iqtisadi əlaqələrin inkişafı üçün azad ticarət və onlar arasında sülh əlaqələri olmalıdır. Koreya ilə bir çox sahələrdə əlaqələri olan ABŞ və Çin arasında belə bir ticarət müharibələrinin olması bizi də çox narahat edir.

Xüsusilə Çin və Amerika arasındakı bu ticari müharibələrin azad ticarətə mənfi təsir göstərdiyini görürük və bu bizi daha çox narahat etməyə başlayır. Bu cür müharibələrdə nəyisə qurban vermək qaçılmazdır. Çalışırıq ki, bu prosesi özümüz üçün şans kimi istifadə edək və vəziyyəti xeyrimizə dəyişək. Koreyanın iqtisadi strukturunu şaxələndirməyə çalışırıq. Əgər hər hansı bir bazardan aslılığımız varsa, müxtəlif bazarlardan istifadə etməyə çalışırıq. Danışıqlar necə olur olsun, Çin və Amerika arasında azad ticarəti saxlayacaq bir dərəcədə nəticələnməsini istəyirik. Dünyanın iqtisadiyyatının aparıcı ölkələri ABŞ və Çindir. Çünki çox böyük dövlətlərdi. Qalan Avropa Birliyinə daxil olan ölkələr azad ticarət qaydalarına riayət etdiklərinə görə onlarda heç bir problem yoxdur. ABŞ və Çin arasında olan bu ticari müharibədən dünyanın bir çox ölkələri, həmçinin Cənub-Şərqi Asiya ölkələri də əziyyət çəkir.

- Cənubi Koreya Qarbağ münaqişəsinin həlli ilə bağlı hansı mövqedən çıxış edir? Azərbaycanın bu istiqamətdə təşəbbüslərini necə dəyərləndirirsiniz?

– Dağlıq Qarabağ münaqişəsindən Koreya xalqı çox təəssüflənir. Çünki bu, Koreya xalqına dost, tərəfdaş olan bir xalqın faciəvi tarixidir. Dövlətimiz səviyyəsində bu münaqişənin dinc, diplomatik qaydalara uyğun şəkildə, münaqişə iştirakçılarının razı qala biləcəyi səviyyədə məntiqlə və sülh yolu ilə həllini istəyirik. Bilirsiniz ki, səfirliyimiz tez-tez qaçqın və köçkünlərlə bağlı tədbirlər həyata keçirir, onların yaşadığı əraziləri ziyarət edir, müxtəlif vasitələrlə təskinlik veririk. Yaxın günlərdə Koreya Səfirliyi və SEBA-nın birgə əməkdaşlığı çərçivəsində Qaradağ rayonu Qobu Park yaşayış kompleksində məskunlaşan məcburi köçkünlər üçün ikigünlük tədbir təşkil ediləcək. SEBA Koreya Şərq Təbabəti Klinikasının tibbi heyəti orada iynə akupunkturdan (müxtəlif növ iynə batırma) və müxtəlif müayinə və müalicə üsullarından istifadə edəcək. Həmçinin, məktəblilərə hədiyyələrimiz təqdim ediləcək. Sonda onu da qeyd edim ki, Azərbaycan Dillər Universitetində Koreya Mərkəzi fəaliyyət göstərir və oktyabr ayında orada “Koreya Guşəsi”nın açılışı olacaq. Bundan başqa, son zamanlar Koreya ədəbiyyatı Azərbaycan dilinə tərcümə edilməkdədir.

Laçın SƏMLA








loading...


Fikrinizi bildirin