“Mən Milli Şuranın qərarlarına sadiqəm”- Köçəri Nağıbəyli

El hərəkatı sədrinin müavini bir sıra saytların onun adından yazdığı xəbəri təkzib etdi

“Milli Şuranın bütün qərarlarına sayğı ilə yanaşıram, onlara sadiqəm. Cəmil Həsənli bizim prezident seçkilərində namizədimizdir. Biz seçki prosesində onu dəstəkləyəcəyik. Heç yerdə “El” hərəkatının adından çıxım etməmişəm. İlqar Məmmədovun namizədliyinin qeydə alınması üçün imza vermək mənim şəxsi təşəbbüsümdür. Fikrimcə, hakimiyyətlə ardıcıl mübarizə aparan insan kimi onun namizədliyinin qeydə alınmasına dəstək vermək Azərbaycanda demokratiya uğrunda mübarizə aparan bütün vətəndaşların borcudur”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında El hərəkatı sədrinin müavini Köçəri Nağıbəyli bir sıra saytların onun adında yazdığı xəbəri təkzib edərkən deyib.

Qeyd edək ki, sentyabrın 4-də aznews.az saytı Köçəri Nağıbəylinin bütün vətəndaşları Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə səs verməməyə çağırması haqqında xəbər yayıb. Xəbərdə bildirilir ki, Köçəri Nağıbəyli prezident kürsüsünə başqa bir iddialının xeyrinə çağırış edib: “El hərəkatının rəsmisinin xalqdan dəstək istədiyi namizəd isə ReAl Hərəkatının həbsdə olan sədri, prezidentliyə namizəd İlqar Məmmədovdur. K.Nağıbəyli bildirib ki, bu qərar onun şəxsi seçimidir və “El” Hərəkatında bununla bağlı heç kimin fikrini öyrənməyib: “El” Hərəkatında hamı müstəqil adamdır. Hər kəsin öz qərarı var. Mənim də qərarım odur ki, həbsdə olan mübariz bir adamı dəstəkləyim. Buna görə də xalqa çağırış edirəm ki, seçkilərdə İlqar Məmmədovu dəstəkləsinlər”.

Bizimlə söhbətdə Köçəri Nağıbəyli vurğuladı ki, bir sıra saytların xəbəri El hərəkatının mövqeyi kimi təqdim etməsini provokasiya sayır:“El hərəkatı Milli Şuranın üzvüdür. Biz Azərbaycanda demokratik seçki keçirilməsi üçün ciddi bir mübarizəyə başlamışıq. Şəxsən mən əqidəmi gündə dəyişən şəxs deyiləm. Bəllidir ki, bu günlər hakimiyyət El hərəkatın qarşı ciddi bir kampaniyaya başlayıb. Saxta ittihamlarla bizi mübarizəmizdən çəkindirmək istəyirlər, ancaq bir daha bildirirəm ki buna nail ola bilməyəcəklər. Dünən Milli Şuranın daha bir üzvü Rəşid Hacılı öz facebook səhifəsində İlqar Məmmədovun namizədliyinin qeydə alınmasına səs verməyə getdiyini yazmışdı. Bu, yetərincə normal yanaşmadır və Milli Şura ilə bağlı hər hansı öhdəliyin pozulması anlamına gəlməməlidir”.

Köçəri Nağıbəyli İlqar Məmmədovu müdafiə etməsində yerliçilik faktorunun olmadığını da bildirir. Yada salaq ki, ReAL sədri əslən Qərbi Azərbaycandan olsa da Bakıda doğulub:“Mənim bir şəxs olaraq İlqar Məmmədova səs verməyimin yerliçilik kontekstində təqdim dilməsinə də etirazımı bildirirəm. Mən düşünürəm ki, biz ReAL-ın sədrini də, həbsdə olan NiDA-çıları da, islamçıları da müdafiə etməliyik. Biz ədalətli cəmiyyət uğrunda mübarizə aparırıq, bu gün həmin insanlar ən böyük ədalətsizliklər üz-üzədirlər”.

El hərəkatının Milli Şuranın sentyabrın 3-dəki sessiyasına qatılmaması haqda suala isə belə cavab verib:“El hərəkatı dünən toplaşaraq hərəkat daxilində yaranan durumu müzakirə etdi. Ancaq təbii, Milli Şuranın son sessiyasına qatılmamağımızda qurumun El hərəkatına basqılara gözlənilən reaksiyanı verməməsi oldu. Müsavat Partiyası, İctimai Palatanın Koordinasiya Şurasının bir sıra üzvləri El-ə, şəxsən mənə qarşı böhtan kampaniyasını pisləyən bəyanatlarla çıxış etsələr də, Milli Şuradakı bir sıra partiyalar bu haqda susub. Təbii, biz bu yanaşmanı anlayışla qarşılaya bilmərik. Ən azından ona görə ki, biz həmin qüvvələrə qarşı hakimiyyətin apardığı təzyiq kampaniyalarında yetərincə fəal olmuşuq, açıq etirazlarımızı bildirmişik. Ancaq onu da bildirim ki, El hərəkatının Milli Şuradan çıxması ilə bağlı deyilənlər doğru deyil”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar