ABŞ VƏ RUSİYANIN QIRICI YARIŞI – İmkanlar o qədər qeyri-bərabərdir ki...

2019-cu ilin iyulundan Rusiya radarlara yaxalanmayan çoxfunksiyalı beşinci nəsil “Su-57” qırıcılarının alınmasına başlayıb. Silahlı qüvvələrlə bağlanan müqaviləyə əsasən 2028-ci ilə kimi 76 qırıcı alınması nəzərdə tutulur. Lakin bəzi ekspertlər burada söhbətin kütləvi istehsaldan getməsinə şübhəylə yanaşırlar. Çünki “Su-57”-lərin istehsal proqramı ilə əlaqdar çoxsaylı təxirəsalınmalar yaşanıb.

“Su-57” qırıcısının rəqibi sayılan “F-35” artıq yüzlərlə istehsal edilir. Rusiya hərbçilərinin təyyarə alışına nəzər yetirsək və həm də “Su-27” sovet proqramını yada salasaq, onda aydın olar ki, 76 qırıcının alışı yalnız ilk addımdır və istehsalın sürət tempi yaxın gələcəkdə arta bilər.

Əgər geniş mənada götürsək, ”Su-57” təyyarəsi “Su-27”-nin xələfidir. Vaxtılə “Su-27”-lər rəqibin ən yaxşı qırıcılarına qarşı havadakı üstünlüyü səmərəli səviyyədə təmin edə bilirdilər.

Hazırda “Su-57” Rusiyanın aerokosmik sənayesinin təklif etdiyi ən yaxşı texnologiyalarla təchiz edilib. Bu texnologiyaların işlənib hazırlanması çox böyük sərmayə tələb edir. Yəni qırıcılarda quraşdırılan cihaz və avadanlıqlar çox incə işlənmiş model olmalı və “Su-27”-dəki kimi uzun müddət ərzində xidmət göstərməlidir. ”Su-27” qırıcısını tam formada döyüş cərgəsinə qoşmaq üçün həyata keçirilən proqram çərçivəsindəki hazırlıq işlərinə 15 il vaxt sərf edilib. Prosesin bu cür uzun çəkməsinin başlıca səbəbi qırıcının korpusunun daima yenidən təkmilləşdirilməsiylə bağlı olub. Elə “Su-57” qırıcısının korpusunda da bir neçə dəfə dəyişiklik aparılıb. “Su-27” qırıcılarının işlənib hazırlanma prosesi bitəndən sonra bu təyyarələr ildə 60 ədəd istehsal sürətilə buraxılmağa başlanıb. Artıq 1990-cı illərin əvvəlində silahlı qüvvələrin döyüş cərgəsində yüzlərlə bu cür qırıcı vardı.

Hazırda Rusiya ordusunun lazımi sayda “Su-57” ilə təchiz ediləcəyini güman etmək olmaz. Hətta işlənib hazırlanma prosesi tamamilə başa çatsa da, bu çətin ki, mümkün olsun. Əgər nəzərə alsaq ki, 2028-ci ilə kimi bu qırıcıların sayı 76 ədəd olacaq, onda belə çıxır ki, ildə cəmi 9 təyyarə istehsal ediləcək. Bu isə, göründüyü kimi, “Su-27”-nin istehsal tempi ilə kəskin kontras təşkil edir.

Hərçənd ki, müasir ölçülərlə yanaşdıqda Rusiyanın müdafiə büdcəsi kifayət qədərdir, amma bu Sovet İttifaqının müdafiə xərcləri ilə heç bir müqayisəyə gəlməz. SSRİ-nin qısa müddət ərzində yüzlərlə “Su-27” almaq imkanı vardısa, Rusiya bunu özünə rəva görə bilməz.

Əgər “Su-57”-nin alınması ilə bağlı müqaviləni digər müasir Rusiya qırıcıları ilə müqayisə etsək, onda mənzərə bir qədər aydınlaşar. Məsələn, 2011-ci ildə 60 ədəd, 2015-ci ildə isə əlavə 75 ədəd “Su-30 CM” təyyarələrinin alınması ilə əlaqədar müqavilə bağlanıb.

İndi artıq bəlli olur ki, ”Su-57”-nin silahlı qüvvələrə verilməsi prosesi sovet dönəmindəki kimi sürətli getməyəcək. Ona görə də “Su-57”-nin istehsal prosesinin optimallaşdırılmasından ötrü yeni avadanlıqlar və texnologiyalar işlənib hazırlanmalıdır. Bundan sonra hansısa xarici alıcı tapmaq mümkündür.

İstənilən halda cəmi 76 qırıcının alınması müqaviləsinə laqeyid yanaşılmamalıdır. Düzdür, bu rəqəm sovet dövründəki vəziyyətlə müqayisə oluna bilməz, amma unutmayaq ki, indiki müqavilə müasir Rusiya aerokosmik sənayesinin xarakterinə tam uyğundur. (“The National İnterest”-ABŞ)

“AzPolitika”nın əlavəsi: Hər hansı bir ölkənin hərbi gücü, ilk növbədə onun iqtisadi potensialı ilə ölçülür. Yəni hərbi qüdrətin arxasında real resurs durmalıdır. İndi Rusiya özünü Amerika ilə müqayisə etməyə girişib. Rusiya televiziya kanallarında bu ölkənin böyük hərbi potensiala malik olması barəsində geniş profilli təbliğat aparılır. Ancaq nəhəng SSRİ dövründə belə təbliğat getmirdi. Real mənzərənin aydınlaşması üçün rəqəmlərə diqqət etmək yerinə düşər: 2020-ci il üçün ABŞ hərbi büdcəsinin 718 milyard dollar olması planlaşdırılır. Hazırda Rusiya müdafiə xərcləri 60 milyard dollardan azdır.

Sözsüz ki, silahlı qüvvələrin döyüş cərgəsinə müasir hərbi texnikanın lazımı vaxtda və müvafiq sayda qoşulmasını təmin edən əsas faktor müdafiə büdcəsinin böyüklüyüdür. Bu, sürətli istehsala güclü təkan verir. ABŞ-ın “Lockheed Martin” şirkəti indiyədək 425 ədəd “F-35 LightningII” qırıcısı istehsal edib. Layihənin ümümi dəyəri 56 milyard dollar, hər bir təyyarənin satış qiyməti isə təxminən 90 milyon dollardır. Onu da bildirmək lazımdır ki, bu təyyarənin hazırlanmasında həmçinin “Northrop Grumman” şirkəti də iştirak edir. Bu şirkət “F-35”-lərin sensor sistemlərini, avionikasını və proqram təminatını hazırlayır.

Əgər 2028-ci ildə Rusiya ordusu cəmi 76 ədəd “Su-57” təyyarəsi ilə təchiz olunacaqsa, onda müqayisə üçün deyək ki, bu müddətə kimi ABŞ Hərbi Hava Qüvvələri üçün 1800 “F-35” alınması nəzərdə tutulub. Digər tərəfdən isə, radarlara yaxalanmayan beçinci nəsil “F-35” qırıcıları İtaliya, Kanada, Norveç, Niderland, İsrail, Cənubi Koreya, Yaponiya, Belçika və Avstraliya silahlı qüvvələrinin də döyüş cərgəsində olacaq.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar